Xallar nə zaman təhlükəli olur? - DİQQƏT!
04 noyabr 2016 20:37 (UTC +04:00)

Xallar nə zaman təhlükəli olur? - DİQQƏT!

“Bədxassəli xallar əksər hallarda sağlam dəridə əmələ gəlir”
 
“Xalları şüalardan, solyaridən qorumaq lazımdır”
 
“Bədxassəli prosesin yaranmasında irsi amil önəmli rol oynayır”
 
“Xal şübhə yaradırsa, çıxarılması məqsədəuyğun sayılır” 
 
 
“Dəridə istər bəd, istərsə də xoşxassəli törəmələrin, xalların inkişafına hər yaşda rast gəlmək mümkündür”.
 
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoveneroloq, uzman doktor Firayya Məmmədova deyib. 
 
Mütəxəssis bildirib ki, xallar hər zamankı rəngində, normal sərhədindədirsə, illərlə böyüməyibsə, qorxulu sayılmır. Şübhəli sayılacaq hallar xalda yeni rənglərin əmələ gəlməsi, rənginin itməsi, xalın sərhədində nahamarlıq, üzərində girinti-çıxıntı, sızanaq yaranması, qanaması sayılır. Bu əlamətlər şübhələnmək, diqqətli olmaq üçün əsas sayılır”.
 
Bədxassəli xallar barədə danışan mütəxəssis deyib ki, xalların bir növü olan malin melonomlar dünyada geniş yayılan xərçəng tipləri içərisində 6-cı yerdə dayanır. Onun sözlərinə görə, malin melanomlar daha riskli, daha aqressiv gedişata malikdirlər.
 
Həkim bildirib ki, bu tip xallar 70-80 faiz hallarda sağlam dəridə, 20-30 faiz hallarda isə mövcud olan xallar üzərində meydana gəlirlər. Bu, bədəndə olan melanisit hüceyrələrin atipik, yəni anormal olaraq çoxalması kimi qəbul edilir. Mütəxəssis deyib ki, uşaqlıqdan daha çox Günəş şüasına məruz qalanlar, Günəş yanıqları keçirənlər, dəridə xalların sayının daha çox olması risk amilini artırır. 
 
Onun sözlərinə görə, dəridə xalların sayının 50-dən çox olması risk faktorunu artıran hal sayılır. Bədəndə xalların sayının 100-dən çox olması isə malin melanom riskinin normal insanlarla müqayisədə 10 dəfə artıq olması deməkdir.
 
Dermatoloq deyib ki, problemin yaranmasında ən önəmli faktorlardan biri irsi amildir. Ailədə bir şəxsə malin melanom diaqnozu qoyulubsa, bu zaman ailənin digər fərdlərinin də diqqətdə saxlanması lazımdır.
 
F.Məmmədova problemə daha çox qırx yaşdan sonra, ağ dərili insanlarda rast gəlindiyini də açıqlayıb. 
 
Mütəxəssis xalların vaxtında ilkin müayinəsinin çox önəmli olduğunu da vurğulayıb: “Bədxassəli xallar bəzən mütəxəssisləri belə çaşdıra bilir. Onlar çox zaman ekzemalar, göbələklər kimi görünür. Şübhə yaranan kimi xallardan biopsiya nümunələrinin götürülməsi çox önəmlidir. Təəssüf ki, bizdə illərdir ki, “xala toxunmaq olmaz” kimi yanlış təsəvvür var. Xallardan biopsiya alınması, yaxud da onların çıxarılması nə onların yayılmasına, nə də daha pis bir vəziyyət yaranmasına gətirib çıxarır.
 
Ümumiyyətlə, bu gün xalla bağlı hər hansı şübhə varsa, onun çıxarılması məqsədəuyğun sayılır”. 
 
Mütəxəssis deyib ki, bədxassəli xallar, dəri törəmələrinə daha çox bədənin burun, alın, qulaq, dodaq bölgəsində rast gəlinir: “Bu problemlər Günəş şüalarına daha çox məruz qalan bölgələrdə meydana gəlir. Amma təbii ki, onlar növlərinə görə yerlərini dəyişirlər. Daha çox ultrabənövşəyi şüaların təsiri altında dərinin qoruma funksiyası pozulur və bədxassəli törəmələrin əmələ gəlməsi prosesi başlanır”. 
 
Dermatoveneroloq bu problemlərin yaranmasında irsi faktorla yanaşı insanın çalışdığı mühitin də rolunun olduğunu açıqlayıb. Uzun zaman kimyəvi maddələrlə, zəhərli qazlarla təmasda olan, şüalanmaya, radiasiyaya məruz qalan, insanlarda bədxassəli dəri törəmələrinə rast gəlinmə faizi daha çoxdur.
 
Mütəxəssis, problemin daha çox dərinin zədələndiyi, daha zəif olduğu nöqtələrdə inkişaf etdiyini qeyd edib. 
 
Həkim onu da deyib ki, bədxassəli xallar, dəri törəmələri yaraya çevrildiyi zamanlarda ağrı verməyə başlayırlar: “Xəstələr ən çox qanama, yara olduğu dönəmlərdə həkimə müraciət edirlər. Yəni hər hansı şübhə yoxdursa, xüsusi bir əlamət qeydə alınmayıbsa, xalları müayinə üçün çox nadir hallarda həkimə müraciətlər olur”.
 
Onun sözlərinə görə, hamiləlik zamanı, ondan sonra, arıqladıqda xalların görünüşünün, rənginin, strukturunun dəyişməsi mümkündür və bu, hormonal dəyişikliklər, dərinin dartılması sayəsində baş verir.
 
F. Məmmədova xallara, dəri törəmələrinə süni Günəş vannalarının təsiri barədə də danışıb. O, solyarinin bu problemə mənfi təsir göstərdiyini vurğulayıb: “Epilyasiya, pilinqlər zamanı xalın qorunması mümkündür. Amma süni günəş vannaları qəbul edəndə bunu etmək çətin olur. Yaxşı olar ki, etməsinlər, biz məsləhət görmürük. Solyari həm dərinin yaşlanması, həm də malin melanom yaranması riskini artırır”.
 
Mütəxəssis xalların, ümumiyyətlə, dərinin qoruması üçün qoruyucu kremlərdən istifadənin böyük rolunun olduğunu açıqlayıb. O, 50 faktor qoruyuculuğu olan kremlərdən istifadəni tövsiyə edib. Dermatoloqun sözlərinə görə, qoruyucu kremləri ilin bütün fəsillərində evdən çıxanda çəkmək lazımdır: “Günəş şüaları ilə, işıqla, kompüterlə təmasda olan şəxslər hər zaman qoruyucu kremlərdən istifadə etməlidirlər”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4584
avatar

APA TV

Oxşar yazılar