Ölüm elə budur - <span style="color:red;">Səbuhi Məmmədli yazır
05 yanvar 2017 17:33 (UTC +04:00)

Ölüm elə budur - Səbuhi Məmmədli yazır

 

- Hə, indi deyirsən fontan Trevini görmüsən də, Romada?

 

- Hə.

 

- Alə nə olsun, zato Putini görməmisən.

 

Deyib də gülürdü.

 

Adətən vesti.az-dakı Fəridlə düşürdü siqaretə. Hər dəfə də mənə ilişirdi. Unikal yumor hissi vardı. İncimək olmurdu ki... Bəzən Fərid üstünə çımxırırdı:

 

- Alə, bəsdi də!

 

- Lent.az-ın generatoru məndən inciməz.

 

Redaktor və baş redaktorları özlüyündə generator və reaktor adlandırırdı. Nə bilim, Namiq idi də, belə deyərdi. Səbəbini heç kim bilməzdi, özündən başqa. Hə, bir də “xolodilnik” məsələsi. Özü getdi, Fəridlə mən bilirəm ancaq. Üz vurmayın, deməyəcəyik. O dünyada rast gəlsəniz, özündən soruşarsınız.

 

***

 

 

Bizim Holdinqdə, APA-da isə bir vakant yer vardı. Onu da özü tutmuşdu. Bircə ona icazə verilmişdi. O da axırına çıxdı deyəsən. Ona da Araz deyərlər, min ilin Arazı, o dözürdü, yola verirdi.

 

- Səbuhi, ona bircə kəlmə dedim, metropolitendə kukla mahnısı oxunur.

 

Bəlkə də kukla metro barədə mahnı oxuyurmuş. Amma Araz müəllim ona bircə “kukla” və “metro” sözlərini deyib.

 

- Səbuhi, yarım saat keçməmiş yazını ortaya qoydu. Adam sənətkar idi də…

 

Hə, sənətkar idi. “Söz ustası” deyimi var ha, onun haqqında deyilmişdi.

 

Deyəsən, Kamal Əliydi, onun haqqında yazmışdı:

 

“Böyük söz ustası öldü. Çoxları onun yazılarından öyrənəcək. Era bitdi...”

 

 

Təbii ki, öyrənəcək. Era isə bitmədi. Amma Namiq 90-ların əfsanəvi jurnalistlərindən idi. İndiki nəsil bilməz nələr olub 90-larda. Elə indi də Azərbaycan mediasını irəli aparan həmin 90-ların uşaqlarıdı. Yetişmir, gəlmir davamı. İllah da rusdilli jurnalistlər. Namiqin nəsli isə bir dövr di. Namiqlə o dövrün yarpaq tökümü başladı deyəsən…

 

***

 

Redaksiya ilə üzbəüz kafedə yeyirdi yeməyini. Kafenin yiyəsi Səfəralı zarafatla deyərdi həmişə:

 

- Namiq, hərdən yemək də ye.

 

Bir dənə qutab alıb, çəkilirdi köşkünə. Hərdən məni tapırdı. Son dəfə dedim, gəl qaz qovurması yeyək. Səhəri Fəridə demişdi elə, məni göstərib:

 

- Vot, qus!

 

 

*** 

 

“ Sən bu mahnını çox xoşlayırdın Namiq. Çox illər əvvəl “Zerkalo”nun redaksiyasında sən Eyyyub Yaqubovun “Kuləklər” mahnısına ara vermədən qulaq asırdın. Sən, mən, Səbuhi Tomtuoğlu, Fərid Teymurxanlı və İbrahim Baynadurlu.

 

Bunu dostu Rasim Babayev deyir. Getdi İbrahimin yanına, küləklər apardı. Yanvarın 4-də…

 

*** 

 

Sonuncu dəfə elə yenə Səfəralının yanında görüşdük. Qutab yedi.

 

- Getdik?

 

- Yox, Namiq, sabah bayramdı. Sabaha qalsın.

 

- Onda mən getdim.

 

Həmin gün azı yarım saat söhbət elədik bir yerdə. Çox keçmişlərə getdi; “Şərq” agentliyində işlədiyi dövrdən belə danışdı.

 

- Arazla Vüsalə xanım məni xilas elədi. İtib-batacaqdım. İndi özümə gəlirəm. Axırım çatmışdı az qala.

 

Bir xeyli danışdı. Sanki ürəyini boşaldırmış kimi. Amma deyəsən yenə təntidi, sonacan çatdırammadı.

 

- Qalsın bayramdan sonraya onda.

 

- Qalsın...

 

***

 

 

Bayramdan sağ çıxdı, tətilə davam gətirmədi…

 

***

 

Sonuncu yazısının faylının adı bilirsinizmi nə olub?

 

“Konets”

 

...

 

Namiq üçün mövzu anlayışı yox idi. O, Qarabağdan da yazardı, metro haqda mahnı oxuyan kukladan da, lap elə səki daşlarından da. Hətta siqaret çəkdiyimiz məkandan da. O qara daş vardı ha, Namiq üstündə oturub siqaret çəkərdi. Namiq ondan da yazı yaza bilərdi və özü də ustalıqla.

 

O daş orada durub. Fərid də, mən də siqaretə düşdük dəfələrə bu gün. Bircə Namiq gəlmədi.

 

Ölüm də elə budur...

 

 

# 319
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar