Cons Hopkins Universitetinin (ABŞ) mütəxəssislərinin hazırladığı robot insan müdaxiləsi olmadan müstəqil şəkildə mürəkkəb əməliyyat həyata keçirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, robotlaşdırılmış sistemi Smart Tissue Autonomous Robot (STAR) insan köməyi olmadan anastomozu - bağırsağın bütövlüyünü bərpa etmək üçün əməliyyatı həyata keçirə bilib. Maşın donuzu əməliyyat edib, bağırsağın ayrı-ayrı fraqmentlərini birləşdirib və tikib. Alimlərin sözlərinə görə, robot artıq dörd belə əməliyyat həyata keçirib və hamısı uğurlu olub.
Jurnalistlərlə söhbətində mütəxəssislər bildiriblər ki, anastomoz çox mürəkkəb prosedurdur, çünki cərrahdan konsentrasiya və dəqiqlik tələb olunur - istənilən kiçik səhv orqanizmin hermetikliyinin pozulmasına səbəb ola bilər.
İş canlı orqanizmin daimi hərəkətdə olması ilə çətinləşir. Alimlərin sözlərinə görə, onların robotu ilk dəfə canlı insandan daha sürətli və daha yaxşı əməliyyat həyata keçirib.
Robot yaxın infraqırmızı və struktur işıq kameraları ilə təchiz edilib və onların köməyi ilə xəstənin bədəninin üçölçülü xəritəsini yenidən yarada bilir.
STAR-ın yaradıcısı Aksel Kriqer bildirib ki, robot gələcəkdə kiçik kəsiklər vasitəsilə şişləri çıxarmaq kimi daha mürəkkəb əməliyyatlar həyata keçirə bilər.
Kriqer onu da qeyd edib ki, gələcəkdə insanları əməliyyat edə biləcək robot-cərrahın yaradılması tamamilə mümkündür. Belə sistemlər əməliyyatları ənənəvi əməliyyat otaqlarından kənarda - məsələn, xəstəxanaya gedən yolda təcili yardım maşınında həyata keçirə bilər.
İlk Smart Tissue Autonomous Robot 2016-cı ilin may ayında yumşaq toxuma əməliyyatı həyata keçirib. Sonra elm adamları maşının kəsikləri və tikişləri çox diqqətlə etdiyini, lakin bütün prosedurlara canlı cərrahdan beş dəfə çox vaxt sərf etdiyini görüblər.