Bu gün “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) ilə Ümidlə Gələcək Gənclər Təşkilatının “Zorakılıq və Cinayətin Qurbanı Olmuş uşaq və Gənclər üçün Psixo-Sosial Reablitasiya Mərkəzinin” birgə təşkilatçılığı ilə olub.
Tədbiri çıxış sözüylə Ombudsman Elmira Süleymanova açıb. O bildirib ki, bir çox ailələrdə uşaq əməyindən istifadə olunur. Buna səbəb olaraq da onlar ailənin imkansızlığı qabardılır. Belə olmaz, ailələrin problemini uşaq əməyi ilə həll etmək mümkün deyil”.
Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müavini İlqar Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva, UNİCEF-in Azərbaycan üzrə Uşaq Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudov, Təhsil nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dövlət uşaq müəssisələri və alternativ qayğı üzrə iş şöbəsinin müdiri Həbib Kərimov, Səhiyyə nazirliyinin Baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutun Direktoru Nəsib Quliyev, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev və başqaları iştirak edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, dünyanın hər ölkəsində olduğu kimi Azərbaycanda da zorakılığın bütün növü var. Buna daha çox uşaqlar və əlillər məruz qalır. Bunun qarşısının almaq üçün dövlət komitələri ilə yanaşı bir neçə QHT-lər də fəaliyyət göstərir. Bunlar biri Ümidlə Gələcək Gənclər Təşkilatının “Sosial Təhlükə Vəziyyətdə olan Zorakılığa ,Məruz Qalmış və Cinayətin Qurbanı olan Uşaqların Reabilitasiya Mərkəzidir. Mərkəzin direktoru Elnarə Hüseynovanın sözlərinə görə, bu il mərkəzə 39 uşaq müraciət edib. Bunlardan 9-u fiziki, 9-u cinsi, 14-ü emosional və 7-i etinasızlıq zorakılığına məruz qalıb.
Mərkəz yarandığı gündən bəri 160-dan çox uşağa xidmət göstərib. Bunlardan 59-u fiziki zorakılıq, 55-i emosional, 34-ü cinsi, 15-i etinasızlıqdır. Statistikada da gördüyünüz kimi uşaqlar daha çox fiziki və emosional zorakılığa məruz qalırlar.
Qeyd edək ki, mərkəz 2011-ci ilin avqustunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin, Təhsil nazirliyin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, OAK Fondunun və Azercell Telecom şirkətinin dəstəyi ilə yaradılıb.