“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.
Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib: “Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.
***
saat 17:08
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun törətdiyi qəzaya münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb:
"Qeyd olunan hadisə ilə bağlı yol polisinə hər hansı şikayət daxil olmayıb. Yüngül qəza olduğu üçün vtomobillərə ciddi ziyan da dəyməyib. Onlar öz aralarında razılaşaraq çıxıb gediblər. Belə hadisələr zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, bu, qanun pozuntusu sayılmır”.
***
saat 16:41
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Lent.az Oxu.Az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrə nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, "Mercedes" markalı taksini arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.
Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.