Xalidə Xalid: “Təsəvvür edin, Təbriz radiosunda “Yanıq Kərəmi” çalınır və mən müstəntiqə ifadə verirəm”
14 noyabr 2013 09:49 (UTC +04:00)

Xalidə Xalid: “Təsəvvür edin, Təbriz radiosunda “Yanıq Kərəmi” çalınır və mən müstəntiqə ifadə verirəm”

Bu o prinsipdən yaranmır ki, nə zaman dincələcəyik. Sadəcə xarakterim belədir. Evdə də boş dayana bilmirəm. Bekar olan kimi təmiz evi təzədən töküb yığışdırıram”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan AMEA Ədəbiyyat İnstitunun elmi işçisi, araşdırmaçı-yazar Xalidə Xalid deyib. 

 

O bildirib ki, istirahət eləməyi yadırğamaq yaxşı hal deyil: “Nə zamansa mən də istirahət etmişəm. Amma həyatımın elə dönəmləri olub ki, istirahət etməkdən qorxmuşam. Düşünmüşəm ki, istirahət etsəm, həmin an əlimdən çıxa bilər. Onu özümə o qədər təlqin eləmişəm ki, o qorxu içimdə var. Bu qorxunu qovub əvvəlki vəziyyətimi bərpa etməyi də çox istəyirəm”.

 

Xalidə Xalid İranda həbsxanada keçirdiyi anları belə xatırlayıb: “Çox qəribə an yaşayırdım, içimdə üç yol var idi. Bir qadın, bir insan və bir yazar. Amma mən qadın olmağımı unutdum, vətəndaş olmağa çalışdım. O zindan həyatından sonra düşünürəm ki, vətəndaşlığıma xəyanət etmədim. O gün iş yoldaşlarımdan biri mənə deyir ki, doğurdanmı bu məmləkətə bu qədər bağlısınız ya əksəriyyət kimi boğazdan yuxarı iş görmürsünüz? Mənim əvəzimə başqa bir iş yoldaşım cavab verdi ki, səmimidir. Biz xalq, millət olaraq tablaşan, dözənik. Tanrı verib bizə bu xüsusiyyəti. Tablaşmasaq bizim heç nəyimiz olmazdı. Millət ola, xalq ola bilməzdik. Mən həmişə Azərbaycan türkü olmağımla fəxr etmişəm. Dözə bilməsəydim çox şey ola bilərdi. Məni sındıra, özəlləşdirə bilərdilər. Azərbaycandan gedib orda yaşaya bilərdim. Zəif insan olmadım, zəif insanı sındırmağa nə var ki?”

 

Xalidə Xalid həbsxana və zindan anlayışlarının fərqli olduğunu deyir: “Mən orada zindanda idim, Hər şeydən təcrid olunmuşdum. Heç kimlə ünsiyyətim yox idi. Nə olsun ki, hər şərait var idi. Qadınlar ora gigiyenik tələbatlar zamanı gəlirdilər. Məmurlar əsasən kişilər idi. Amma axşam saat 9-dan sonra məni aparırdılar qadın həbsxanasına, artıq orda məmurlar da qadın olurdu. Təbrizdə saxlanılırdım. Tək siz demirsiniz, hamı yarızarafat deyir ki, Təbrizin zindanına da quzu kəsim. Mən bu fikri qəbul etmirəm. 2006-cı ildə Məşhəd ziyarətində olmuşdum orda, bir də bizim Astarada tədbir var idi, ora getmişdim. Orada sürücüm dedi ki, Xalidə xanım olar, mən İran Astarasına keçim? Həm maraqlıdır, həm də bazarlıq üçün gedim. Dedim mən də gedim, kitab mağazalarına baş çəkərəm. İndi populyar olan İlqar Məzinzadə var. Onunla internetdə tanış olmuşdum. Şəhriyarın son beş ildə Heydər babaya yazdığı nəzirələrlə bağlı "Üçlü literatur" deyilən bir sayt var. O çıxıb dedi ki, mən də şairəm, yazaram.  Məndə bicliklər yoxdur, düşünüm ki, görəsən bu kimdir, nəçidir? Həmin gün mənə 6 nəzirə yolladı. Dedi ki nə material, desəniz var. Sonra dedi ki, sizə 12 cildlik kitab da tapmışam. Mən Astarada olanda əlaqə saxladım ki, İlqar, mən Astaradayam, bəs tapdıqlarını mənə göndər. Dedi, bura gəlmisinizsə, Meşkinə gəlməmək günah olar. Anası da danışdı, dedi ki, mütləq gəlin. Çox gözəl qarşıladılar, şairlərin məclisi oldu, axşam Şəhriyar anıldı. Planlaşdırdım, dedim ki, İlqar müəllim, mən heç zaman Təbrizdə  olmamışam, mütləq gələcəyəm. Kitabları da götürüb səhəri gün qayıtdım. Sonra yenə İrana qayıtdım. Lirə getdik, Səryənə getdik, Xoşginaba getdik, Herydərbaba dağına çıxdım, Meşkində qaldım, Təbrizə döndüm”.

 

Aparıcıların suallarını cavablandıran Xalidə Xalid deyib ki, əgər İran üçün təhlükəli füqur idisə, onda İran tərəfi onu elə sərhədi keçəndə tutmalı idi: “Mənə dedilər ki, protokol qaydalarını pozmusan, çəkilişlər aparmısan, araşdırma aparmısan, gəzmisən. Mənim ora getməyimə görə İranın Azərbaycandakı səfirliyindən rəsmi icazəm olmalı imiş. Deyirdilər ki, icazə almalısan. Mənə demədilər ki, casussan, filan. Suallar olurdu, amma ciddi ittiham yox idi. Amma 32 gün eyni sualları verirdilər. Psixoloji təzyiqini nə olduğunu bilirsiniz? Təbriz radiosu 24 saat efirdədir, “Yanıq Kərəmi” çalınır və Xalidə Xalid ifadə verir. Təsəvvür edirsiniz?  Vaqif Mustafazadənin instrumental musiqisi çalınır, mən ifadə verirəm. Radionu dəhlizdə qoyublar, bütün otağa səs gedir. Hətta mən xahiş edirdim ki, səsi çox gurdur, azaldın. Mənə deyirdilər sizə görə qoymuşuq ki, dincələsiniz, ustadi-Şəhriyar. Son günlər "Sən gəlməz oldun" mahnısını səsləndirirdilər. Mənim acığıma etmişdilər, bunu deyə bilmərəm. Amma təsir edirdi. Verilişlər fars dilində gedirdi, musiqilər bizim idi”.

 

Xalidə Xalid sürücüsü olması faktına da aydınlıq gətirib: “Elmi işçinin sürücüsü olması qəribə görünür. Amma o mənim özəl sektordakı işimə görə sürücümdür. Mən bütün günü rayonlara gedirəm. Bir var gündə kiməsə 150 manat verim, təsadüfü adam olsun, məni aparan. Bir də var aylıq əməkhaqqı verirəm və bir nəfərlə gedirəm. Həm də mənim işimin içində olan biri ilə. Hansı yaxşı olar? Bizim nüfuzlu şöbə müdirlərindən biri deyib ki, mənim evimdə sürücüm, qulluqçum yoxdur, Xalidə Xalid evində qulluqçu saxlayır, Amma  mən bilmirəm  ki, o qulluqçu evimin harasındadır. Mən deyirdim ki,  Ramil Səfərov sağ salamat gəlsin, mən onun üçün qurban kəsim. Gəldi, mən də kəsdim. Ondan sonra Akademiya sistemində ən imkanlı şəxs kimi adım çıxdı. Amma içimdə kim olduğum və nə çəkdiyimlə kiməsə maraqlanmır. Əslində mən o qurbanı imkanı olmayan insanlar üçün payladım. Və o sürücünü də artıq işdən çıxarmışam. Amma yenə də işə maşınla gedib gəlməyə məcburam”.

 

Xalidə Xalid zindanda qaldığı 32 gündə hər gün şükür namazı qıldığını deyib: “O 32 gün həyatım kino lenti kimi gözümün önündən keçdi. Bir də gələnə qədər kim ki, mənim uşaqlarımı tək qoymamışdı, onları gördüm. Və kim ki, onları az qala bütləşdirmişdim onlardan bir zəng belə olmadığını gördüm. O insanlar qorxdular. Onlar bilmirdi ki, mən ölərəm, amma bu millətə, bu dövlətə xəyanət etmərəm? Hər yerdə var o adamlar”.

 

Qonaq “Üç valet” verilişinin aparıcısı İlqar Əlifinin kumiri olduğunu deyib: “İlqar müəllim mənim gəncliyimin kumiridir. Allah atasına rəhmət eləsin, mənim başıma gələnlərin səbəbkarı "Ədilənin taleyi" idi. Mən o kitabı 8-ci sinifdə oxumuşam. Stolüstü kitabım olub, qəribə gəlirdi onun taleyi. Çətin idi amma qadın güclü idi. Deyirdim görəsən bu qədər güclü ola bilərəm? Sonra elə şeylər yaşadım ki, gördüm ki mən də güclüyəmmiş”.

 

Xalidə Xalid qadınların da kişilərə çox sualları olduğunu deyib: “Qadınların sizə veriləcək o qədər sualları var. O qədər qadınlara zülm etmisiniz ki. Qadının müşahidə qabiliyyəti güclü olmalıdır. Müşahidə etmək üçün bəzən 4 divar da kifayət edir. Kişinin ən böyük borcu o qadına dəyər verməkdir. Özüm dediyim kimi qadın idim. Amma qarşımdakı belə çıxmadı. İndi təkəm, iki övladım və mən. Zindanda uşaqlarıma görə ağlayırdım. Onlar tək idilər. Onlar mənim uşaqlarımdır, bilirdim ki, əyilməzlər. Mən olmayanda hamıya hər şeyimiz var deyiblər. Mən xoşbəxt anayam. Onlardan razıyam, istəyirəm elə taleləri olsun ki, onlara baxıb sevinim. Mənim çəkdiklərimi çəkməsinlər. Mənim devizim budur - Öncə vətən, sonra xalq, övladlarım, mən və Şəhriyar”. 

 

# 1132
avatar

Oxşar yazılar