[b]Bir kərə yüksələn bayraq bir daha enməz![/b]
09 noyabr 2014 11:30 (UTC +04:00)

[b]Bir kərə yüksələn bayraq bir daha enməz![/b]

 

II hissə

 

Bəs ay-ulduzun mənası nədir?

 

Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

 

Akademik İqrar Əliyevin və tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovun həmmüəllifliyi ilə 2008-ci ildə çapdan çıxan "Azərbaycan Respublikasının dövlət rəmzləri" adlı kitabda bildirilir ki, vaxtilə Bizans imperiyasının rəmzi olan aypara Sultan II Mehmed Fatehin Konstantinopolu fəthindən sonra tədricən müsəlman ölkələri tərəfindən həmrəylik, hürriyyət, yardım simvoluna kimi qəbul edilir: "Bayrağın təsdiq edildiyi gün baş nazir Fətəli xan Xoyski çıxış edərək bildirmişdi ki, ulduzun guşələrinin sayı dövlətin əski əlifba ilə yazılmış adında oxunan hərflərin sayına bərabərdir".

 

Eyni fikrə Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeirində də rast gəlirik:

 

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU!

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyir ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur: "Səkkizguşəli ulduz isə “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır".


Tarix elmləri doktoru Nəsib Nəsiblinin sözlərinə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb: “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açmasıdır. Bu açmanı ilk dəfə Əli bəy Hüseynzadə 1895-ci ildə verib. Ay isə orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır. Ulduzun səkkizguşəli olması ilə də bağlı müxtəlif versiyalar var. Səkkizguşəli ulduz “cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər”. 


Bununla belə, N.Nəsibli hesab edir ki, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: “Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam”.


Tarixçi-alim Nəsiman Yaqublu bayrağın üzərindəki ay və ulduzla bağlı bir neçə versiya sadalayır: "Bayrağın üzərindəki ay-ulduzla bağlı müxtəlif fikirlər var. Məsələn, Osmanlı türklərinin vaxtında ay işarəsi Konstantinopolun gerbi kimi qəbul edilib. İkinci tərəfdən, ay həm də təqvim kimi götürülür. İslamda buna qəməri təqvimi deyilir. Buradakı səkkizguşəli ulduzla bağlı ayrı-ayrı versiyalar da mövcuddur. Bəziləri bunu "cənnətin səkkiz qapısı" kimi əsaslandırır. Digər versiyaya görə, həmin ulduz "Odlar Yurdu" deməkdir, yəni bunu ərəb əlifbası ilə səkkiz hərfə yazmaq mümkündür. Osman Qazinin vaxtında türklərdə türk təqvimi deyilən sistem var idi. Yəni hər səkkiz ildən bir üç dəfə ayın təqvimini 2-ci, 5-ci və 7-ci ilin ilk ayında bir gün geri çəkirdilər. Bunu isə ayın bərabərləşməsi məqsədilə edirdilər. Yəni ildə 365 günün alınması üçün belə addım atılırdı. Ay təqvimi müsəlmanlıq, səkkizguşəli ulduz isə 8 illik təqvim mənasını verir. Mən bu mənaya daha çox üstünlük verirəm. Digər tərəfdən, əvvəllər də türklərin bayraqları səkkizguşəli olub. Sonradan onlar beş guşəyə keçməyi qərara aldılar".

 

Millət vəkili, professor Musa Qasımlının fikrincə, bayrağımızdakı səkkizguşəli ulduzun çox dərin mənası mövcuddur: "Onun tarixi kökləri olduqca qədimə gedib çıxır. Səkkizguşəli ulduz əbədiyyət rəmzi kimi qəbul olunur. Bu, sonsuzluq, möhtəşəmlik, davamlılıq və davamiyyət rəmzi sayılır. Səkkizguşəli ulduza bir sıra qədim dövlətlərin rəmzlərində də rast gəlmək mümkündür. Hər halda, oxuduğum müxtəlif mənbələrdə səkkizguşəli ulduzun mənası əsasən əbədiyyət, dövlət və xalqın daim var olması, yaşaması rəmzi kimi göstərilib. Başqa bir mülahizəyə görə, guya dövlətin təməl prinsipləri səkkizguşəli ulduzda əks edilib. Həmin prinsiplər bunlardır: türklük, müasirlik, İslam dəyərləri, dövlətçilik, demokratikləşmə, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Hər halda, mən bununla bağlı qəti və dəqiq fikrə rast gəlməmişəm".

   

Bayrağımız ilk dəfə necə qaldırıldı?

 

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci il noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırıldı. Himnin əvəzinə isə o zaman dövlət himnimiz olmadığından, böyük bəstəkar Üzeyir Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrkən səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edildi (Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib).

 

Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlarda bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idilər. Müsavat Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri - yəni iclas keçiriləndə icazə verirdilər ki, parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.


1918-ci ilin 7 dekabrında parlamentin açılışı mərasimində M.Ə.Rəsulzadə tarixi nitqlə çıxış edir: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa əfkari-əhraranəsini (azadfikirliliyini) təmsil edən bu üçboyalı bayraq daimən başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir kərə qaldırılmış bayraq bir daha enməyəcəkdir!”


Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi. Parlaman binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi. Məhəmməd Əmin nitqi-iftitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə "bu bayraq endiriləməz!" dedikdə, bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz oldu”.

 

Bayraq SSRİ dövründə...


1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzləndi. Onu parlament binası üzərindən endirmək olsa da, ürəklərdən endirmək mümkün olmadı.

 

1956-cı ildə üçrəngli bayraq yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırıldı. Bu hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edildi, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salındı...

 

1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günündə M.Ə.Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılıb. 

... Və tarixi ədalətin bərpası


M.Ə.Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimi öz təsdiqini Azərbaycanda azadlıq hərəkatı başlayandan sonra tapdı. Meydan hərəkatı dövründə öz əlləriylə üçrəngli bayrağı tikib mitinq iştirakçılarına paylayan Gültəkin xanım bu hərəkəti ilə milyonların sevgisini qazandı. SSRİ imperiyasına qarşı meydanlarda qaldırılan bayrağa ilk hüquqi status isə 1990-cı ildə verildi. Həmin il noyabrın 17-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanunu qəbul etdi.

 

Bayrağımız və bayramımız mübarək!

 

P.S. Bu yazı “Bakcell” şirkətinin dəstəyi ilə hazırlanıb.

 

 

# 2342
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar