Oktyabr ayının 12-də Tokyonun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilmişdir.
Nitqini azərbaycan dilində açan Ə. Məmmədov daha sonra yapon dilində ilk öncə Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat vermişdir. Seminarda ümumilikdə 70 nəfər iştirak etmişdir.
Azərbaycanda İslam dininə inanan insanların çoxluq təşkil etməsini bildirən Ə. Məmmədov qeyd etmişdir ki, Azərbaycanda din və siyasət bir-birindən ayrıdır. Bu isə öz növbəsində digər dinlərin nümayəndələrinin də özlərini tam rahat hiss etməsinə şərait yaradır. Ölkə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına rəğmən burada çoxsaylı millətlərin nümayəndələrinin də bir-biri ilə dostluq və əminamanlıq şəraitində yaşamaları xüsusi ilə vurğulanmışdır. O qeyd etmişdir ki, Azərbaycan dünya ölkələri üçün toleyrantlıq nümunəsi ola bilər.
Azərbaycanın təbii sərvətlərlə zəngin olduğunu qeyd edən Ə. Məmmədov ölkənin zəngin neft və qaz yataqları haqqında geniş məlumat vermiş və bu sərvətlər nəticəsində ölkə iqtisadiyyatının gözəçarpacaq dərəcədə sürətli inkişafa nail olduğunu qeyd etmişdir.
Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspora rəhbəri bildirmişdir ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkənin kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilmişdir.
Ə. Məmmədov bildirmişdir ki, azərbaycanlıların tarixi sadəcə ölkə daxilində yaşayan insanlarla məhdudlaşmır. Azərbaycanlılar tarixi bir neçə əsr ərzində bütün dünyaya yayılmışdır. Tarixən bütün dünyaya səpələnmiş azərbaycanlıların xarici ölkələrdə fəal şəkildə diaspora fəaliyyəti ilə məşğul olduğu haqqında məlumat verən diaspora rəhbərimiz bu işdə Dünya Azərbaycanlıları Assambleyasının xüsusi rol oynamağa başladığını qeyd etmişdir. O bildirmişdir ki, yeni yaranmasına baxmayaraq, Dünya Azərbaycanlıları Assambleyası bir çox uğurlara imza atmış və bu təkcə dünyanın ayrı-ayrı ölkələrində deyil, həm də Azərbaycanda geniş müzakirə predmetinə çevrilmişdir. DAA-nın əsas ofisinin Almaniyada yerləşdiyini qeyd edən Ə. Məmmədov bildirmişdir ki, bu təşkilat ətrafında dünyanın ayrı-ayrı ölkələrində kifayət qədər böyük işlər görmüş biznes adamları, yüksək təhsilli tələbələr cəmləşmişlər. Əsas məqsədi dünyada Azərbaycanın tanıdılması, onun haqqında müsbət rəyin formalaşdırılması, Azərbaycanın dostlarının sayının artırılması və bu yolla Azərbaycan həqiqətlərinin çatdırılmasıdır.
Diaspora rəhbərimiz sonda xüsusilə son 3 ildə sürətli inkişaf yolu keçmiş Yaponiya-Azərbaycan əlaqələri haqqında məlumat verərək bildirmişdir ki, son illər xüsusilə mədəni əlaqələr və iki ölkə arasında insan mübadiləsinin sürətlənməsi xoş haldır.
Hər iki ölkə arasında yüksək səviyyəli insanların qarşılıqlı səfərləri haqqında danışılmışdır. Ə. Məmmədov bu işdə xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin Sədri Oktay Əsədov, Baş Nazirin Müavini Əli Həsənov, Prezidentin köməkçisi, Prezident Aparatının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun Yaponiyaya səfərləri, Yaponiya tərəfdən isə Baş Nazirin Müavini eyni zamanda Maliyyə Naziri Taro Asonun, Nazir Amari Akiranın və digər yüksək rütbəli şəxslərin səfərlərinin xüsusi əhəmiyyət daşıdığını və iki ölkə arasında siyasi sferada yaxınlaşmanın olmasından xəbər verdiyini qeyd etmişdir.
Qeyd edək ki, Azərbaycanla bərabər Sinqapur, Avstraliya, Hindistan, İsveçrə, Çin, Cənubi Koreya, Gürcüstan, Özbəkistan və İrandan olan doktorant tələbələr də fəal şəkildə ölkələrini təmsil etmişlər.
Ə. Məmmədov qeyd etmişdir ki, bu dərslər artıq bir ənənə halını almaqdadır. Tokyo məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı analoji dərslərin keçirilməsi və yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması planlaşdırılır.