Valideynlik hüququndan məhrumetmə hansı hallarda mümkündür?
04 fevral 2013 17:06 (UTC +04:00)

Valideynlik hüququndan məhrumetmə hansı hallarda mümkündür?

Son vaxtlar Azərbaycanın ailə institutunun təməllərində zəiflik müşahidə olunmaqdadır. Lent.az-ın məlumatına görə, bu problemlər özünü boşanma hallarının sayının artmasında daha çox göstərir. Nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri də məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin hüquqşünası Fərhad Nəcəfov Lent.az-abildirib ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə mümkündür. Əslində qanunvericiliyimiz "valideynlik hüquqlarından məhrumetmə" anlayışı altında həm ananın, həm də atanın bu hüquqlardan məhrum edilməsi şərtlərini bərabər əsaslar üzrə müəyyən edib. F.Nəcəfovun sözlərinə görə, əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən qüvvəyə minmiş Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib. Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır. F.Nəcəfovun sözlərinə görə, məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Məhkəmə belə işlərə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

Hüquqşünas qeyd edib ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər: “Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Konstitusiyamıza görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yəni burada uşaqlara qayğı göstərilməsi ilə bağlı valideynlərə münasibətdə ayrı-seçkiliyə yol verilməyib. Qanunverici valideynlərin hər ikisinə də bərabər yanaşma nümayiş etdirsə də, təcrübədə ananın valideynlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə həssaslıqla yanaşırlar. Əslində, məhkəmələrimiz tərəfindən anaya qarşı bu cür yumşaq yanaşma ölkəmizdə 2007-ci ilədək qüvvədə olmuş Ali Məhkəmənin Plenumunun "Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında» 1976-cı il 29 dekabr tarixli nümunəvi Qərarının gətirdiyi məhkəmə ənənəsi ilə bağlıdır. Həmin qərarda qeyd olunurdu ki, məhkəmələr belə işlərə baxarkən valideynlərin bərabər şəraitə malik olduqları hallar zamanı azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı və nəvazişinə ehtiyacları olduğu nəzərə almalıdırlar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar