<b>Paracüdoçularımız Qran-prinin ilk günündə <span style="color:red;">9 MEDAL  qazandı</b>
13 may 2019 19:49 (UTC +04:00)

Paracüdoçularımız Qran-prinin ilk günündə 9 MEDAL qazandı

Bu gün Bakıda keçirilən paracüdo üzrə Qran-Prinin ilk mükafatçıları müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutan yarışın ilk günündə 7 dəst medal sahibini tapıb.
 
Azərbaycan milli komandasının üzvləri günü 9 medalla başa vurub. Bunlardan üçü qızıl, üçü gümüş, üçü bürünc olub.
 
Belə ki, təmsilçilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli 4 rəqibini məğlub edərək finala yüksəlib. O, həlledici qarşılaşmada rumıniyalı Aleksandru Boloqa ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
 
66 kq çəki dərəcəsində Bayram Mustafayev finalda gürcüstanlı Giorgi Kaldani ilə güləşib. O, ilk üç döyüşdə uğurlu seriyasını davam etdirə bilməyib və ikinci yerlə kifayətlənib.  Bu çəki dərəcəsində komandamıza digər medalı Namiq Abaslı qazandırıb. O, 3-cü yer uğrunda görüşdə Giorgi Qamyaşvilidən (Gürcüstan) üstün olub.
 
73 kq çəki dərəcəsində Ramil Qasımov yarımfinala qədər irəliləsə də, məğlubiyyətə üzülüb. O, bürünc medal üçün almaniyalı Nikolay Kornhass ilə üz-üzə gəlib və tatamidən qalib ayrılıb. 
 
81 kq çəki dərəcəsində Hüseyn Rəhimli finala qədər irəliləyib. O, özbəkistanlı Davurxon Karomatovla çempionluq üçün güləşib və məğlubiyyətə üzülərək, fəxri kürsünün ikinci pilləsinə qalxıb. 
 
Qadın cüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq) finalda çinli Liqinq Li ilə qüvvəsini sınayıb. Döyüş həmyerlimizin asan qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz rəqibini cəmi 25 saniyəyə ippona salıb.
 
52 kq çəki dərəcəsində bürünc uğrunda qarşılaşmada yığmamızın iki üzvü üz-üzə gəlib. Bəsti Səfərova ilə Səbinə Abdullayevanın duelində birinci güclü olub. 
 
57 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Afaq Sultanovadan güclü olan Sevda Vəliyeva qızıl medal qazanıb.
 
Qeyd edək ki, Qran-pri sabah yekunlaşacaq. 
# 1555
avatar

Oxşar yazılar