Üzünü bir azca Günəşə çevir
03 oktyabr 2013 12:45 (UTC +04:00)

Üzünü bir azca Günəşə çevir

Biri var idi, biri yox idi, bir qızcığaz vardı. Adını Gültəkin qoymuşdular. Bəxti ayaq üstəymiş bu qızın. Ay keçdi, il dolaşdı, gəldi bu xanım əyləşdi Milli Məclisdə. Amma deputat olduqdan sonra birdən-birə dəyişdi, nə dəyişdi. Onu artıq tanımaq olmurdu. Goranboylular gözlərinə belə inana bilmirdilər: yəni bu həmin Gültəkindi? Açığı, mən özüm də onu yeni görkəmdə görəndə xeyli təəccübləndim, amma dinmədim. Yeni görkəm arxasında yeni əməllər gəlirmiş, sən demə. Gültəkin hələ neçə sima dəyişdirib neçə dona, neçə rola girəcəkmiş.

 

 Olan olub, keçən keçib, mən indi də başa düşmürəm ki, birdən-birə haradan əsdi bu soyuq küləklər, o kimin və nəyin təsiri altına düşdü? Axı, riyaziyyatçı Rafiq Əliyev hara, rejissor Rüstəm İbrahimbəyov hara, tarixçi Cəmil Həsənli hara, o hara?

 

Haradan bilim ki, deməyəsən, Gültəkin xanım qəfil dönüb oldu Böhtanxanım. Azərbaycan hökumətinə də böhtan atan nə qədər adam varsa, hamısı dönüb olubmuş bu Böhtanxanımın canı-ciyəri, lap elə əsl ciyərparası. Böhtanlar da ki nə böhtanlar. Biri-birindən betər, özü də quru palçığa bənzər. Gəlin, birlikdə Böhtanxanımın dediklərinə bir nəzər salaq.

 

Kor tutduğunu buraxmayan kimi Böhtanxanım da iddia eləyir ki, guya dünyanın siyasi gündəmində əsas müzakirə obyekti Azərbaycandakı ağır həyatdır. Ay xanım, insaf dinin yarısıdır, axı bu qədər də ağ eləmək olmaz. İnsafın olsun, bir gözlərini aç, dünyaya yaxşı-yaxşı bax.

 

Ey Böhtanxanım, hamıya aydındır ki, “Azadlıq” qəzetinin bu ilin 22 sentyabr sayında bütöv səhifəsini işğal eləyən cızma-qaran çağırılmış bayatıdır, çeynənmiş və sənin də mənsub olduğun müəyyən bir qrupun çoxdan oxuduğu nəğmələrdəndir. Bunları tutuquşu kimi əzbərləyib artıq neçə illərdən bəri təkrar edirsən. Düz o vaxtdan ki, deputatlıq pilləsi əlindən çıxdı. Birbaşa deyilsə də, deputatlıqdan sonra müəyyən bir dövr keçdi və sənin siyasi əqidən tamamilə dəyişdi. Gəl sənin əvvəlki çıxışlarına, danışıqlarına baxaq, bu gün söylədiklərinə baxaq. Bu iqtidar cəbhəsindən müxalifət cəbhəsinə keçməyinin səbəbləri də, tarixi də çox müəmmalıdı.

 

Mənim işim deyil durub araşdıram ki, buna səni kim sövq elədi. Deputatlığının son illərində sən çox hətərən-pətərən danışırdın. Nə məqsədlə danışdığını, bəlkə də, mən hamıdan yaxşı başa düşürdüm. Artıq bu küçə sənə, necə deyirlər, dar gəlirdi. Sən əmin idin ki, səni hələ daha böyük vəzifələr, daha yüksək zirvələr gözləyir və bu gün-sabah bunlar hamısı gerçəkləşəcək. Bəlkə də olmalıydı, amma olmadı. İlk növbədə sənin qeyri-peşəkar fəaliyyətin nəticəsində.  Bir sözlə, iqtidarla bağlı olan yeni ümidlərin puça çıxan kimi başladın donquldanmağa və “mənəm-mənəm” deməyə. Məlum olanda ki, bu hay-küylə istədiyinə nail ola bilməyəcəksən, üz tutdun müxalifətə. Aydındır ki, sən burda da mühüm bir mövqe tuta bilməzdin. Uzaq başı, kiməsə ancaq züy tuta bilərdin. Bu məqalə də, əslində, züy tutmaqdan başqa heç bir şey deyil. Ətrafında özünü müxalifət adlandıran kim varsa, görüb-eşitdiyin nə varsa hamısını necə yadda saxlamısansa, elə eyni cürə, eyni tərzdə, eyni sözlərlə yorulmadan, usanmadan, utanmadan dönə-dönə təkrar edirsən. Səni tanıyan bir adam kimi mən çox gözəl başa düşürəm ki, bu, sadəcə olaraq, sənin yeni bir rolundur. İlk növbədə ona görə ki, sən heç özün də dediklərinə inanmırsan.

 

İndi öz aramızdı, mən səni kifayət qədər tanıyıram və düşdüyün cilddən, girdiyin dondan və oynadığın roldan asılı olmayaraq çox yaxşı bilirəm ki, sənin anladığın, düşündüyün nədir. Açıq deyək, sən onsuz da heç vaxt elə dərin biliyə və qabiliyyətə malik olmamısan ki,  özün müstəqil düşünə biləsən. Baxma e, döşünə döyüb “ziyalı-ziyalı” deyərək özünü ziyalıların qaymağı sayırsan. Həqiqət isə bambaşqadır. Axı, sənə necə ziyalı demək olar ki, sən öz beyninlə düşünmək iqtidarında deyilsən? Zahirən çox dəyişsən də, nə daxilin, nə də  düşüncə tərzin dəyişməyib. Dünya görüşündən də danışmağına dəyməz. Tələbəlik illərində nə öyrənibsən, günü bu gün qabında ondan başqa heç nə yoxdur.

Heç kimin şübhəsi olmasın ki, bu cızma-qaran da özünü təzədən gündəmə çıxarmaq istəyindən doğan növbəti cəhdindir. Anladım. Amma sən də anlamalısan ki, şərəf də, şöhrət də onu alçaq yolla ələ gətirmək istəyənlərdən həmişə qaçıbdır. Bernard Şounun sözlərini xatırlayırsanmı: “Adamlar ən çox da özlərinə dəxli olmayan işlərlə maraqlanırlar”. Bir növ sənin siyasətlə maraqlandığın kimi...

 

Haqq yolundan dəm vurursan. Sən hələ haqla nahaqqı ayırd edə bilməmisən. Sən “haqq” deyəndə fikirləşirsən ki, bundan necə öz məqsədlərin üçün istifadə edə bilərsən. Sən təkcə güzgüdə yox, elə hər yanda özündən başqa heç kəsi görmürsən. Ətrafındakılar sənin nəzərində səndən ötrü sənin məkrli niyyətlərinə, sənin çirkin məqsədlərinə çatmaq yolunda sadəcə bir vasitə, bir alətdir. Əminəm ki, lazım olsa sən bir an belə tərəddüd etməyərək, bizim hamımızı tapdalayıb öz niyyətinə çatmaq üçün qurban verərsən.

Sən daxilən o qədər miskinləşmisən ki, bizimçün dünya boyda görünən Azərbaycan sənə zülmət içində, qaranlığa qərq olmuş görünür. Niyə? Çünki sən bu vətəni heç vaxt sevə bilmədiyin kimi indi də ona bağlı deyilsən. Doğru deyiblər: kor gözləri görməyən deyil, görmək istəməyəndi.

 

Sənin qarayaxmana görə, “İyirmi birinci əsrin ikinci onilliyində Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir”. Niyə məhz ikinci onillikdə? Axı bu ikinci onilliyin dörddən birini yeni adlamışıq. Özü də həmin onillik elə o əvvəlki onilliyin davamı deyilmi səncə?

 

Yəqin ona görə ki, birinci onillik ərzində, yəni 2000–2010-cu illər arası, Milli Məclisə seçkilərdə iki çağırış boyunca sən millət vəkiliydin. Dediyin tarix tam olaraq sənin deputatlıq fəaliyyətini başa vurmağınla da eyni dövrə təsadüf edir. Unutma: bu ölkənin hazırkı durumu bir tək sənin kimi miskinlərə “rəzil həyat” olaraq görünə bilər. Atalar misalıdır: Bayquş xarabalığı gülüstana dəyişməz.

 

Belə anlaşılır ki, sənə görə məhz sən böyük siyasətdən gedəndən sonra dediyin “zülmət qırğıları” əl-qol açıblar və nəticədə “hazırkı siyasi hakimiyyət ölkəmizi ictimai-siyasi, hüquqi, iqtisadi və ən başlıcası, mənəvi bataqlığa sürükləyib, Azərbaycan insanını isə yaşadığı və bəlkə də heç yaşamayıb süründüyü rəzil həyata məhkum edib”.

 

İmkanın olsaydı, dediyin o “zülmət qırğıları”nın indi bəlkə ən öndə gedənlərindən (və ya gələnlərindən)biriydin. Sənin kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Sən kimilər ancaq parazittək cəmiyyətdən nələrsə qoparmağın xəyalıyla yaşayırlar.

 

Məhz bu xəyalların gerçəkləşməyəndə sən döndün Böhtanxanıma və başladın hamını qaralamağa, sancmağa, sağını-solunu dalamağa. Axı mən yaxşı bilirəm ki, sənin xarici işlər naziri, parlament spikeri və nə bilim, daha hansı-hansı vəzifələr tutmaq planların var idi. Bu gün isə heç cürə inana bilmirsən ki, belə bir sürətli sıçrayışla başlanan karyeran səni qaldırıb göylərə çıxarmadı. Vallah, inan ki, səbəbkarı sən özünsən. 

 

On il sənə zarafat gəlməsin. Bir igidin ömrüdür. Və əgər zülmət idisə o zülməti niyə, çox əvvəl demirəm, üç il öncəyədək görə bilmirdin? Bəlkə demək istəyirsən ki, Allah qorusun, bu qaranlıq sənin millət vəkilliyindən gedişindən sonra çökdü Azərbaycanın üzərinə. Yox, onu da demək istəmirsənsə, o zaman dediyin qaranlığı aydınlatmaq üçün yaxşı-yaman hər hansı bir cəhdin oldumu həmən on il ərzində? Qədim Şərq müdrikinin sözlərini heç olmazsa arada bir yadına sal. Gör o nə deyirdi. O deyirdi ki, qaranlığa söyüncə qalx sən də bir şam yandır. Axı “dünyadakı bütün qaranlıqlar belə kiçik bir şamın işığını söndürməyə yetməz”.

 

Vallah, günaha batdıqca batırsan. Özünün mənəvi-əxlaqi dəyərlər sistemindən vicdan anlayışını, üstəlik də birdəfəlik silən elə sən özün deyilsənmi?! Bil ki, bu yazdıqlarının babalı öz boynunda qalacaq. Çünki heç bir sözündə səmimi deyilsən. Çünki bu yazını yazarkən tamam ayrı şeylər haqda düşünüb, ayrı şeylərin hesabını aparıbsan. 

 

Arada bir geri boylan və keçib gəldiyin həyat yolunun özün üçün ötərgi də olsa təhlilini apar. Bir bax gör düzgünmü yaşayırsan. Bugünkü çırpınışların da, əlimin içi kimi bilirəm: yol verdiyin səhvlərini ört-basdır eləməyin üçündür.

 

Əgər sən ölkən üçün nə edəcəyini yox, ölkənin səninçün nə edəcəyini düşünürsənsə, bandan sonra qurduğun bütün fəaliyyətin də başdan-ayağa faciədir. Bir də yadına salıram ki, sən bu hakimiyyətlə tam on il bir yerdə çalışdın. Qaranlıq deyirsən ha, zülmət deyirsən ha, əgər belə bir şey varsa, adi məntiqlə, onda sənin də payın yox deyil. Çünki sən də bizlərdən biri idin. İçindəki xılt üzə çıxanda bəlli olur ki, elə sən bütün antimilli qüvvələrdən bəlkə də, beş çömçə artıq idin ki, əksik deyildin. Sözsüz ki, indi sənin əlin nə Parijə, nə də Strasburqa çatmır. Bəlkə də elə buna görə havalanmış kimisən. Əks halda axı heç bir normal adam sağındakıları, solundakıları ləkələməkdən bu qədər ləzzət ala bilməz.  

Yekə-yekə yazırsan ki, “İndi də iqtidar bir funksional institut kimi Azərbaycan xalqını ləğv etməklə məşğuldur!”. Onda sən nə əcəb sən indiyəcən “ləğv” olmayıbsan? Mənə başa sal, sən kimsən və nəçisən ki, xalqın adından çıxış etməyə cürət edirsən? Kim bilir, bəlkə də xəstə beynində xalqın adından iqtidara böhtan atmaq sənə görə daha tutarlı səslənir?

 

“Cəmiyyətin inkişaf qanunauyğunluqlarını zəif bilən “yeni azərbaycanlılar”a “Yaşıl kitab” müəllifinin aqibətini xatırlatmağın (adını da çəkmirsən ki, guya bununla, dilçilərin də dediyi kimi, ekspressivlik yaradırsan, necə deyərlər, sözünün emosional təsir gücünü artırmağa çalışırsan) faktiki olaraq sənin siyasi düşüncə tərzinin primitivliyinin parlaq göstəricisidir.

 

Atalarımızın çox gözəl bir məsəli var: deyərlər “Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər”. Sənə çox gənc yaşında hər adama qismət olmayan böyük və dərin etimad göstərildi. İyirmi yeddi yaşında ikən millət vəkili oldun. Tam on il boyunca. Amma səni xonçaya qoydularsa da, yenə sürüşüb düşdün ayağa. Sənə göstərilən o hörmətə, o ehtirama layiq olmadığını bir daha sübuta yetirdin. Buna iqtidar neyləsin?!

 

Bizim siyasət aləminin Noam Xomski kimi bir dilçi politoloq qarışığına ehtiyacı yoxdur. Hər kəsin öz işiylə məşğul olmağı yaxşıdır. Yoxsa, şairin söylədiyi kimi, yerlərimiz səhv düşər və onda da halımız olar yaman. Amma Xomski qədər bilməsən belə, sən özün də dilçilik sahəsində, necə deyərlər, pisdən-yaxşıdan fəlsəfə doktorusan. Ona görə də bilməliydin ki, “ziyalı” sözü mənaca “işıq” yox, “işıqlı” deməkdir.

 

Bir kəlamı da yaddan çıxarma: “Kim arzuladığından azına sahib olduğunu düşünürsə, bilsin ki, layiq olduğundan da çoxuna yiyələnib”. Həmçinin də sən. Özü də layiq olduğundan qat-qat çoxuna yiyələnibsən. Layiq olmadıqlarına yiyələndiyinə görə nəinki siyasətçi, heç ortabab dilçi belə olmadığın halda qollarını çırmayıb indi də millətə haqq yolu göstərməyə başlamısan.

 

Elə ona görə qaya kölgəsində yatanlar kimi özünə böyük görsənirsən. Guya Milli Şuradakı fəaliyyətinə görə ,sənə qarşı siyasi repressiya var. Bir söhbətində nə yaxşı boynuna alırsan: “Ədalət naminə, etiraf edim ki, bu təzyiqlərə görə mən hakimiyyətə kifayət qədər əsas vermişəm”. Belə yerdə nə gözəl deyiblər ki, söymə nökər babamı, söyməyim bəy babanı. 

 

 

Başın o qədər pozulub ki, özünü şəxsi həyatına 37-ci ildə belə rast gəlinməyən iyrənc müdaxilələr edilmiş bir qadın olaraq səciyyələndirirsən. Əslində özünlə o illərin repressiya qurbanları arasında müqayisə aparmağın sən tərəfdən onların ruhunu təhqir edəcək qədər iyrənc haldır ki, bu iyrəncliyə məmnuniyyətlə indi də atdığın hər addımda gedirsən.

“Hakimiyyətin ziyalı mövqeyinə dözümsüzlüyü”ndən dəm vurur və hansısa vacib bir məqamı unutduqlarını vurğulayır, yazırsan ki, “faciə ikinci dəfə yaşananda komediyaya çevrilir və artıq ondan qorxmurlar, ona sadəcə olaraq, gülürlər!”. Amma yadından çıxarıbsan ki, əsl komediya qəhrəmanı elə sən özünsən.

 

Onu da bil ki, ad dəyişmənin, soyad dəyişmənin insanın taleyinə təsiri olmur. “Hacıbəyli” soyadı Azərbaycan tarixinə, mədəniyyətinə qızıl hərflərlə əbədi yazılıbdır. Görünür, o soyadı daşıya-daşıya milli məfkurəyə xilaf çıxmağını Tanrı bağışlamır və taleyin, Böhtanxanım xanım, səninlə bağlı bu kinayəsi artıq iqtidarlıq və ya müxalifətlik məsələ olmaqdan çıxır. Hər hansı azadlığı belə köləliyə çevirməyə hazır birisən, düşüncən köləlikdədir, fikrin köləlikdən qurtulmayıb, ruhən köləsən. Yazdıqların da ruhunun necə əziyyət çəkdiyini göstərir. Sən ruhən də məğlubiyyətə uğramış birisən. Hər bir məğlubiyyətin isə ruha necə zərər verdiyini açıqlamağa gərək yoxdur.

 

Şiller deyirdi ki, gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn. Və Azərbaycanın qalib iqtidarıyla məğlub müxalifətinin əmin-amanlıq içərisində yaşamağı da elə bu iqtidarın təntənəsidir.

 

Bəs bunu necə anlayaq ki, indi populistcəsinə “hakimiyyətin talançılıq siyasəti korrupsioner komanda formalaşdırır” deyirsən, amma çox yox, bir-iki il öncə həmin hakimiyyətin təmsilçisi olaraq Azərbaycanın Avropa ölkələrindən birində səfiri kimi fəaliyyət göstərməyindən qurur hissi keçirəcəyini bildirmişdin. Nə qədər riyakar olduğunu görürsənmi?

 

Dad yarımçıq əlindən. Bir az hüquq oxuyubsan. Hüquqdan bildiklərinin dərinliyi də uzağı filoloji və siyasi savadın qədərdir, buna şübhə yox. Bu, cızma-qaranı iqtidara qarşı ünvanladığın maddələrlə naşıcasına doldurmağından bəllidir. Amma bunu bil, o qarayaxmanda özünə qarşı ittihamlar da az deyil. Heç yaxanı kənara çəkmə və adamları azdırmağa çalışma: Bu iqtidarda yalançı vətənpərvərlər vardısa, onların başda gələnlərindən biri də elə sən özün olmusan. Sadəcə, böyük Sabir demişkən:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!..

Sən də bax eləcə...

 

Hamınız toyda da, vayda da, elə bu cızma-qarada da deyirsiniz ki, guya apardığınız mübarizə siyasi mübarizə deyil, ədalət, ləyaqət uğrunda mübarizədir! Haqlısan. Amma səni kimilər ədalətli, ləyaqətli olmaq üçün hələ çox mübariz aparmalıdır. Əcdadlarımızın inancına görə, odun, alovun təmizləyici qüvvəsi var. Odur ki, ədalətli, ləyaqətli olmaqdan ötrü hələ sənə də çox odlardan, alovlardan keçmək lazım gələcək.

Sənin üçün həqiqət anlayışının da ölçüləri olduqca fərqlidir. Ona görə sənin haqq yolunun haralardan keçdiyini təsəvvür eləmək çətindir. Amma özünün də bir vaxtlar söylədiyindən anlaşılacağı kimi, səndən ötrü Azərbaycan həqiqətləri Elşad Abdullayev qədərdir.

 

Azadlıq və həqiqət bir-birinə bağlı məfhumlardır. Azadlıq sənin üçün haqqın çatanı yox, ürəyin istəyəni eləməkdir. Fərq göz önündədir.

 

Yox, səninlə Azərbaycan cəmiyyəti arasında böyük uçurum var. Odur ki, bu cəmiyyəti anlamağın imkanın xaricindədir. Bu cəmiyyətin indiyəcən yetirdiyi böyük ziyalılardan heç biri sənin qədər təkəbbürlü davranıb millətə milli ideologiya dərsi keçmədi, onu özünə laqeydlikdə günahlandırmadı. Sən bu cəsarəti hardan aldın, məlum deyil.

On il millət vəkili oldun. Həyatının ən enerjili illərində. Xalqın yaddaşında iz qoyan hansı işin, hansı sözün oldu? Gözəl bilirsən ki, xalq ancaq sevdiyini yadda saxlayır. Səndən nə qaldı? İnternetin məlumat zibilliyində qalaq-qalaq boş, mənasız bəzi intervülərindən savayı heç nə... 

 

Heç yəqin özünün də yadından çıxmayıb başıdaşlı “Daş yuxular”a münasibətin. Əsərdən xəbərsiz ola-ola ictimaiyyətin reaksiyasına ironiya ilə münasibət bildirirdin. Bu isə olduqca yersiz kinayə idi və ürəyinin dərinliklərində kim olmağını və kimlərlə bir düşərgədə olduğunu aydın göstərirdi. Hər halda Ziyalılar Forumunun üzvü olduğuna görə, özünü ziyalı görmək kimi atəşin bir istəyin vardı. Amma sən heç vaxt ziyalı olmadın, ola bilməzdin və ola da bilməyəcəksən. Çünki fitrətində yoxdur.

 

Məhz buna görə də, çirkab və üfunət dolu bir əsərin tək bir səhifəsini belə oxumadan onun öz əqidə qardaşın, məslək dostun olan yazarını: “romanda yanlışlıq da, səhv də ola bilər, amma yaradıcılıq azaddır” – deyə faktiki açıq müdafiəyə qalxmışdın. Onu da demişdin ki, “eşitdiyimə görə, əsərdə qaçqınlar və məcburi köçkünlərlə bağlı müəyyən fikirlər səslənib”. Nə üçün eşitdiyinə görə? Məgər bilmirsən ki, adamın eşitdiyinə inanmağı, hər qulağı çalanı söyləməyi dinimizə görə də günah sayılır?! Yoxsa, ayıb nə olduğunu bilmədiyin kimi günahın da nə olduğunu bilmirsən əcəba?!

 

Xəbərin yoxdur, özünə nifrət edirsən. Düzgün yaşamadığın üçün böhran içində çırpınırsan. Bunu isə sadəcə etiraf etməkdən qorxur, ya çəkinirsən. Bəli, insanın həyatda özünə “sən yanlış yolu seçdin” deməyindən də çətin heç nə ola bilməz. Amma sən çalış bunu özünə deyəsən. Yalnız özünün eşidə biləcəyin səslə belə olsa da, de. İnsan özü ilə barışıq içərisində olanda ruhu da rahatlıq tapar. Sənin üçün də məsləhətlidir. Onsuz da indən belə intellektual olası deyilsən ki?

 

Yadıma “Alisa möcüzələr ölkəsində”n bir dialoq düşdü: Orda Alisa deyir: “Hansı yolla gedim?”. Dovşan da cavabında söyləyir ki, hara gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur.

 

İndi, ay Böhtanxanım, get bir Dovşandan soruş, o belə sənə deyəcək ki, hara gedəcəyini bilmirsənsə, kimin hayanında dayanmağının və hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur.

...İşığı görmürsən. Ona görə ki, arxası Günəşə dayanmisan, hər gün dünyaya Günəş kimi yenidən doğan Azərbaycana arxa çevirmisən. Ona görə ki, sən  qaranlıq sevənlərdənsən. Gördüyün də ancaq qaranlıq kölgələrindir.

Amma yenə də üzünü heç olmazsa bir azca Günəşə çevir.

 

Sənin keçmiş deputat həmkarın

azxeber.com

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar