UNEC-də Aİ-nin Tvinninq layihəsinin müzakirəsi keçirilib
20 iyun 2017 17:52 (UTC +04:00)

UNEC-də Aİ-nin Tvinninq layihəsinin müzakirəsi keçirilib

UNEC-də Azərbaycanın Təhsil Nazirliyi və Avropa İttifaqının Tvinninq layihəsi – “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib. Konfransda layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak edib.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsilə bağlı Təhsil Nazirliyinin hazırladığı yeni planlarla  universitetləri tanış etməkdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard layihənin Aİ-nın ali təhsilə aid ilk layihəsi olduğunu deyib. Qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik isə icrası uğurla başa çatan layihəni finlandiyalı və estoniyalı ekspertlərlə azərbaycanlı həmkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib.

Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, universitetlərin müstəqilliyi kimi məsələlər də konfransda geniş müzakirə olunub.

Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.

Layihəyə dair yekun konfrans avqustun 29-da keçiriləcək.

İki illik dövrü əhatə edən pilot layihə UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

# 201
avatar

Oxşar yazılar