Tələbələr "Gilan Seramik" və "Gilan Tekstil" Parkında olub
02 iyun 2017 14:35 (UTC +04:00)

Tələbələr "Gilan Seramik" və "Gilan Tekstil" Parkında olub

 

Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Seramik və Gilan Tekstil Parkının istehsal sahələri ilə yaxından tanış olublar.

 

APA TV-nin xəbərinə görə, istehsalat prosesi ilə tanışlıqdan əvvəl tələbələrə və müəllim heyətinə zavodun tarixi haqqında geniş məlumat verilib.

 

Müəssisənin İnsan resursları şöbəsinin müdiri Azər Ağazadə bildirib ki, seramik piltələrin istehsalı üçün inşa edilən "Gilan Seramik" zavodu 2013-cü ildə fəaliyyətə başlamışdır. Burada müxtəlif ölçülərdə, beynəlxalq standartlara cavab verən, İtalyanın müasir innovativ avadanlıqlarında kafel və metlax istehsal edilir. Şöbə müdiri bildirir ki, müəssisədə 3 növbəli iş rejimi tətbiq edilməklə 500 nəfər işçi çalışır. Bu sahə üzrə yerli işçilərin yeni ixtisasa yiyələnməsi, yetişdirilməsi və təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət edirik. Təbii ki, müəssisə olaraq tələbələrin istehsalat prosesi ilə tanışlığı, müəssisədə istehsalat təcrübəsinin keçməsi, təcrübə müddətində fəallığı ilə seçilən, savadlı və enerjili gənclərin işlə təmin olunması müəssisənin insan resursları siyasətinin tərkib hissəsidir:

 

"Yerli, savadlı kadrlarla tanış olmaq, işlə təmin etmək müəssisə olaraq bizim öz marağımızdadır. Mütəmadi olaraq tələbələr gəlir, istehsal sahəsi ilə tanış olurlar.  Bu gün də Bakı Mühəndislik Universitetinin tələbələri istehsal sahəsi ilə yaxından tanış oldular. Burada işləmək istəyən hər hansı bir savadlı tələbənin praktikasına köməklik etməyə hazırıq".

 

Həmçinin Azər Ağazadə deyib ki, müəssisənin bugünkü istehsalı Azərbaycan bazarının 40-45 faizini təşkil edir. Müəssisənin inkişaf konsepsiyasına uyğun olaraq seramik piltələrlə yanaşı keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın tikintisi nəzərdə tutulmuşdur.

 

Zavodla tanış olan tələbələr və müəllim heyəti məmnun qaldıqlarını, praktiki cəhətdən yeni təcrübələr öyrəndiklərini qeyd ediblər.

 

"Bizə uyğun burada çox iş var. Təkcə sənaye mühəndisliyinə uyğun deyil, bir çox mühəndislər üçün iş var. Mexanik mühəndislərinə, İT mühəndislərinə müxtəlif işlər var. Əminik ki, Azərbaycanın gələcəkdə təmsil edən böyük şirkətlərdən biri olacaq. Ən çox təcrübə qazandırdı bizə".

 

"Mühəndislik Universiteti istehsalatla qarşılıqlı əlaqədə olmalıdır. Ona görə çalışırıq ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olaq. Burada iştirak edən tələbələrin çoxu sonuncu kurs tələbələridir. Onlar artıq karyeralarını seçməyə hədəfləyirlər. Artıq görsünlər ki, gələcəkdə karyeralarını quranda zavodda hansı vakansiyalar var, nələrə müraciət edə bilərlər. Həm də ümumi dünya görüşləri artdı".

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılar ilə xatirə fotosu çəkilmişdir.

 

 

Tələbələrin növbəti səfəri isə Sumqayıtda yerləşən Gilan Tekstil Parkı olub. 2012-ci ildən fəaliyyətə başlayan Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Burada da onlara müəssisə haqqında geniş məlumat verilib.

Daha sonra tələbələr Tekstil Parkın istehsalat sahələrini gəzib və  burada müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmalların istehsalı, tikilişi ilə yaxından tanış olublar.

Gilan Tekstil Parkında yaradılan şərait, istehsalat prosesi tələbələrin böyük marağına səbəb olub.

 

"Əsasən burada müasir texnologiyalardan, öz yerli məhsullarımızdan, yerli parça istehsalından, yerli sap istehsalı və yerli dəsmal istehsalını gördüm. Köynəklərin tikilişini izlədim. Müasir texnologiyalarla tanış oldum".

"Sırf pambıqdan hazır bir məhsul alınana qədər tətbiq olunan texnologiyalarla tanış olduq. Ümumilikdə gələcək iş həyatımız üçün də bu prosesləri öyrənmək çox vacibdir".

 

Həmçinin müəssisənin əməkdaşları bildirmişlər ki, Gilan Tekstil Parkında istehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir və bütün məhsullar Avropa standartlarına tam cavab verir.

 

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılar ilə xatirə fotosu çəkilmişdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar