“Azərbaycandan kənarda yaşayan soydaşlarımızı öz tamaşaçılarımıza çevirməliyik”
APATV-nin baş direktoru Vüqar Məsimoğlunun APA-ya müsahibəsi
- Ötən 1 il ərzində APA TV bir layihə olaraq nə dərəcədə özünü doğruldub?
- “APA TV” “APA Holding”in ən uğurlu layihələrindən biridir. Cəmi 1 il ərzində yayımda olmağımıza baxmayaraq, bir çox ilklərə imza atmışıq və “APA Holding” rəhbərliyi tərəfindən qarşımıza qoyulan bir çox vəzifələrin öhdəsindən gələ bilmişik. Biz fəaliyyətə başlayarkən internet televiziyanın Azərbaycan informasiya məkanında öz yerini tutacağına şübhə edənlər var idi və bunu gizlətmirdilər. Şübhə ilə yanaşanların da bir əsası var idi, çünki bu, bir ilk idi. Bu layihənin də uzunömürlü olacağına şübhə edənlər var idi. Amma bizim də beynimizdə cızılmış bir konsepsiya, yol xəritəsi, qarşımıza qoyduğumuz hədəflər var idi. Azərbaycanda bəzi İnternet televiziyalar var idi, amma biz tamamilə fərqli formatda internet televiziya yaratmağı nəzərdə tuturduq.
- Söhbət hansı fərqlərdən gedir?
- Bu ideya ortaya çıxanda “APA Holding” rəhbərliyi ilə dəfələrlə apardığımız müzakirələrdə əslində bir konsepsiya olaraq bir xəbər kanalının açılmasını qarşıya qoymuşduq. APAİnformasiya Agentliyi bu gün informasiyanın cəmiyyətə çatdırılmasında ən önəmli rol oynayan resursdur. Biz artıq bu xəbərlərin cəmiyyətə hansısa formada görüntülü şəkildə çatdırılmasını nəzərdə tuturduq. APA İnformasiya Agentliyində son 3-4 il ərzində də bu işi görmüşdük. Yəni studiyamız var idi, bəzi tədbirlərə, hadisə yerinə çəkilişə gedir, görüntülü xəbər yayırdıq. Amma bunu daha geniş bir konseptdə həyata keçirməyi düşündük. İnternet televiziya ideyasının müəllifi “APA Holding”in rəhbəri Vüsalə Mahirqızıdır. Həm internet məkanında canlı yayım həyata keçirən İnternet televiziya yox idi, həm də bu, doğurdan da ağır bir iş idi. Nəzəri olaraq hər şey fikirləşmək olar, ancaq həm də bunun texniki əsaslarını yaratmaq lazımdır. Televiziya işi üçün də buna cavab verən texniki şərtlər olmalıdır. Mən bu məsələ ilə bağlı da Vüsalə Mahirqızına təşəkkür edirəm. Vüsalə xanım bu televiziyanın həm avadanlıqla təchizatı, həm də kollektivin formalaşdırılması baxımından əlindən gələn hər şeyi etdi. Təbii ki, biz də üzərimizə düşən bu missiyanın ağırlığını anlayırdıq və bu missiyanı boynumuza götürərək bu yola çıxdıq. Əslində bir illə bağlı hesabat vermək asan deyil. Amma bir cümlə ilə desək, bir il ərzində qarşımıza qoyduğumuz məqsədlərə nail olduq.
- Bu məqsədlər nədən ibarət idi?
- Əvvəla, biz bir-biri ilə qarşılıqlı anlaşma şəraitində çalışan bir kollektiv formalaşdırdıq. Ötən 1 il ərzində bu kollektivin “APA Holding”in digər media strukturlarına inteqrasiyasını təmin edə bildik. Elə ən çətin iş də budur. Artıq kollektivimizdə hər kəs televiziyada deyil, “APA Holdinq”də çalışdığını qəbul edir. Bundan başqa, hədəflərimizdən biri sinerjinin, yəni “APA Holding”ə daxil olan informasiya resursları arasında qarışıqlı əlaqənin təmin edilməsi idi. “APA Holding” bu istiqamətdə həmişə uğurlu fəaliyyət göstərib. Lent.az-la APA İnformasiya Agentliyinin qarşılıqlı əlaqəsinin təmin olunması,” Vesti.az”la APA-nın, yaxud “Vesti.az”la “Lent.az”ın və digər media strukturlarının qarşılıqlı əlaqəsi təmin edilib. Biz də bir televiziya olaraq bu sinerjini qurmalı, təmin etməli idik. Bu da birtərəfli bir proses deyil. Mən bu işdə dəstəyini əsirgəməyən “APAHoldinq”ə daxil olan informasiya resurslarının rəhbərlərinə, xüsusən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyevə, “Lent.az”ın baş direktoru Qabil Abbasoğluna, “Vesti.az”ın rəhbəri Araz Zeynalova təşəkkür edirəm. Biz əl-ələ verərək bu sinerjini təmin etdik. Əgər bu gün cəmiyyətə informasiya lazımdırsa, artıq biz birlikdə qarşılıqlı olaraq cəmiyyəti bu xəbərlərlə təmin edə bilirik. “APA Holding”in strukturları arasında qarşılıqlı əlaqəni ən yüksək formada qurmuşuq.
-APA TV-nin tamaşaçı auditoriyasını necə xarakterizə etmək olar?
- İstənilən informasiya resursunun bir auditoriyası olmalıdır. Saytın oxucu auditoriyası, informasiya agentliyinin həm oxucu, həm müştəri auditoriyası, televiziyanın isə tamaşaçı auditoriyası olmalıdır. Ötən 1 il ərzində tamaşaçı auditoriyanın formalaşması üzərində çalışmışıq. Marketinq işi apardıq, bazarı öyrəndik. Təxmini rəqəmlərə görə, Azərbaycanda gündəlik internet istifadəçilərin sayı 600 min nəfərdir. Bu rəqəm nəyə əsaslanır? Məsələn, 1 milyon 300 min “Facebook” istifadəçi var. Bu istifadəçilərin 40 faizi aktiv olmayan istifadəçidir, eyni zamanda bir neçə səhifəsi olan istifadəçilər də var. Şəxsi qənaətimə görə, 600 min aktiv gündəlik internet istifadəçisi var. Hələlik bizim nəzərdə tutduğumuz hədəf auditoriya həmin 600 min nəfərdir. Biz 1 ildə tamaşaçı auditoriyasını stabil olaraq 500-520 min nəfərə çatdırmışıq. Yəni bizim aylıq fərdi istifadəçilərimizin sayı, başqa sözlə, ay ərzində heç olmasa 1 dəfə APATV-nin saytına daxil olaraq xəbərə baxan istifadəçilərin sayı 500-520 min nəfərdir. Təbii ki, bu auditoriyanı qorumaq və genişləndirmək lazımdır. Bu auditoriyanın genişləndirilməsi üsullarına gəlincə, məncə, biz artıq kənara çıxmalıyıq. Dünyada Azərbaycan türklərinin sayı kifayət qədərdir. Biz artıq İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda, Avropada, Amerikada yaşayan soydaşlarımızı öz tamaşaçılarımıza çevirməliyik. İnternet televiziyanın bunu etmək imkanları daha çoxdur. Çünki bu gün hər kəsin bir planşeti, bir mobil telefonu var, mobil telefon və planşetlərdən internetə daxil olan istifadəçilərin sayı televiziya tamaşaçılarının sayını ötüb. Bu, mənim subyektiv fikrimdir. Bu auditoriyaya daxil olmağın müxtəlif yolları var idi. Bu yollardan biri də reytinq ölçümləridir. Biz televiziyamıza baxışı 3 fərqli reytinq ölçümü ilə dəyərləndiririk. Əsas reytinqimiz “Google Analitycs”ə əsaslanır. Bundan başqa Türkiyənin məşhur bir reytinq ölçümü proqramından istifadə edirik. Eyni zamanda “APA Holdinq”in İT Departamentinin hazırladığı daxili reytinq ölçümü proqramı var. Biz bu rəqəmləri tutuşdururuq və ortaq nəticəyə gəlirik. “Google Analitycs”dən istifadə edənlər bilirlər ki, orada təkrar baxışlar, eyni və yaxın İP-dən girişlər hesablanmır. “Google Analitycs”in APA TV ilə bağlı verdiyi istifadəçi sayı rəqəmləri 520 min nəfərdirsə, deməli, bizim minimum 520 min tamaşaçımız var. Bunun əksəriyyəti Azərbaycan auditoriyadır, yalnız 10-15 faizi xarici auditoriyadır. Bunlar İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda, Avropada, Amerikada yaşayan soydaşlarımızdır. Biz auditoriyanın genişlənməsi məsələsini Vüsalə Mahirqızı ilə, Direktorlar Şurası ilə müzakirə edəcəyik, bir yay planlaması aparacağıq. Hədəfimiz xarici auditoriyanı genişləndirməkdir. İlk öncə Bakıdan kənara çıxmaq zəruridir. Bizim bölgələrdə müxbir postlarımız var, ancaq bunu bir az da genişləndirmək, APA TV-ni bölgələrdə tanıtmaq, bundan başqa, xarici auditoriyanı genişləndirmək istəyirik. Vüsalə xanımla ilkin müzakirə aparmışıq, Türkiyə universitetlərində APA TV, ümumiyyətlə, “APA Holding”lə bağlı tanıtım proqramlarının həyata keçirilməsini nəzərdə tutmuşuq. Eyni zamanda xarici ölkələrdən reportajlar hazırlamağı planlaşdırırıq. Məsələn, bu yaxınlarda Türkiyənin Qars, İğdır bölgələrinə səfərlərimiz oldu, 30-a yaxın reportaj və sənədli filmlər hazırladıq.
- APA TV-nin yaxın zamanlarda həyata keçirməyi nəzərdə tutduğu digər layihələr varmı?
- Nəzərdə tutduğumuz ən böyük layihələrdən biri teatrlarla bağlıdır. Artıq bir neçə teatrla aramızda şifahi razılaşma var, biz razılaşmanı rəsmiləşdirəcəyik. Bu gün Azərbaycanda tamaşaçı ən müxtəlif səbəblərdən teatrlara getmir. Ancaq bu gün teatrlarımızda çox gözəl tamaşalar səhnəyə qoyulur. Xüsusən klassiklərin çox gözəl əsərləri səhnələşdirilir. Bunun səbəblərindən biri də internetin geniş yayılmasıdır. İnsanlar istənilən informasiyanı internetdən ala, istənilən filmə, tamaşaya internetdə baxa bilirlər. Buna görə də tamaşaçının günün sonunda teatra getməyə istəyi olmur. Biz bu problemi elə internetin köməyi ilə aradan qaldırmaq istəyirik. Biz həmin tamaşaları çəkərək internet televiziyamızın ekranına gətirəcəyik. Bu, çox böyük və heç bir maddi mənfəət güdməyən bir sosial layihədir. O tamaşaları çəkəcək, arxivləşdirəcək, eyni zamanda sosial şəbəkələrdə yayımlayacağıq. Azərbaycan vətəndaşının teatrlarımızla tanışlıq missiyasını öz üzərimizə götürəcəyik. Ümidvaram ki, bu missiyanı çox uğurla həyata keçirəcəyik. Bundan başqa, bir neçə layihəmiz var ki, bunu holdinq rəhbərliyi və kollektivlə razılaşdırmalıyıq. Əsas planımız bu stabil kollektivi daha da mobilləşdirmək, auditoriyamızı daha da genişləndirmək, daha ciddi və geniş miqyaslı layihələrlə tamaşaçıların görüşünə gəlməkdir.
- APA TV-nin peyk yayımını həyata keçirmək niyyətiniz varmı?
- Sevindirici məqamlardan da biri odur ki, “APA TV” yaranan ilk gündən sosial şəbəkələrdə, gündəlik həyatımızda hər kəsin bizə verdiyi suallardan biri odur ki, “APA TV” nə vaxt yayımlanacaq? Əslində biz artıq yayımlanırıq. Analoq yayıma gəlincə, biz analoq yayıma da hazırıq. Amma dəfələrlə kollektivlə müzakirələrdə də demişəm ki, bu gün televiziyanın İnternet üzərindən yayımlanmasının üstünlükləri çoxdur. Təbii ki, biz bir gün analoq yayıma başlayarkən internet üzərindən yayımı yenə davam etdirəcəyik. Məqsəd bizi önə çıxaran internetin üstünlüklərindən istifadə etməkdir. Bir misal çəkim. 30-a yaxın verilişimiz var, ilk dövrlər o verilişlərə qonaq dəvət edilənlər üçün “bu televiziya internetdən yayımlanır, ona kim baxacaq” yanaşması vardı. Amma sonra gördülər ki, vəziyyət fərqlidir. Analoq yayımda qonaq efirə çıxır, veriliş canlı yayıma gedir. Həmin anda hansısa tamaşaçılar baxır, hansısa baxmır, bununla da iş bitir. Lakin İnternet üzərindən yayımlanmağın üstünlüyü odur ki, verilişə həmin an internetdə olan şəxslər baxırlar. Üstəlik, istənilən vaxt həmin verilişə təkrar baxmaq imkanı var. Bundan başqa, verilişi dərhal saytlarda, sosial şəbəkələrdə yayımlamaq imkanlarımız var. Artıq zaman elədir ki, informasiya bazarında çox sıxlıqdır. Yəni informasiya təqdim edən kontent çoxdur. Üstünlüyümüz odur ki, informasiyanı artıq tamaşaçıya, oxucuya, istifadəçiyə, ehtiyacı olanlara özümüz təqdim edirik. Saytımızda, sosial şəbəkələrdə, “Youtube”də yayımlamaqla təqdim edirik. Yəni tamaşaçı artıq heç bir əziyyət çəkmir. Bu gün “APA TV”nin proqramına baxmaq analoq yayımda hansısa düyməni basıb, bir telekanala baxmaq kimi asan bir şeydir. Xüsusən planşetlərin, mobil telefonların, planşetlərin olduğu dövrdə bu, çox asandır. Təbii ki, peykdən yayımlanmaq da bizim də istəyimizdir. İnşallah, bir gün qismət olar, peykdən paralel yayımı da həyata keçirərik.
- APA TV-nin rəhbəri kimi, bir ilin sonunda Sizi ən çox sevindirən hansı məqamdır?
- APA TV-də işləməklə bağlı həddən çox müraciət edənlər olur. Aralarında tanınmış simalar, peşəkar jurnalistlər çoxdur. Hamının bir arqumenti olur. Deyirlər ki, hamı APA TV-də yaradıcı mühitdən, kollektivçilik ruhundan, kollektiv daxilində pozitiv münasibətdən danışır, onları APATV-yə cəlb edən də bu amildir. Əslində bizim ən böyük uğurumuz da bəlkə də budur. Biz sağlam rəqabət mühitini yaratmışıq. APA TV-də qapıdan daxil olan hər kəs öz işi, xəbər, proqram, veriliş istehsalı ilə məşğuldur. Bu, bizim uğurlarımızdan biridir. Uğurumuzun əsasında bu 1 il ərzində Vüsalə Mahirqızının, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyevin, “Lent.az”ın rəhbəri Qabil Abbasoğlunun, “Vesti.az”ın rəhbəri Araz Zeynalovun, “Kuliz.az”ın və digər strukturlarımızın rəhbərliyin dəstəyi durur. Burada ən böyük pay Vüsalə Mahirqızı və Nurşən Quliyevə düşür. Onların sayəsində heç zaman özümüzü tək hiss etməmişik, həmişə o dəstəyi hiss etmişik.
Bu gün bir məsələyə də sevinirəm. Vüsalə Mahirqızı ilə 13 ildir ki, bir yerdə çalışırıq, belə deyək ki, şüurlu ömrümün hər 3 günündən birini Vüsalə Mahirqızı ilə bir yerdə çalışmışam. 13 il az müddət deyil. Xüsusən mediada kiminləsə 13 il ərzində bir yerdə çalışan çox az insanlar var. 13 il ərzində Vüsalə Mahirqızının bir çox layihələri olub, amma mən uğursuz layihəyə rast gəlməmişəm. APA TV yaranan dövrdə bizim ən böyük narahatlığımız o idi ki, indiyə qədər uğursuz layihəmiz olmayıb, birdən bu layihə uğursuz alınar. Ona görə də hamımız bu işə dəstək verdik, hər işin, hər ağırlığın altına girdik ki, bu layihə uğurlu olsun. Mən həm də Vüsalə Mahirqızının adına da sevinirəm ki, bu uğurlu layihələrin sırasına birini də daxil edə bildi. Öz adıma da sevinirəm ki, bu layihədə də mənim payım oldu. Bundan əvvəlki layihələrdə də Vüsalə Mahirqızı ilə birlikdə işləmişik. Bu layihədə də azacıq payım olubsa, mən buna sevinirəm. APA TV kollektivini bu uğur, 1 yaş münasibəti ilə təbrik edirəm. Əslində bu, 1 yaş deyil, geriyə baxanda 1 illə bağlı verdiyimiz hesabatdır. Bu gün kollektivimizin bütün üzvləri canlı efirə çıxdı, hər kəs fikrini söylədi, təbriklərini dilə gətirdi. Tam səmimi deyirəm, kollektivimizin hər bir üzvü APA TV-nin uğuruna, bu uğurda öz payı olduğuna səmimi qəlbdən sevinir. Məni də sevindirən bu məqamdır.