Səni “FUTBOL” qədər sevirəm
12 iyul 2014 11:00 (UTC +04:00)

Səni “FUTBOL” qədər sevirəm

“Fut” və “bol” – “ayaq” və “top” sözlərinin birləşməsindən yaranan FUTBOL “ömrümüzə girib”.

 

Hər birimiz uşaqlıqda topla oynamışıq, qapıda da durmuşuq, qol da vurmuşuq. Deməli, hər kəs həyatda “oynayıb”. İllərdir futbola maraq böyükdür, amma son zamanlar bu idman növü bəzilərimizin həyatının lap bir parçasına çevrilib.

 

Qadınlar arasında da futbolu sevənlər az deyil. Amma çoxu futbola qısqanclıqla yanaşır. Axı, qadındırlar, xəyanəti sevmirlər. Xanımlar hiss edəndə ki, həyat yoldaşları onlardan çox futbola maraq göstərir, futbolun yaradıcısını söyməmiş ürəkləri soyumur.

Yaxşı ki, top qadın deyil, yoxsa elə qadınların əli ilə də parçalanardılar xəyanət üzündən.

Futbol kişilərin qanına elə işləyib ki, matçı seyr edərkən nəinki xanımları, hətta külfət, qohum-əqrəba, bir sözlə, hamı 90 dəqiqə ərzində unudulur. Başqa aləmdə, sanki hipnoz altında olurlar kişilər. Top qapıya istiqamət alanda, iraq-iraq, birdən işıqlar sönə. O zaman “Azərenerji”nin bütün kollektivi ürəkdən “yad edilir”.

 

Futbol elə bir narkotikdir ki, ona aludə olanlar və “stavkada” uduzanlar arasında nəinki evini, avtomobilini, təəssüf ki, hətta azadlığını da itirənlər var. Bir bəladır ki, qazanc da verir, mənəvi qida da, amma iflasa da uğradır. Bununla belə, yenə sevilir. O dərəcədə sevilir ki, bəziləri hətta qadına olan məhəbbətini də futbol vasitəsilə bildirir. Əmin olun, xanımlar, əgər sizə həyat yoldaşınız və ya sevgiliniz “Həyatım, səni futbol qədər sevirəm və ya qolun qapıya vurulmasını həsrətlə gözlədiyim kimi, sənin də həsrətini çəkirəm” desə, inanın! Çünki araya futbol giribsə, deməli, yalan danışmır.

Bir yazıda oxumuşdum: futbolu dəlicəsinə sevən bir tələbə-azarkeş sevdiyi qıza ürəyini açmaq üçün məktub yazır və düşüncələrini bu sözlərlə bitirir: “Əzizim, inan, səni futboldan da çox sevirəm”. Bax belə aşiqlər də var...

 

Mən isə desəm ki, futbolu sevirəm, yalan danışmış olaram. Xoşladığım məqam yalnız penaltidir, o da hər oyunda olmur. 15 il idi futbola baxmırdım. Şeytanın qıçını təxminən ay yarım əvvəl, “Real Madrid” Çempionlar Liqasını qazanan matçı seyr edərkən sındırdım. Möhtəşəm idi – həm oyun, həm məkan, həm də keçirdiyim hisslər.

 

Amma həmişə elə atmosfer olmur və ona görə daha futbola baxmıram ki, top gözümdən düşməsin. Milyonlarla fanat arasında bir seyrçi az, yaxud çox olsun, futbol üçün fərq etməz. Onsuz da “fut” yenə də “bol”u qovacaq.

 

Çünki həyatda OYUN DAVAM EDİR!

# 1084
avatar

Pərvanə Sabirqızı

Oxşar yazılar