Bal şəfaverici təsiri çox güclü və əvəzsiz qidalardandır.
Eyni zamanda, müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir.
Amma bütün bu xüsusiyyətləri yerinə yetirə bilməsi üçün balın təmiz və keyfiyyətli olması vacibdir. Təmiz balı əldə etmək elə də asan deyil. Bu səbəbdəndir ki, təmiz balı hər kəs ancaq kənddəki qohumundan, tanışından əldə etməyə çalışır.
Bazarlarda, mağazalarda istədiyimiz formada və qablaşdırmada bal satılır. Yəni bal tapmaq yox, təmiz bal tapmaq müşküldür.
Məsələn, sentyabrın 28-dən oktyabrın 18-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirildi. Yarmarkada satışa çıxarılan balın keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, yarmarkaya çıxarılan balın ekspertizasının düzgün aparılmaması ilə bağlı birliyə şikayət daxil olub: “Daşkəsəndə yaşayan Bəndər Əsgərov 30 ildir arıçılıqla məşğul olduğunu bildirib. Dediyinə görə, keçən il yarmarkaya gətirdiyi balın yarısını yarasız çıxarıblar və satışa buraxmayıblar. Bu il 250-300 kiloqram bal gətirib və keçən il keyfiyyətsiz olduğu deyilən balı bu il yararlı çıxarılıb. Qalan mallarını isə yararsız çıxarıblar, geriyə aparmasına da icazə verməyiblər. Qeyd edib ki, ondan ekspertizaya görə pul alınıb və qəbz verilməyib. O soruşur ki, ötən il keyfiyyətsiz olduğu iddia edilən balın bu il yaxşı çıxarılması necə baş verir?”.
AİB sədri qeyd edib ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə zəng vursa da, problemin həllinə çarə tapa bilməyib: “Həmin məktubu araşdırmaları üçün Vergilər Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə göndərdim”.
Adı çəkilən sahibkar Bəndər Əsgərov da bildirib ki, uzun illərdir arıçılıqla məşğul olur və keyfiyyətli bal istehsal edir: “Ölkə Prezidenti İlham Əliyevə minnətdaram. Biz arıçılara arıçılığın inkişafı üçün maliyyə yardımı göstərilir. Amma istehsal etdiyimiz balı yarmarkaya çıxaranda, təşkilatçılar bizi peşiman edir. Təşkilatçıların bütün qohumları yarmarkada bir stol tutur, mənim balımı keyfiyyətsiz elan edirlər və satmaq üçün stol vermirlər. Ötən il balımı saxta çıxardılar. Qaytarıb gətirdim. Həmin baldan az qalmışdı. Bu il həmin balı yenə satışa çıxardım. Yarmarkada bu il apardığım təzə balı saxta çıxardılar, amma ötənilki balı, təmiz çıxardılar. Necə olub ki, bal bir ildən sonra keyfiyyətini artırıb. Bir sözlə, bəhanə ilə məni yarmarkaya buraxmadılar”.
Sahibkar bildirib ki, arıçı olduğu üçün ekspertiza olmadan da balın dadı və iyindən keyfiyyətini təyin edə bilir.
Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramov məsələ ilə bağlı deyib ki, Daşkəsəndə və Astarada arıçıların sayı çox olduğundan yarmarkada iştirakları problem yaradır: “Biz arıçılara demişik ki, həyətində 20 arı saxlamaq arıçı olmaq deyil. Onlar çox zaman balı hardansa alırlar, özləri süzmürlər. Çox zaman da belə ballar keyfiyyətsiz olur. Bu cür arıçıların yarmarkada iştirakında məhdudiyyətlər qoyulur”.
Qeyd edək ki, yarmarkaya çıxarılan balın ekspertizasının hansı formada aparılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərmişik. Qurum sorğumuzu cavablandırdığı zaman yazıya əlavə olunacaq.