Lent.az-ın “Məndən soruş” layihəsinin bu dəfəki qonağı əməkdar artist, teleaparıcı Nailə İslamzadədir.
O, Lent.az-ın suallarını cavablandırır:
- Aparıcılıqla diktorluğun fərqi nədədir?
- Sual qısa olsa da, bu barədə çox danışmaq olar. Aparıcı sözü leksikonumuza sonradan gəldi. Əvvəllər biz diktor idik. Demək olar ki, biz diktorların son nəsliyik. Sonra aparıcılar oldu. Diktor başqasının verdiyi mətni oxuyurdu. Yəni, biz efirə təzə gələndə bizdən əvvəl yuxarı nəsil vardı. Efirə özlərindən nəsə deyə bilməzdilər. Mütləq o verilişin redaktoru, ssenari müəllifi nə yazırdısa, onu oxumalı idilər. Əslində, onu oxumaq da böyük məharət tələb edir. Aparıcılıq sonradan çıxdı. Deyərdim, haradasa 2000-ci illərdən, 1990-cı illərin ortalarından çıxdı. Amma o vaxtı da jurnalistlər var idi. Məsələn, “Dalğa” proqramı var idi, çox böyük səs-küy doğurmuşdu və iki dildə, rus və Azərbaycan dilində yayımlanırdı. Onun da aparıcıları var idi. Amma onlara jurnalist kimi baxırdılar. İndi bizim düşündüyümüz aparıcılar 90-cı illərin sonlarından meydana çıxmağa başladılar. Aparıcı verilişdə öz sözünü deyir, ssenari müəllifi olarsa, daha yaxşı. Veriliş canlı alınır. Mən 1997-ci ildən başlayaraq “Ailələr talelər” verilişi ilə həm aparıcı, həm ssenari müəllifi oldum. Diktorlar arasında ilk həm aparıcı, diktor və ssenari müəllifi olanlardan biri oldum.
- Özünüzü şəxsi həyatınızda, ya karyeranızda uğurlu sayırsınız?
- Mən özümü hər bir sahədə uğurlu sayıram. İstər karyera, istər şəxsi həyat. Həmişə özümü inkişaf elətdirməyə çalışmışam və bütün sahələrdə çox fədakar olmuşam. Burada həm şəxsi, həm də iş həyatından, karyeradan söhbət gedirsə, fədakar olmasan heç nəyin öhdəsindən gəlmək olmaz. Heç bir sahədə uğurlu ola bilməzsən. Uğur çalışmaqdan ibarətdir. Düzdü, burada şans da lazımdır. Amma çalışmaq daha önəmlidir deyə, düşünürəm.
- Sizi digərlərindən fərqləndirən cəhət?
- Bilmirəm digərləri deyəndə kimi nəzərdə tutursunuz? O qədər insan var ki... Ümumi insanlardan fərqləndirən cəhət nədir, deyə bilmərəm. Çünki digərləri içində dediyim kimi çox insan var və mən də olan və olmayan xüsusiyyətlər onların hamısında var.
- Özünüzə bağışlaya bilməyəcəyiniz addım və ya səhv?
- Mənim özümə bağışlaya biməyəcəyim addımım və səhvim olmayıb. Səhvim də olub. təbii ki, çox olub. İnsan yaşayırsa, düşünürsə, hərəkət edirsə, mütləq səhvləri olmalıdır. Amma deyim ki, “mən bunu özümə bağışlamadım”, elə bir şey olmayıb. Yanlışlarım olub. Amma o yanlışı o vaxt doğru hesab edirdim. Məsəl üçün, o vaxt o aktual idi və onda mən elə düşünürdüm. Elə düşünməyim lazım idi. İllər keçəndən sonra insan düşünür ki, bəlkə o vaxt gərək belə etməyəydim. O səhvlər, yanlışlar bizi öyrədir. Önəmli olan odur ki, yanlışı edəndə, yıxılanda ağıllı durmağı bacarasan və bir də o səhvi etməyəsən.
- Fotosessiyanız ilə hər zaman diqqət çəkmisiniz. İllərlə dəyişməyən gözəlliyinizin sirri nədədir?
- “Fotosessiyanız ilə hər zaman diqqət çəkmisiniz”, fikri ilə razı deyiləm. Çünki ömrümdə, bu yaşa kimi bir dəfə fotosessiya etmişəm. Onu da pandemiya dövrü xahiş elədilər, bir dəfə çəkildim. Saytlara paylaşmayın desəm də, yenə də götürüb yayımladılar. Mən əslində özümü gözəl saymıram. Həmişə baxımlı olmağa çalışmışam. Gözəllik insanın həyat tərzidir. Onun içində hər şey var. Bir də görürük üzdən, bədən forması o qədər gözəl xanım və ya bəy var, amma diqqət çəkmir, xoşumuza gəlmir. Niyə? Çünki gözəlliyin içində o qədər böyük bir şeylər var ki... Bura yemək tərzinizdən tutmuş, onun idmanı, münasibəti, qaməti, hər şey daxildir. Bu, böyük bir mövzudur. Bu barədə mənə çox suallar olur. Düşünürəm, bu barədə bir neçə video edəcəm.
- Bildiyimizə görə, 2005-ci ildə Zaqatala-Balakən dairəsindən deputatlığa namizədliyinizi irəli sürmüşdünüz. Lakin sona qədər davam eləmədiniz.
- Mən bu suala cavab verməyəcəm...
- Sevgidə yaş həddi önəmlidir?
- Sevgidə yaş həddi ola bilər? İnsan sevgi ilə yoğurulub. Sevgisiz insan gözəl ola bilməz, sevgisiz insan xeyirxah, mərhəmətli ola bilməz. Bizi yaşadan sevgidir. Sevgidə yaş həddi ola bilərmi? Təbii ki, yox. O istər əks cinsə qarşı olsun, istər təbiətə qarşı, istər heyvanlara qarşı. Ən böyük sevgimiz Allaha qarşı olan sevgidir. Biz hamımız başdan-ayağa sevgidən ibarət olmalıyıq.
- “Ailələr talelər” verilişini bu gün “Bizimləsən”, “Səni axtarıram” verilişi ilə müqayisə etmək olarmı?
- Bu sualın cavabını tamaşaçılar özləri daha yaxşı cavab verirlər. Böyük mənada eyni mövzular ola bilər. Mən “Ailələr talelər” verilişinin ssenari müəllifi idim və hər verilişin mövzusu var idi. İndi veriliş başlayanda demirlər ki, “Bugünkü verilişin mövzusu budur”. Kimlərsə gəlir, kimlərsə danışır, bir mövzudan başqasına keçirlər. İndiki verilişlərdə bir az xaos var. Sosial proqram olaraq, ümumi ad altında demək olar ki, sosial verilişlərdir. Amma son dövrlər mən bunu daha çox publisistik proqram kimi hazırlayırdım. Çünki bu tok-şou janrından çıxmışdı. Mənim televiziyada işim çox idi. Xəbərlər, dövlət tədbirləri olurdu, vaxtım çox qalmırdı. “Ailələr talelər” verilişini demək olar ki, tək hazırlayırdım. İndi verilişlərin hazırlanmasında böyük qrup çalışır. Prodüsser, redaktorlar var. Ona görə mənə çox çətin idi. Son illər publisistik proqrama çevirdim. Bir növ müqayisə etmək olar, bir növ müqayisə etmək olmaz. Mənə elə gəlir ki, müqayisə etməzdim. Ona görə yox ki, hansısa yaxşıdı və ya hansısa pisdir. Yaxşı, pis olmasına tamaşaçı qərar verir. İndiki verilişlərin yaxşı cəhətləri çoxdur. Amma xoşagəlməyən tərəfləri var ki, onu tamaşaçılar özləri məndən yaxşı bilir, deməsəm də olar. Bir də fərqli cəhətimiz odur ki, biz pul qazanmırdıq.
- Bu gün efir aparıcıları həddindən artıq sərbəstdirlər. Efirin bu qədər sərbəstliyini müasirliklə əlaqələndirə bilərik?
- Sərbəstliyin müasirliklə əlaqəsi yoxdur. İstəmirəm buradan xoşagəlməz ifadələr işlədim. Bu sualların çoxu məni bir az qıcıqlandıran suallardı deyə, bəlkə kənardan aqressiv görünə bilərəm. Efirdə sərbəstlik nə deməkdir? Əslində, efirə çıxan insanlar üçündür sözlərim. Həmişə bunu deyirəm, studiyada oturmuşam. Qarşımda kamera, operatorlar, redaktor dayanıb. Amma mənə milyonlar baxır. Özümü istədiyim kimi sərbəst aparmağa ixtiyarım varmı? Əlbəttə ki, yoxdur. Mənə bu dəqiqə fəhlə, kəndli baxır, ağsaqqal, ağbirçək, akademik baxır. Mən necə lazım olmayan ifadələri, hərəkətlər edə bilərəm?
Əyləncəli proqram hazırlamaq daha çətindir. İnsanları güldürmək çətin, aldatmaq asandır. Ona görə onun da ana xətti olmalıdır. Əyləncənin də bir həddi var. Azərbaycançılığı, mentalitetimizi nəzərə alaraq eləmək lazımdır. Məsələn, elə hərəkətlər var o şou üçün normaldır. Rusiya kanallarında bu gedərsə, ona normal baxarlar. Amma bizim tamaşaçını qıcıqlandırır. Ona görə biz onları eləməməliyik, deyə düşünürəm.
- Aparıcı toya getməlidir?
- Toy, el şənliyi, el məclisidir. Gedirlər pul qazanırlar.Toyu da yaxşı idarə edən bir nəfər lazımdır. Əvvəllər ona tamada deyirdilər. İndi toyda aparıcı deyirlər. Əslində toyda aparıcılar tamada rolunu oynayırlar. Yəni, söz verirlər, bəy-gəlini tərif edirlər. Bu normaldır. Mən bunu niyə edə bilmirəm? Çünki mənim xarakterim başqadır. Yemək yeyilən yerdə, yaxud da, qulaq asılmayan yerdə danışa bilmirəm. Səviyyəli məclislər olur. Aparıcılarımız ora gedib pul qazanırlar, ailələri var. Normal baxıram. Mən bunu edə bilmirəmsə, o demək deyil ki, pisdir. Bacarırlar, edirlər.
- Gənclərdən bəyəndiyiniz qadın və kişi aparıcısı kimdir?
- Bəyəndiyim aparıcılar var. Ad deməyəcəm. Əsasən özəl kanallarda sərbəstlik daha çoxdur deyə, gənclər az diqqət edirlər. Bir neçə səhər proqramları, günorta yayımlanan verilişlər var ki, orada özlərini həddindən artıq sərbəst aparırlar. Efirə hazırlaşmaq lazımdır, xüsusən də canlı yayımlara. Gələn qonaqla istədiyini söhbəti, lağ-lağı etmək olmaz. İnsanlar niyə oturub kiminsə lağ-lağısına qulaq asmalıdır? Nəyə görə? Bu ixtiyarı onlara kim verir? Televiziya rəhbərləri verir? Verməməlidirlər. Ona görə hazırlaşıb gəlmək lazımdır ki, boş-boşuna danışmasınlar. Psixologiya, mədəniyyət, ədəbiyyatdan o qədər gözəl mövzular var ki… Onlar haqqında danışılsın. Gərək elə mütləq lağ-lağı danışılsın? Bizim yaxşı gənclərimiz var, amma daha çox üzərlərində çalışmalıdırlar. Bəyənmədiklərimdən bəyəndiklərim daha çoxdur.
- Bəzi qadınlar hesab edirlər ki, kişinin xəyanətini bağışlamaq olar. Siz necə düşünürsünüz?
- Bu əbədi olan mövzudur. Elə bir zəmanəyə gəlib çatmışıq ki, xəyanət, sevmək, bu kimi mövzular çox cılızlaşıb. Birinci sual o olmalıdır ki, əsil sevgi indi varmı? İndi dəyərlər bir az dəyişib. Əvvəllər institutu bitirəndə bilinirdi ki, bunun gələcəyi hələ irəlidədir. 23-24 yaşında universiteti bitirən gənc ata-anasına güvənməsə nə qazana bilər? Çox şeyi madiyyata bağlayırlar. Mənəvi dəyərlər ikinci plana keçib. Xəyanətlərin kökü də bəlkə, oradadır. O böyük sevgi ilə bir-birini sevənlər çox azdır. Onlar xəyanəti çox az-az hallarda bağışlayırlar. Ümumiyyətlə “xəyanət” yaxşı söz deyil.
- “Ailələr talelər” verilişində ən yadda qalan tale hansı idi?
- O qədər idi…Son verilişimi 2006-ci ildə hazırlayıb, AZ.TV-dən getdim. İndiyə qədər də məni axtarırlar. Mən çox iş yeri dəyişməmişəm. İşlədiyim yerlərdə tapırlar, bayramlarda zəng edib təbrik edən, yadına salan o qədər insan var ki. Buna çox sevinirəm. İndiyə qədər də psixoloji dəstək istəyən, o vaxt uşaq evinə düzəltdiyimiz uşaqlar indi böyüyüb oranı tərk edəndə, qalmağa yerləri olmayanda məni axtarırdılar. Onda mən televiziyadan çıxmışdım. Təbii ki, yadda qalan talelər çoxdur.
Hansısa rayondan bir kişi gəlmişdi. Həyat yoldaşı ona xəyanət etmişdi. Özünü öldürmək istəyirdi. Bir dəftər şeir yazmışdı. Məni axtara-axtara gedib, rəhmətlik Mailə Muradxanlının yanına çıxmışdı. Mailə xanım onunla söhbət etmişdi. Sonra dedi ki, mən bu dəftəri Nailə xanıma verəcəm, efirdən oxusun. Həmin insan intihar eləməyi düşünürdü. Mən də, Mailə xanım da onunla xeyli söhbət etdik. Ölkəni tərk elədi. Bir ildən sonra gəldi, tamam dəyişmişdi, başqa adam idi. Belə bir taleni dəyişdirdiyim üçün o yadımda qalıb.
Həbsxanadan çıxardığımız insanlar olub. Bir qadın qızını 15 yaşında ərə vermişdi. Nəvəsi olanda xəstəxanada bilmişdilər ki, azyaşlı qızın uşağı olub. Qadının həyat yoldaşını polisə vermişdilər. Qadın “Ailələr talelər” verilişinə müraciət edəcəyini deyəndə, cavab olaraq “Sənin pulun var ki, onlara müraciət edirsən”. O vaxt millət vəkillərinin köməkliyi ilə biz verilişdə yayımladıq və oğlan həbsxanadan çıxdı. Belə hallar olur ki, yadda qalır.
O vaxt uşaq evlərindən ailələr uşaqları çox çətinliklə götürürdülər. Kömək elədiyim neçə qadın var. Çox talelər var. Hələ adamyeyəni demirəm. Ağır Cinayətlər törədənlərin həbsxanasında bir adamyeyənlə müsahibə götürmüşdüm. İndiyə qədər saytlar onu paylaşırlar.
Mailə xanım həmişə deyirdi ki, başına and içməli bir veriliş varsa, o da “Ailələr talelər”dir.
- Son oxuduğunuz kitab hansıdır?
- Ən yaralı yerimdir (gülür). Son oxuduğum türk yazıçısı Elif Şafakın “Aşk” kitabıdır. Çox bəyənmişdim. Mənə onu tövsiyə elədiyi üçün rəfiqəmə təşəkkür edirəm. Müasir dövrdə baş verənlərlə Mövlanə, Şəmsi Təbrizinin dövründə baş verənlərin çox gözəl sintezi idi. Mənə çox təsir elədi. Bizim dövrümüzdə elektron kitab yox idi. Daha çox kitab oxuyurduq, kitabın qoxusu, ətri, o vərəqlərini çevirəndə ondan aldığın ləzzət tamam başqadır. Müasir dövrdə o qədər informasiya var ki, beynimiz o informasiya ilə dolur və kitaba çatanda yoruluruq. Hətta o vaxt institutda oxuyanda yatmamış kitab oxumazdıq. İndi telefona baxmamış yatmırlar.
- Dövlət televiziyası bu günə kimi cəmiyyətdə məktəb imici formalaşdırıb. Özəl telekanallarda bu məktəb varmı?
- Dövlət televiziyası məktəb olub. İndi o ənənələri qoruyub saxlamağa çalışır əslində. Mən çox təəssüf edirəm ki, məktəb olan insanlar artıq azalıb, barmaqla sayılacaq qədərdir. Düşünürəm ki, özəl televiziyalarda məktəb var. Orada da çalışırlar hazırlaşdırsınlar. İctimai televiziyada birmənalı var. O biri televiziyaların içindən xəbərim yoxdur. Amma yaxşı məktəbdirmi, pisdirmi, ortadırmı onu deyə bilmərəm. Görünən tərəf odur ki, bu məktəb daha ciddi olmalıdır.
Biz efirdə səhv buraxanda Rafiq müəllimi dəhlizdə əli belində dayanmış görürdük. Demək, efirdə hansısa hərfi səhv demişik. Qorxumuzdan qabağa gələ bilmirdik. Bax, elə bir məktəb lazımdır.
- Fala inanırsınızmı və ya falçıya müraciət etmisiniz?
- Bir cümlə ilə deyə bilərəm ki, namaz qılıram, Allaha inanıram. Hər şeyi bizə əvvəlcədən deyən ən böyük Allahdır. Bizim səhvlərimizi düzəldən, sığına biləcəyimiz, imdad diləyəcəyimiz ancaq Allah ola bilər. Falçı sözünün özündə də xoşagəlməz aura var. Təbii ki, ekstrasens biliyi, qabiliyyəti olan insanlar var. Mənə sual verdilər ki, insan taleyini, qisməti dəyişə bilərmi? Əlbəttə, bilər. Allah hər şeyi eşidən və biləndir. Biz Allahdan istəsək, verəcək. Nəyi, nə vaxt verə biləcəyini o bilir. Şəms Təbrizi deyir ki, həyatının altı üstünə gəldi deyə narahat olma. Nə bilirsən, altının üstündən yaxşı olmayacağını. Həyatımızda baş verən neqativlər bəlkə bizi yaxşılığa doğru aparır. Neqativ nəsə baş verən kimi həmən falçılara gedəndə o da ağlına gələn nəyisə deyir, səhv yola yönəldir. Bizim psixoterapevtlərimiz var. İnanmaqdan daha çox, onun dediyi bəzi sözləri, ondan alacaqları “mənəvi dəstək” üçün gedirlər. Onlar da çox vaxt yaxşı sözlər deyirlər. Mənə elə gəlir ki, araşdırıb yaxşı psixoterapevtlərin yanına getsələr daha yaxşı olar.
- Həyatınızın ən ağır günü və ya ən ağır hadisəsi hansı olub?
- Hər bir insanın həyatında ağır günü olur, deyə düşünürəm. Mənim də həyatımda ağır günlər olub. İnsanın doğmalarını itirməsi, həyatında ən ağır hadisədir. Ölüm haqdır və bu bizim ixtiyarımızda deyil. Doğulacağımızı kontrol edə bilmədiyimiz kimi ölümümüzü də kontrol edə bilmərik. Düzdü, ölümün vaxtını sağlam qida, sağlam həyat ilə müəyyən qədər yubatmaq olar. Amma bu da Allahın əlindədir. Mənə elə gəlir ki, insanın həyatında ən ağır hadisə doğmalarının itirməsidir. O da çoxları kimi mənim də başıma gəldi. Bu da bir təsadüfdür ki, ən ağır sual axıra düşdü.
***
15:31
Əməkdar artist, teleaparıcı Nailə İslamzadə Lent.az-ın qonağı olub.
O, “Məndən soruş” layihəsində sualları cavablandırıb.