Lent.az Ulucay Akifin Kulis.az-dakı yeni yazısını təqdim edir.
Zaman 2020-ci il 27 sentyabr tarixindən uzaqlaşdıqca, Qarabağ savaşının bizə yaşatdığı odlu-alovlu duyğular da yavaş-yavaş öləziyir. Artıq xalq olaraq həmin günləri daha təmkinlə, daha soyuqqanlı xatırlayırıq. Bundan da təbii heç nə yoxdur.
Zaman hər şeyi – tarixi, yaddaşı, münasibətləri – ütülədiyi kimi, duyğularımızın da üstündən ehtiyatla keçib hamarlaşdırır.
Beş ilin az, ya çox müddət olduğunu deyə bilmərəm. Çünki indi dayandığım tarixdən 2020-ci ilə boylanıb Vətən savaşımızı xatırlayanda, o hadisələrin dünən, yoxsa yüz il qabaq baş verdiyini aydınlaşdıra bilmirəm.
Beş il... Atası şəhid olanda hələ anasının bətnində uyuyan körpələr bu gün məktəb partası arxasına keçməyə hazırlaşır. Məktəbliləri universitetlərə qəbul olub, ali təhsil alanları isə çoxdan məzun olub iş masası arxasına keçib.
Bu gün rastıma bir şəkil çıxdı: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.
Generalımızın anası Səmayə xanımın çöhrəsinə və ağ saçlarına, Leyla Əliyevanın tutduğu əlinə baxıb fikrə gedirəm, görəsən, bu beş il onun üçün necə keçib? 2020-ci il ona çox uzaq görünür ya elə dünən kimi, nə vaxtsa körpə Poladı qucağına aldığı gün kimi xatırlayır?
Bəs Polad Həşimovun yoldaşı, övladları necə xatırlayır 2020-ci ili, Vətən savaşını?
Vaxt hamı üçün eyni keçsə də, həmin o zaman ütüsü hər kəsin duyğularını, hisslərini eyni dərəcədə hamarlaşdırmır.
Şübhəsiz, bir şəhid anası, bir şəhid yoldaşı, bir şəhid övladı üçün bu beş ilin nə demək olduğunu biz bilmərik.
Zaman və xalq arasındakı münasibətləri həm də dövlət tənzimləməlidir deyə düşünürəm. Dövlət yaddaşımızın hansı qırışlarının açılmalı, hansının heç vaxt açılmamalı olduğunu yaxşı bilir. Çünki “unutmaq” həmişə yaxşı olmur, bunu bilirik.
Heç vaxt hamarlaşmayacaq duyğuların, hisslərin də sığalını dövlət çəkməlidir və çəkir də.
Tez-tez rastıma çıxır, Leyla Əliyeva və Arzu Əliyeva şəhid ailələri, şəhid övladları ilə görüşürlər, onlarla birgə bayram qeyd edirlər. "Mənim atam qəhrəmandı", Mənim oğlum qəhrəmandı" deyilən görüşlərdə iştirak edirlər.
Həmin o tədbirləri görəndə, başa düşürəm ki, düşmənə göstərməyə dəmir yumruğumuz olduğu kimi, doğmalara çəkməyə sığal əlimiz də var.
Beş il çoxdur, yoxsa az, bilmirəm, amma Polad Həşimovun təbəssümünü, Xudayarın səsini unutmamaq üçün həmişə bir sığal əlimiz olmalıdır zaman ütüsünə qarşı. Yaxşı ki də var!