Tanınmış cərrah niyə həbs edilib? - RƏSMİ MƏLUMAT
24 may 2017 10:20 (UTC +04:00)

Tanınmış cərrah niyə həbs edilib? - RƏSMİ MƏLUMAT

Gürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovn həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu açıqlayıb.

 

Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndirilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qara ciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir. 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib. Klinikada pasiyentlərə bildiriblər ki, onların qara ciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qara ciyər nəqli həyata keçirib. Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-a qədər klinikaya 40 min dollar ödəməli idi. “Əməliyyatların keçirilməsinə qədər “Lanseti” MMC-nin direktoru F.C. pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qara ciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib”, Gürcüstan Baş prokurorluğu bildirir. Qara ciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb.

 

Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkara çıxarılması üçün işləyir. Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir.

***

Lent.az-ın əməkdaşı "Lanset" klinikasıyla əlaqə saxlayıb. Klinikadan bildirilib ki, günortadan sonra "Lanset" tərəfindən baş verənlərlə bağlı rəsmi məlumat yayılacaq.

Bu arada Gürcüstanın Baş Prokururoluqundakı mənbə yerli İctimai Televiziyaya Fərman Ceyranovun həbs xəbərini təsdiqləyib. Gürcüstan DİN isə yaxın saatlarda məlumat yayılacağını bildirib. 

 

***

 

Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb. Ceyranov cinayət məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır.

 

Xeber.ge-nin Gürcüstan İctimai Televiziyasına istinadən məlumatında isə deyilir ki,  cinayət işində iki nəfərin adı keçir.

 

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

 

Lent.az-ın əməkdaşı adıgedən saytın redaktoru Amil Hacıyevlə əlaqə saxlayıb. Amil bəyin bildirdiyinə görə, Gürcüstan hüquq-mühafizə orqanlarındakı mənbə xəbəri təsdiqləyib. Fərman Ceyranova qarşı bu gün rəsmi ittiham irəli sürüləcək.

 

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.

# 178
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar