Ana dilimiz – milli birliyin atributu
06 avqust 2013 10:23 (UTC +04:00)

Ana dilimiz – milli birliyin atributu

Dil millətin varlığını təsdiqləyən amillərdən biri, onun milli sərvətidir. Millətin uzunömürlülüyü, tarix səhnəsində yeri və rolunu müəyyən edən əsas göstəricidir. Təsadüfi deyilmir ki, milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən almalısan.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə milli dövlətçilik tarixinin əsasıdır. Azərbaycan dili bu baxımdan zəngin tarixi dillərdən biri hesab olunmalıdır. Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan müəyyən dövrlərdə xarici təsirlərə  məruz qalmış, imperiya əsarətinə düşmüşdür. Bu isə ilk növbədə milli varlığımızın əsas atributlarından olan dilimizə zərbə idi. Təkcə 10 il ərzində əlifbamız 3 dəfə dəyişdirilib.

Lakin bütün təsir və təzyiqlərə baxmayaraq dilimizin mövcudluğunu və tarixiliyini qoruyub saxlamaq mümkün olmuşdur.  Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olması yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevin qətiyyətli rolu danılmazdır. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbul edilməsi  Heydər Əliyevin uzaqgörən bir addımı idi. Onun təşəbbüsü ilə o dövrdəki Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım, dilimizin, milli dövlətçilik ənənələrimizin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən əvəzsiz xidmət idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün əhəmiyyətli hadisə idi. Əgər o dövrdə Heydər Əliyev dil məsələsində Kremlin qarşısında geri çəkilsəydi bu addım milli, mənəvi, dövlətçilik ənənələrimizin qorunub-saxlanılmasında ən güclü silah olan dilimizin ölməsinə, millət kimi milli varlığımızın itirilməsinə və tarixin səhnəsindən məhv olaraq çıxmağımıza, milli faciələrimizə aparıb çıxaracaqdı. Bu addım Heydər Əliyevin gələcək müstəqil dövlətin dilinin qorunmasına, milli birliyin təmininə yönələn rasional siyasətin tərkib hissəsi idi.

1993-cü ildə Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışı ilə  Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.

         Bugün dil siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması uğurlu siyasətin göstəricisidir.

Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb və dünya dilləri içərisində layiqli yerini tutmuşdur. Dilimizin zənginliyini və tarixiliyini qorumaq, təbliğ etmək, dünyanın mötəbər tribunalarında səsləndimək hər bir azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri və borcudur.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar