Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə belə insanlar fləşkalardan, yəni USB-daşıyıcılardan istifadə etməyə davam edirlər. Bu kiçik yaddaş qurğuları hələ də lazım olur, lakin hər zaman tez-tez istifadə edilmir. Buna görə də bəzən fləşka illərlə masa çəkməcəsində istifadəsiz qala bilir.
Elektrik enerjisi olmadan fləşkada məlumatlar nə qədər saxlanılır
Lent.az xəbər verir ki, hesab olunur ki, USB-daşıyıcıdan illərlə istifadə edilməsə belə, o, öz-özünə sıradan çıxmır. Lakin yaddaş hüceyrələrində yükün sızması və ya onların deqradasiyası baş verərsə, daşıyıcıdakı məlumatlar silinə və ya zədələnə bilər. Fiziki nasazlıqlar adətən uzun müddət istifadə olunmamaqla deyil, konnektorun və ya kontrollerin aşınması ilə bağlı olur. Keyfiyyətli fləşkalar məlumatları onilliklər ərzində saxlaya bilər, ucuz qurğular isə bir neçə ay ərzində sıradan çıxa bilər.
Reddit istifadəçiləri fləşkadan uzun müddət istifadə edilmədikdə nə baş verdiyini və onunla hər hansı problemin yarana bilib-bilməyəcəyini müzakirə ediblər. İstifadəçilərdən biri bildirib ki, qurğudakı yaddaş elektrik yükü hesabına işləyir. Zamanla bu yük azalır və məlumatların neçə il problemsiz saxlanılacağı yaddaşın növündən, fləşkanın yaşından və tipindən asılıdır. Məlumatların itməsi və fləşkanın sıradan çıxması riskini azaltmaq üçün faylları daşıyıcıya mütəmadi olaraq yenidən yazmaq tövsiyə olunur təxminən 1-2 ayda bir. Müzakirənin bir çox iştirakçısı isə illərlə istifadə olunmamış köhnə fləşkaları kompüterə qoşaraq içindəki məlumatlara baxdıqlarını və cihazların 5, 10, hətta 15 ildən sonra belə işlək vəziyyətdə olduğunu bildiriblər. Bununla belə, istifadəçilər fləşkanı vacib məlumatlar üçün yeganə daşıyıcı kimi qəbul etməyi tövsiyə etmirlər. Əhəmiyyətli məlumatlar mütləq şəkildə bulud yaddaşlarında və ya digər yaddaş kartlarında da saxlanılmalıdır, çünki hər zaman fləşkanın işləməməsi riski mövcuddur. Vacib məlumatların itirilməməsi üçün USB-daşıyıcını vaxtaşırı kompüterə və ya noutbuka qoşmaq, faylları yoxlamaq və fləşkanın enerji yükünü “yeniləmək” tövsiyə olunur.