Bakının "ağ ölüm" yuvasından REPORTAJ  - VİDEO
01 sentyabr 2022 15:18 (UTC +04:00)

Bakının "ağ ölüm" yuvasından REPORTAJ - VİDEO

“Biləcəri qəsəbəsindəyik. Artıq bir neçə gündür sosial media gündəmini məhz bu məhəllələrdə narkotik vasitələrin açıq satışı ilə bağlı faktlar zəbt edib. Hazırda Məmiş Abbasov küçəsindəyik. O, küçə ki ...sakinlərin təbiri ilə desək, iki evdən birində rahat və açıq şəkildə elə günün günorta çağı narkotik vasitələr satılır”. 

Günlərdir APA TV-nin qaynar xətti susmur. Hər zəng edən 5 şəxsdən 2-si Biləcəri sakinidir. Hamısı da narkotik vasitə satışının tüğyan etməsindən şikayətlənir, imdad diləyir. Övladlarının, əzizlərinin “ağ ölümün” pəncəsində olduğunu deyirlər.

Biləcəri sakinləri ilə söhbətimizin bu yerində başqa bir vətəndaş söhbətimizə qəribə arqumentlə müdaxilə edir. Deyir ki, satış olsa da, bariqalar yoxdur...

Biləcəridə rastlaşdığımız Şükufə xanımın övladı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul imiş. Deyir ki, onu bu yoldan döndərmək üçü hər şey edib, amma bacarmayıb:

“Şükufə xanım çoxdurmu narkotik vasitə satan qonşularınız? Qızım, çoxdur nədir ki... Əllərindən bezara gəlmişik. Kimə şikayət edəsən? Bilirsiz, gedib yalvarıram, elik, camaatıq, qonşuyuq. Dalaşıram da, inanın Allaha, yalvarıram. Deyirəm, bala, dədən-baban bu işlə məşğul olmayıb, nolar eləmə, sən pul qazanacaqsan deyə, bizi niyə bədbəxt edirsən? Bu məhəllədə 15 azyaşlı oğlan böyüyür. Onların içində mənim nəvələrim də var. Hər gün namazda dua edirəm, Allaha yalvarıram ki, uşaqlar bu bəladan uzaq olsun. Birini qurban verdim... Qızım, gücüm çatmadı... Əllərimə bax... Bunları atasız, fəhləliklə böyütmüşəm...Gücüm də yetmir”.

Eləcə məhəllələri gəzirik. Bizi hər görən sakin “gəncləri ölməyə qoymayın” deyə, imdad diləyir...

Çəkiliş qrupumuzla sakinlərin göstərdiyi satış nöqtəsinə yaxınlaşırıq.

Bura sizin də gördüyünüz kimi mal tövləsidir. İki inək var və sakinlərin gözü qarşısında “Mərəzə pasyolkası” adlanan məhəllənin ən qaynar nöqtələrindən biri buradır. Burda gün ərzində açıq satışdır. Alış, satış və bax bu tövlədə.

Qəsəbə içərisində irəlilədikcə daha bir satış nöqtəsinə baş çəkirik. Qapını ağbirçək bir qadın açır:

-Salam. Axşmınız xeyir. Neçə ildir burda yaşayırsız?

-1956-cı ildən. Əslən Şamaxıdanam. 6 övlad anasıyam, ikisi rəhmətə gedib.

-Deyirlər, gün ərzində sizin bu qapınız bağlı olmur...

-Yoo, burdayıq da.

-Niyə övladlarınız narkotik vasitə satır?

-Kim deyir, yalan deyir, düşmənçilik edirlər.

-Siz necə rahat icazə verirsiniz onlara? Qonum-qonşunun övladları bu bəladan ölür.

-Mənim uşaqlarım satmır...

Belə... Sakinlər yenidən Daxili İşlər Nazirliyinə müraciət etdiklərini bildirdilər. Biz də onlar kimi Azərbaycan polisinə inanırıq. Əminik ki, tezliklə vəziyyət tam nəzarətə götürüləcək və qısa müddətdə bu qəsəbə öz təmiz günlərinə qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar