Bir məktubun öyrətdikləri - <span style="color:red;">XATİRƏ
01 sentyabr 2015 19:25 (UTC +04:00)

Bir məktubun öyrətdikləri - XATİRƏ

 

                                                  07.09.78

                                                  Moskova

“Sevgili Halil,

Nihayet, Şefko’nun oyuncağını gönderiyorum.Seve seve kullansın.Okula gidiyor mu? Küçük nasıl? Seninle bir adamakıllı konuşamadık geldiğinde,çok meşguldün.Zarar yok,inşallah daha tatlı bir iş için gelirsen,örneğin bir film festivali,yahut opera,o zaman uzun uzun konuşuruz.Çünkü,Büyük elçi olarak geldiğinde,hiç vaktin olmayacak.Oya nasıl? Yine öyle güzel mi? Selam ederim.Sana bir haberim var.Umarım,benim kadar sevineceksin: Ankaradan,Opera tiyatrosu başkanı Aykal’dan Arif’e mektup gelmiş.78-79 sezonu, ‘Bir aşk masalı’ balesini oynayacakmış Ankara balesi.Resmen Goskonsere de başvurulmuş.Arifin bir ricası var: Ekim ayında,Arifi,Grigoroviçi ve ressam Virsaladze’yi Tiyatro  davet etsin,gelip yerinde her şeyi konuşsunlar,ekibi,sahneyi,orkestrayı görsünle ve oyunu ona göre ayarlasınlar.Ben Grigoroviç’le konuştum.Hiç bir yere,ne Amerika, ne Japonya,ne İtalya’ya gitmem,dedi,bale sahneye koymak için.Fakat Türkiye’ye giderim,çünkü Türkiye’ye borçluyum.Aynen böyle dedi.İyi haber değil mi? Benim meseleme gelince,Necil anlatır,ismime davet gelmiş,fakat  enstitü müdürü Primakov’la beraber olursa yolculuk daha reel ve kesin olur.Anlata bildim mi? İnşallah, ya Ankarada, ya Moskovada görüşürüz.Sana sevgiler,özlemler.Oya’ya selam,sevgi.Çocukların gözlerinden öperim.Bir iki satır yazarsan,memnun olurum.

Ekber”

Daha əvvəl rəssam İbrahim Safinin kolleksiyaçı dostu Naci Tərziyə məktubları barədə  yazmışdım.

Tək bir mətnin  sətirləri arasına sıxışdırılan mənaları görmək üçün Moskvada yaşamış türkoloq-ədəbiyyatşünas Əkbər Babayevin bu məktubu çox qiymətli örnəklərdən birini təşkil edir.

Məktub 1975-78-ci illər arasında Türkiyənin Moskvadakı səfirliyində birinci katib işləmiş Xəlil Akıncının  Ankaraya qayıtmasından  sonra ona yazılıb.

“Əkbər Babayev Türkiyə üçün qəhrəmanlıq etdi. Moskvada ikinci dəfə işləyəndə də,  axırıncı  dəfə səfir olanda da  onun yoxluğunu daima hiss etdim”.  Xəlil Akıncı bunu hər dəfə təkrarlayanda göz yaşı yanaqlarını isladır.

Məktubdan görürük ki, Əkbər Babayevlə Xəlil Akıncının arasında  “Şefkonun (Akıncının böyük oğlu) oyuncağını  göndərəcək dərəcədə” yaxın ailə münasibətləri olub. Əkbər Babayev Xəlil Akıncıyla, bir növ, böyük qardaş ərkiylə danışır. ”Zastoy” dönəminin nəfəs alınmayan mühitində bu münasibəti yarada bilmək asan  olmamalıydı.

Babayevin Akıncıya yaxşı xəbəri - Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Ankarada səhnəyə qoyulmasıyla bağlıdır. Arif Məlikov Babayevdən xahiş edir ki, Akıncı vasitəsiylə ona, Qriqoroviçə və tamaşanın rəssamına Ankaradan oktyabr ayına dəvət göndərilsin, gedib  işi yerində həll etsinlər. Baleti səhnəyə qoymaq üçün heç bir ölkəyə getməyi düşünməyən Qriqoroviç, Türkiyəyə borcu olduğunu deyib təkcə Türkiyəyə getmək istəyir. Əkbər Babayevin Moskvadan Ankaraya-Xəlil Akıncıya yazdığı məktubun bizə təqdim etdiyi özəlliklərdən biri də bu durumu açıqlamasındadır.

Daha əvvəl yazdıq: prezident Fahri Korutürk və baş nazir Bülənt Ecevitin şəxsi dəvətlərinə baxmayaraq, Əkbər Babayevi Türkiyəyə getməyə qoymayıblar. Xəlil Akıncıya yazdığı məktubda, Əkbər Babayev, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq institutunun direktoru Primakovun da dəvət edilməsi halında Türkiyəyə gedişinin “daha real və qəti” olacağını vurğulayır (dərin dövlətin mühüm adamlarından olan Yevgeniy Primakov Rusyanın baş naziri oldu, bir neçə ay əvvəl 86 yaşında öldü).

Həmin dəvətin göndərib-göndərilmədiyini bilmirik. Ancaq acı gerçək bundan ibarətdir ki, İstanbulun hər guşəsini əzbər bilən Əkbər Babayev, yuxarıda oxuduğunuz məktubu yazandan 16 ay sonra Moskvada vəfat etdi. Türkiyəni görmədən.

Xəlil Akıncıya yazdığı məktubda Babayev,  onun Moskvada səfir olacağına da eyham vurub. Məktubu dəyərli edən xüsuslardan biri də budur.

1924-cü ildə Gəncədə anadan olan Əkbər Babayev Bakı Dövlət Universitetini bitirəndən sonra Moskvada aspiranturaya qəbul olub, 1951-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

Türk şairi Nazim Hikmətin 1951-ci ildə Moskvaya qaçmasından sonra  Nazimlə Əkbər Babayev arasında ata-oğul münasibəti yaranıb. Əkbər Babayev dünya miqyasında Nazim Hikmət barədə ən yaxşı kitabı yazmış alim kimi tanınır.

Türkiyədəki mütəxəssislər Əkbər Babayevin adına və xatirəsinə həmişə hörmətlə yanaşırlar...

Nə gizlədim, Azərbaycanda nə dərəcədə tanındığını bilmək istəyirəm....

 

# 303
avatar

Mais Əlizadə

Oxşar yazılar