Jurnalistlər Şahdağa qalxdılar
18 fevral 2013 14:44 (UTC +04:00)

Jurnalistlər Şahdağa qalxdılar

Azərbaycanın bir qrup jurnalistini birləşdirən “Mətbuat qeyri-rəsmi” Qrupu (MQR) fevralın 16-17-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının dəstəyi ilə bir qrup jurnalistin Qusarın maraqlı yerlərinə səyahətini, o cümlədən İpək Yolu üzərində yeni istifadəyə verilən Şahdağ Qış-Yay turizm kompleksi ilə tanışlığını təşkil edib.  

 

30-a yaxın jurnalistin iştirak etdiyi səfərə Xəzər TV, İctimai TV, ATV, Səs TV, APA, Trend informasiya agentliklərinin, o cümlədən Lent.az, Qafqazinfo.az, Modern.az, Mediaforum.az, Publika.az, Femida.az saytlarının, digər qəzetlərin əməkdaşları qatılıblar. Bundan başqa müstəqil yazarlar və jurnalistlər də iştirak ediblər.

 

Səfər çərçivəsində Kompleks ilə tanış olan jurnalistlər öz aralarında debat da təşkil ediblər. 

 

Debatda Azərbaycandan keçən qədim İpək Yolu üzərində yerləşən məkanların turistik əhəmiyyəti, eyni zamanda bununla bağlı gənc jurnalistlərin təklifləri müzakirə olunub. 

 

Müzakirələr zamanı Böyük İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərbin kəsişdiyi Azərbaycanın gənc nəslinin nümayəndələrinin inteqrasiyası qabardılıb.

 

Femida.az saytının baş redaktoru Pərvin Abbasovun moderatorluğu ilə keçən debatda jurnalistlər tərəfindən bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən daha çoxu gənclər tərəfindən müasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycanın və bütün Böyük İpək Yolunda yerləşən digər ölkələrin potensialının dünyaya çatdırılması, Asiya və Avropanı birləşdirən bu Yolda yerləşən 25 ölkənin jurnalistləri arasında kommunikasiya qurulması üçün beynəlxalq konfransın keçirilməsi olub. Həmçinin vurğulanıb ki, gənclər bu sahədə fəallıq nümayiş etdirərək Azərbaycanın zəngin mədəniyyətinin həmin ölkələrdə tanıdılmasına bilavasitə qoşula və həmin ölkələrin gənc jurnalistlərinin Azərbaycanda İpək Yolu üzərində yerləşən şəhərləri ilə tanışlıq təşkil oluna bilər. Eyni zamanda o da vurğulanıb ki, mütəmadi olaraq Azərbaycan jurnalistləri İpək Yolu üzərində yerləşən şəhərlərimiz ilə tanışlıq və bununla bağlı mətbuatda intensiv çıxışlar olunsun.

 

Tədbirdə Azərbaycanın regionlarında yaşayan gənclərlə mütəmadi görüşlərin keçirilməsi və Böyük İpək Yolunun tarixi əhəmiyyəti, müasir dünyadakı rolu, Azərbaycanın bu coğrafi müstəvidə yerləşən ölkələrlə sıx əlaqələrin qurulması mövzusunda seminar və müzakirələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının nümayəndələri bütün təkliflərin önəmli olduğunu və bunun “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatı tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildiriblər.

 

Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev (Trend) və Mübariz Aslanov (APA) təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası 2012-ci ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub. Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir. Qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 250-dən çox üzvü var.

# 1131
avatar

Oxşar yazılar