Dünyada ən çox qazanan "CEO"lar  kimlərdir? Milyonlar.. - SİYAHI
01 iyun 2022 10:14 (UTC +04:00)

Dünyada ən çox qazanan "CEO"lar kimlərdir? Milyonlar.. - SİYAHI

 “CEO” dedikdə şirkətin gələcəyini planlaşdıran və direktorlar şurasına hesabat verən şəxs nəzərdə tutulur. İngilis dilində "Chief Executive Officer” vəzifəsinin qısaltmasıdır. Azərbaycan dilinə çevirəndə icraçı direktordur. İcraçı direktorlar şirkətin rəhbəri və ən əsas aparıcı işçisidir. Vəsifə baxımından digər işçilərdən üstündür. 

Ötən ilin “Fortune 500” siyahısında yer alan şirkətlərin “CEO”lara ödədiyi pullar təhlil edilib. “Fortune” 2021-ci ildə ən çox maaş alan 10 “CEO”nu açıqlayıb. Texnoloji şirkətləri idarə edənlər siyahıda ön sıralarda olsa da, birinci yerin sahibi tanış bir addır. 

Lent.az dünyanın ən çox maaş alan 10 “CEO”sunu təqdim edir: 

Siyahının onuncu yerinin sahibi Safra A.Katzdır. Dünyanın ikinci böyük proqram təminatı şirkəti olan “Oracle”ı idarə edən Katz 2021-ci ildə 239,5 milyon dollar qazanıb. Katz həm də ilk 10-luqda yeganə qadındır. 

“Broadcom”un baş direktoru Hok E.Tan siyahıda doqquzuncudur. Tan keçən il 288 milyon dollar məvacib alıb. 

“Activision Blizzzard”ın “CEO”su Robert A. Kotik son zamanların ən çox danışılan adlardan biridir. Şirkət bu yaxınlarda 68 milyard dollar dəyərlə “Microsoft”a qoşulacaq. Şirkətin baş direktoru Kotik 296,7 milyon dollar gəlirlə siyahıda səkkizinci yerdə qərarlaşıb.

Bill Qeytsdən sonra “Microsoft”un rəhbəri olan Satya Nadella şirkətin gəlirlərini artırmağa davam edir. Bu artım Nadellanın cibində də özünü göstərir. Satya Nadella 2021-ci ildə 309,4 milyon dollar qazanıb.

Siyahıda altıncı yerdə “Saleforce”un qurucusu və baş direktoru Mark Benioff qərarlaşıb. Benioff şirkətin kiçik bir hissəsinə sahib olsa da, hələ də “Salesforce”u idarə edir. O, 2021-ci ildə 439,4 milyard dollar gəlir əldə edib. 

Siyahıda texnologiya sahəsində olmayan yeganə ad Leonard Şlayferdir. O, 452,9 milyon dollar gəlirlə 5-ci yerdədir. Şlayfer dərman şirkəti olan “Regeneron”u idarə edir. 

“Netflix” 2022-ci ildə çətin günlər keçirsə də, 2021-ci ildə inkişaf etməyə davam edirdi. Bu inkişaf “CEO” Rid Hastinqsin gəlirlərində də özünü göstərirdi. Beləliklə, Hastinqs illik 453,5 milyon dollar qazancı ilə siyahıda 4-cüdür.

Koronavirus pandemiyası zamanı gəlirli sahələrdən biri də çip istehsalı şirkətləri idi. Yaşanan çip çatışmazlığı şirkətlərin gəlirlərini artırırdı. Çip istehsalçısı “Nvidia”nın baş direktoru Censen Huanq keçən il 561 milyon dollar qazanc əldə edib.  

Smartfon bazarının aparıcı istehsalçısı “Apple” şirkətinin baş direktoru Tim Kuk ən çox maaş alan ikinci “CEO” oldu. Kuk ötən il 770,5 milyon dollar gəlir əldə edib. Onun qazancının əhəmiyyətli hissəsini səhm zəmanətləri təmin edirdi.  

Dünyanın ən varlı adamı İlon Mask həm də ən yüksək qazanan “CEO” oldu. Mask 2021-ci ildə 23,5 milyard dollar qazanıb və bu sahədə qırılması çətin olan rekorda imza atıb. İlon Maskın gəlirinin mühüm hissəsi ona verilən səhmlər olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5541
avatar

Sevinc Fərid

Oxşar yazılar