Azərbaycanlının uşaq doğmaq/əkmək sevdası - <span style="color:red;">AKTUAL ŞƏRH
12 fevral 2016 15:26 (UTC +04:00)

Azərbaycanlının uşaq doğmaq/əkmək sevdası - AKTUAL ŞƏRH

 

 

Uşaq yer üzünə bəxş edilən ən möhtəşəm varlıqdı. Bütün dinlərdə xüsusi məhəbbətlə ifadə olunan, qorunan, bütün cənnətlərin ən gözəl yerlərinə sorğu-sualsız qəbul edilən uşaqları sevməyən insanlarda heç bir müqəddəs duyğunun olmadığına şübhə yoxdur. Amma...

 

Bizimkilərin əksəriyyətinin uşaq əkmək/doğmaq məşğuliyyəti qədər insanı hər şeydən soyudan şey çox azdır. Axı bu kor-koranə doğmaq vərdişini niyə qazanıb bizim insanlar? Axı insanı heyvandan fərqləndirən üstünlüklərdən biri də planlı doğmaq bacarığıdır. Ay insan, axı sən birini doğub, əkib dayana bilərsən! Görürsən ki, saxlaya bilmirsən, o uşağa normal gələcək qurmağı bacarmayacaqsan, niyə doğursan, niyə əkirsən? Özünün bədbəxt, səfil, miskin həyatına o məsum varlığı niyə şərik edirsən? Niyə öz səfalətində o müqəddəs körpəni də zülmə, əziyyətə boğursan?

Bu gün Bakıda küçədə 2 yaşlı məsum bir varlıq tapıblar. Məlum olub ki, bu uşağı anası küçəyə atıb. İmkansızlıqdan uşağına baxa bilməyən qadın 2 yaşlı oğlunu küçəyə atıb ki,  “imkanlı bir adam onu taparaq aparsın, uşağa sahib çıxsın”. Ana beləcə də deyib. Çox ağır situasiyadır. Xəbəri oxuyub sarsılmamaq mümkün deyil. Ancaq xəbəri oxumağa davam edəndə məlum olur ki, bu qadının 7 yaşlı başqa bir övladı daha var və o uşaq da hazırda Bakıdakı internatlardan birində saxlanılır.

 

Ay qadın, sən o uşağın birincisini saxlaya bilməyib internata vermisən, ikincini niyə doğursan? Yəqin buna görə: “Uşağı verən allah ruzisini də verəcək”.

 

Ay kişilər, ay qadınlar, allah sənə doğmaq funksiyasını ona görə verməyib axı doğasan, sonra da saxlaya bilməyib küçəyə atasan. Heç ruzini də verməyib axı. Allah uşağa ruzi verən olsaydı, sənin birinci uşağın internatda olmazdı axı. İkincidə niyə ruziyə ümid edirsən?

Ötən il Lent.az-ın əməkdaşı Bakıdakı qəbiristanlıqlardan birində yaşayan ailə tapmışdı. Qəbiristanlıqda (!) bir otaqlı, pəncərəsiz daxmada yaşayan bu ailənin neçə uşağı var idi, bilirsiniz? 3 qız. Böyük qız heç məktəb yaşında deyildi, o uşağı məktəbə göndərməyə imkanları yox idi, amma ondan sonra dayanmamış, iki uşaq da əkib-doğmuşdular. Qəbiristanlıqda! Bəli, o uşaqların oyuncaqları qəbir daşları idi. Lent.az-ın yazısından sonra yaxşı adamlar o ailəyə çoxlu yardımlar etdilər, ev tikdilər, bir çox formada dəstək oldular. Tutaq ki, o ailə, o 3 məsum qız uşağı xilas oldu. Bəs, digər yüzlərlə belələri? Yaxşı adamlar hamının qarşısına çıxmır axı... 

 

Heç bir məsuliyyət hiss etmədən, işsiz-gücsüz, 21-22 yaşında evlənib, evsiz-eşiksiz ailə qurub, bir il keçməmiş də uşaq sahibi olmaq nə deməkdir axı? Əksər problemlərin, intiharların səbəbi də bir çox hallarda bura gedib çıxır.

Savadsızlıq, mentalitet, çürümüş ənənələr... Yeni ailə quran gənclərdən az qala toyun səhəri günü uşaq tələb eləyirlər, a kişi. Belə dəhşət olar? O uşağı necə saxlayacaq sualının cavabı da hazırdı: “Allah ruzisini verəcək!” Sən öləsən!

 

Bu ölkədə cinsi münasibət zamanı qorunmağı ayıb sayan ailələr, bunu özünə sığışdırmayan kişilər var. Sizi əmin edirəm ki, minlərlədir belələri. Cinsi münasibət zamanı qorunmağın kəşfindən belə xəbərsiz olan tipləri də bura əlavə eləsək, küçəyə uşaq atmağın səbəbi aydın olar.

 

Birmənalı qaydada: Saxlaya bilməyəcəyini, ona parlaq, parlaq cəhənnəm, heç olmasa minimum yaşayış şəraiti yaratmağı bacarmayacağını anladığı halda uşaq doğan analar, uşaq əkən atalar o uşaqların qatilidirlər. O valideynlərin hamısı övlad qatilidir. Fərqi yoxdu ki, o məsum körpə fiziki cəhətdən öləcək, ya yox. Onsuz da o valideyn özünün səfil həyatına növbəti qurbanları cəlb etməklə əlini “qana bulayır”.

Uşaq əkib-doğmaq funksiyalarından istifadə eləmək hələ ana-ata olmaq demək deyil. Sən onda ana-ata olursan ki, uşağını özünün səfalətinə batırmırsan, səndən sonra bəşəriyyətə qazandırdığın canlı səndən heç olmasa, bir pillə daha yüksək səviyyəli insan olur, daha yaxşı həyat yaşayır... 

 

# 403
avatar

Anar Gəraylı

Oxşar yazılar