<b>Sərhəddə yaylıq söhbəti, Amerikaya təhdid, Sərçeşmənin gizlinləri... – <span style="color:red;">Səbuhi Məmmədli yazır </b>
14 may 2019 20:30 (UTC +04:00)

Sərhəddə yaylıq söhbəti, Amerikaya təhdid, Sərçeşmənin gizlinləri... – Səbuhi Məmmədli yazır

- Sən də ilk dəfədi gedirsən? Mən birinci dəfədir. Yox, həkimə getmirəm. Elə-belə, gəzməyə.

Əslən Şəmkirdən olan Yusif iki dostuyla birgə əvvəl Ərdəbilə, sonra Təbrizə gedəcəklər. Özləri demişkən, gəzməyə.

İlqar isə birbaşa Təbrizə gedəcək.

- Axşam saat səkkizə qədər çatmalıyam.

Sən demə, “Traktorsazi”nin oyununa gedirmiş. “Pers Canoobi Jam”la matça.

 

Biləsuvar. Azərbaycan-İran sərhədi. Səhər saat 8.00.

 

- Piyada keçidi yasaqdır.

Gənc azərbaycanlı sərhədçi dillənir.

- Gözləyin indi “Qazel” gələcək.

Beş dəqiqə keçmir ki, sınıq-salxaq mini-avtobus gəlir. Açığı, hər tərəfi müxtəlif metal parçaları ilə qaynaq olunmuş bu 4 təkərli nəqliyyat vasitəsinin modelini düz-əməlli təyin etmək də mümkün deyildi. Elə sərhədçi qardaşımız kimi biz də adını “Qazel” qoyduq. “Qazel” bizi düz keçid məntəqəsinə gətirib, geri qayıtdı. Çünki orada başqa yolçuları da məntəqəyə daşıyacaqdı.

İnsafən, Azərbaycan tərəfini az qala ildırım sürətilə keçdik. Həm sərhədçilər, həm də gömrükçülər heç bir əlavə sual vermədən bizi İran tərəfə yola saldılar.

Hə, sən demə əsil mərəkə burdaymış ki...

- Sistem xarab olub, gözləyin.

İran tərəfdə təxminən 200-ə qədər Azərbaycan vətəndaşı bu “sistem”in nə vaxt düzələcəyini gözləyir. Qoca, qadın, uşaq, xəstə iranlı zabitin zəhmli baxışları altında kirimişcə “sistem”dən xəbər gözləyir.

- Sən bu köynəyini çıxart, - Yusif dillənir.

İlqar:

- Niyə?

- Görmürsən üstünə “Los-Anceles” yazılıb

- Nə olsun ki?

- Qardaş, sən İrana gedirsən e.

Deyəsən, İlqara indi çatır. Ayaq yoluna girib, “Los-Anceles”i başqa köynəklə əvəz edir.

- Ay xanım, başını ört.

İranlı zabit azərbaycanlı qadınların birinə çımxırır.

- Örtmüşəm də, sizinkilər guya fərli gəzirlər? Hamısı başların açıb.

- Sizdən öyrəndilər də.

Gülüşürük.

- Gömrüyü keçəndə elan var, diqqətli olun. Nə gətirmək olar, nə yox. Sonra əlinizdən alıb tullamasınlar.

Bir saat gözlədikdən sonra “sistem” işə düşür. Sərhəd məntəqəsinə yığılmış kütlə yavaş-yavaş əriməyə başlayır.

Pasport yoxlanışından keçib, gömrüyə yaxınlaşırıq. Gömrükçü bayaq xatırlanan elanı göstərir. Hə, deyəsən sanksiyalar işini görüb. Təsəvvür edin, İrandan Azərbaycana toyuq, ət, yağ, düyü, pomidor, xiyar, hətta portağal belə gətirmək yasaqdır.

İran tərəfi də bizi əndrəbadi bir nəqliyyat vasitəsilə qarşıladı.

- Bu maşınlara minib, məntəqəni tərk edəcəksiz. Biletin qiyməti 1 manatdı.

Bunu da bir görəvli deyir. Mən dillənirəm:

- Sizin pulunuz manatdır?

- Baba, manat hamımızındır. Allah ona bərəkət versin. Bu tüməndən pul olmaz daha.

Və tam ciddi, 1 manatımızı verib, - İranda ha, - həmin o arabaya bilet alıb, çatırıq… dəlixanaya.

Vallah, doğrudan da eyni millətik. “20 yanvar” metrosu qarşısında qabağınızı kəsib Sumqayıt, Biləsuvar, Cəlilabad, Masallı, İmişli deyib qışqıran sürücülər yoxdumu, elə hesab edin ki, onlardı qarşınızda. İt yiyəsini tanımır...

Əllərindən güclə qurtuluruq.

Elə bir siqaret yandırmaq istəyirdik ki…

- Siqaret çəkmə! - başqa bir görəvli dillənir.

- Niyə baba?

- Orucluqdu.

- Mən oruc tutmuram axı...

- Tutanlar var axı.

- Hə, düz deyirsən. Bəs mən İranda siqaret çəkə bilməyəcəm?

- Niyə ki? Gizlicə çək. Elə burda da çəkə bilərsən.

Əliylə təxminən 100 metr aralıdakı açıq havada yerləşən restoranı göstərir.

- Orada çək. Sizinkilər üçün ayırıblar. Yemək də ye, çay da iç. Siqaretini də çək.

Çay içmək üçün ora yollanıram. Restoranın adı “Şəhriyar”dır. Əslən Neftçaladan olan bir oğlan işlədir. Çay 1 manat, ciyər kababı 3 manat. Tümən-filan yox ha, manat. Bizim Azərbaycan manatımız. Bu qüdrətli manat, düz Təbrizəcən tümənə alternativ və daha güvənli pul vahididir, sən demə.

 

***

 

Biz Ərdəbilə gedəcəyik. Ürəyimizdən rahatsızıq deyə, keçən dostlar Ərdəbildə tanınmış bir kardioloqun ünvanını veriblər.

Sərhəddən Ərdəbilə 180 km yoldur. Adam başına…hə, düz tapdız 5 manata aparırlar. 20 manata 180 km-lik yoldan sürücünün qazancı 15 manatdır. Bunun geri qayıtmasını da nəzərə alsaq, günə 30 manat indiki İran vətəndaşı üçün çox böyük puldur.

- Yolda bir yerdə saxlayarsan - sərnişinlərdən biri dillənir.

- Germini keçim, yolda bir çay içərik – bu da sürücümüzdür.

 

... Balaca bir kafedir. Çay 1 manat, “Kent” siqareti bizim pulla 85 qəpik. Hə, məhz qəpiklə. Burada bizim 5 qəpikliyi belə götürürlər. 100 kilometr yolumuz qalıb.

Sürücümüzdən soruşuram:

- Əmi, Əmrikənin qadağaları çox təsir edib?

- Təsir edib nədi, sənə qurban, İranda hal qalıb ki? Nəfəsimizi kəsiblər. Amma xeyri yoxdu. İrana heç nə edə bilməzlər.

- Gəlib dirənib boğaza e.

- Boğazların üzərik, bura İraq, Suriya deyil!

Elə inamlı cavab verir, sanki İranın müdafiə naziridir.

 

***

 

- Ərdəbildə hara gedəcəksiz?

- Sərçeşməyə.

- Hə, doxtura?

- Nə bildin?

- Sizinkilər bura doxtura gələrlər. Bütün doxturxanalar da Sərçeşmədədir.

Elə həmin doxturxana küçəsinə, Sərçeşməyə sürür maşını.

 

***

 

Bu yerdə qısa arayış. Ərdəbil İranın ostanlarından, vilayətlərindən biridir.

 

Ərdəbil ostanı inzibati cəhətdən 10 şəhristana ayrılır.

Biləsuvar, Ərdəbil, Germi, Xalxal, Kövsər, Meşkinşəhr, Nəmin, Nir, Parsabad və Səreyn şəhristanları.

İndiki dövrdə Ərdəbil bölgənin ən iri və mühüm şəhərlərindən biridir və burada çoxlu tarixi abidələr mövcuddur, əsasən Səfəvilər dövrünə aiddirlər. Bundan başqa, Azərbaycan Respublikasına gedən əsas avtomobil yolu Ərdəbildən keçir. Zəngin təbiəti ilə məşhur olan bölgənin ərazisində bir neçə çay və isti bulaqlar axır. Bu səbəbdən Ərdəbil turizm mərkəzinə çevrilib və bura hər il minlərlə turist gəlir.

Şəhərin gözəl tarixi abidələri, özünəməxsus memarlıq ənənələri, müqəddəs məscidləri, kilsələri, qədim körpüləri Ərdəbilə xüsusi əzəmət verir. Ticarət mərkəzi olan Ərdəbil bazarı xüsusi memarlıq tərzində tikilib. Bölgənin təbiəti insanları valeh edir. Savalan dağının ətrafında gözəl təbii vadiləri, Səreynin soyuq bulaqları turistlərin istirahətinə yazda və yayda yaxşı şərait yaradır. Şorabil və Nohur göllərinin ətrafında yaradılan istirahət zonaları beynəlxalq turizm standartlarına uyğundur. Bölgənin Azərbaycan Respublikası ilə sərhəd olması, Ərdəbilin iqtisadiyyatına və turizm infrastrukturunun inkişafına böyük təkan verir.

 

***

 

Bizim vətəndaşlar Ərdəbilə əsasən həkim yanına gəlirlər. Düzdür, ticarət məqsədilə gələnlər də var, amma bu qisim azlıq təşkil edir. Ticarət deyəndə, Təbriz, onun bazarı yada düşür. Bir qədər əvvəl bir hissəsi yanmış Təbriz bazarından geri qalmır Ərdəbil bazarı da. Hər ikisi doğrudan da mədəniyyət incisidir.

Bu mövzuya qayıdacağıq. Hələiksə, Sərçeşmədə klinikadayıq. Kardioloqun növbəsində. Adımı yazdırıb, ödənişimi edirəm. Təbii ki…manatla. Amma tümənlə də ödəyə bilərsən. Bizim pulla 35 manat ödəyirəm; bu məbləğə müayinə, kardioqram çıxarışı və həkimin resepti daxildir.

Təxminən 2 saatdan sonra növbə çatır. İçəri girmək istəyəndə… həkimin köməkçisi qarşımı kəsir:

- Ağa, bu adamı buraxaq, sonra sən keç.

- Axı mənim növbəmdir.

- Doxdur deyir ki, sən gözlə, bunu buraxaq.

Orta yaşı birisi. İçəri keçib, tez də çıxır. Sən demə, məmur imiş, özü də fars.

Hə, bu arada bunu da mütləq qeyd edək. Ərdəbildə əhalinin tərkibinə nəzər salsaq, rəsmi statistikaya görə, 90 faiz türklərdir. Farslar isə 2 faiz belə təşkil etmir. Amma belə bir reallıqla da üzləşməyə məcbursan.

Həkimə keçməzdən əvvəl yenə bir statistika.

İranda ildə 15 min ürək cərrahiyyəsi əməliyyatı aparılır. İran bədən üzvlərinin köçürülməsi sahəsində dünyanın ilk 10 ölkəsindən biri sayılır. Son 25 ildə İranda 25 min böyrək köçürülüb. Bu cəhətdən İran inkişaf etmiş ölkələrdən hesab olunur. Bu ölkədə orqan köçürülməsi üzrə 80 mərkəz fəaliyyət göstərir. Cənub qonşumuzda 30 tibb universiteti, 15 min sağlamlıq evi var.
 

İran İslam ölkəsi, bir qədər mühafizəkar cəmiyyət sayılsa da, cinsiyyət dəyişdirilməsi əməliyyatı ilk dəfə uğurla bu ölkədə gerçəkləşdirilib. Bu əməliyyat 5 min dollara başa gəlir. Əgər xəstənin bu qədər pulu verməyə gücü çatmırsa, o xərcin 50 faizini hökumət ödəyir. 

Statistikaya görə, İran hər il azı 50 adda yeni dərmanı dünya bazarına çıxarır.

Müayinədən sonra bir daha əmin oldum; bizim həkimlər iranlılardan heç də geri qalmırlar ki,  əksinə üstündürlər. Məsələn, məni müayinə edən həkimin qənaətinə görə… mən indiyədək , “nisyə” yaşayırammış. Vallah, zarafat etmirəm. Mən Bakıda, Kiyevdə əməliyyat olunduğumu, o həkimlərin yazdığı reseptlərdən istifadə etdiyimi desəm də, adam mənə bir sürü dərman yazdı.

Hətta israrla dedi ki, məhz bu dərmanları at. “Bəçeşm” deyib sağollaşdıq. Əslində, deməyim nə? Hə, razıyam, Tehranda və ya Təbriz və Məşhəddə, İsfahan kimi iri şəhərlərdə iri və ultramüasir klinikalar var. Ona qalsa, bizdə də var. Amma yerdə qalanları bizim sıradan klinikalardan fərqlənmir. Yəni İrandı, ucuzdu deyib, durmayın…

Həkimin ziyarətini tərk edib, şəhəri gəzirik. Sürücümüz Mahmud kişiylə…

 

(Davamı olacaq)

 

- Xomeyni azərbaycanlı əsgərə 7 hektar torpağı niyə bağışlamışdı?

- Şahın arvadı Fərəh Dibanı İranda niyə sevmirdilər?

- “Traktorsazi”ni niyə çempion olmağa qoymurlar?

- Və nəhəyət, İranda manatı niyə dollardan çox sevirlər?

 

Lent.az-da qalın...

Maraqlı olacaq!

 

# 2779
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar