Qramı 25 manata öd daşı - Gizli biznes  -VİDEO
07 fevral 2023 13:05 (UTC +04:00)

Qramı 25 manata öd daşı - Gizli biznes -VİDEO

Son günlər istər elan saytları, istərsə də sosial şəbəkələrdə qeyri- adi elanlara rast gəlirik. Son vaxtlar isə “Buynuzlu heyvanların öd daşı alınır”, “Qramı 25 manata öd daşı alıram” kimi elanlara tez-tez rast gəlinir. Maraqlıdır ki, şəhərdə ət satılan mağazalarda da heyvanların öd daşı üçün müraciət edənlərin sayının artdığı bildirilir. 

Maraqlıdır, heyvanların öd daşları niyə bu qədər diqqət mərkəzindədir? Vətəndaşlar bu daşları niyə alırlar? Öncə sosial şəbəkədə öd daşı almaq üçün elan yerləşdirən Elməddin Qalayevlə əlaqə saxladıq. Bildirdi ki, daşın qiyməti onun saxlanma şəraitindən, quru, yaş olmasından asılıdır:

“Onun qramı 25 manatdan aşağı olmur. Baxır ki, bu neçə günlük daşdır, qurudurmu, yaşdırmı, bu keyfiyyətlərə baxıb qiymət artırmaq olar”
Bütün bu keyfiyyətlər yoxlanıldıqdan sonra öd daşı qramı 25 manatdan alınır. İddia olunur ki, həmin daşdan insan sağlamlığı üçün dərman hazırlanır, sarılıq, şəkər, xərçəng xəstəliklərində, hətta kosmetik vasitələrdə istifadə edilir. 

Fitoterapevt Elnur Eldaroğlu isə deyir ki, bu daşlar insan orqanizminə nəinki fayda, hətta ciddi zərər verə bilər:

“Bu məhsulların həqiqətən də xaricə və daxilə istifadəsinin nə dərəcədə faydalı olması haqqında heç bir elmi sübut yoxdur. Həqiqətən də ciddi bir araşdırma olmadığına görə bunu dəstəkləmirik. Bu daşların bəzən də zərəri ola bilər. Mübadilə pozulmaları zamanı  əmələ gələn bu daşlar orqanizmə heç bir fayda törətmir. Bəzi yerlərdə də kosmetoloji vasitə kimi də istifadə edilir. Bu daşların emaldan keçməsi ,təbii bir dərman vasitəsinə çevrilməsi də  mümkünsüz bir haldır. Tövsiyə edirik ki, insanlar bilinməyən, araşdırılmamış nəticələri  öz üzərində sınamasınlar.”       

Mütəxəssislərin sözlərinə görə, heyvanlarda öd daşının olması ya rentgen vasitəsilə aşkarlanır, ya da öldükdən sonra bilinir. Nə qədər tibbdə təsdiqi olmasa da, insanların bu daşlardan şəfa gözlədiyini sosial şəbəkələrdəki elanlara yazılan şərhlərdən görmək mümkündür. Çində bu daşların qramı 65 dollara satılır. Türkiyənin bəzi şirkətləri isə inəklərin öd daşlarının 1 kq-nı Honkonq şirkətlərinə 15 min dollara satırlarmış. Kosmetologiyada isə əsasən donuzun öd kisəsindən çıxan daşlar istifadə olunur.

APA TV

# 3969
avatar

Oxşar yazılar