Balanslaşdırılmış strateji inkişaf xətti
13 may 2014 15:22 (UTC +04:00)

Balanslaşdırılmış strateji inkişaf xətti

Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti balanslaşdırılmış  xarici siyasətin həyata keçirilməsini tələb edir. Çünki dünyada mövcud olan güc mərkəzlərindən ancaq birinə meyilli xarici siyasətin yeridilməsi dövlətin mövcudluğu üçün böyük təhlükə yaradır. Bu amil ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu səbəbdən Azərbaycan hazırda da xarici siyasətində balanslaşdırılmış siyasətin yeridilməsi prinsipinə böyük həssaslıqla yanaşır. Mövcud geosiyasi vəziyyətin təhlili göstərir ki, respublikamızın xarici siyasəti vəzifələrini reallaşdırmaq, o cümlədən Dağlıq Qarabağ problemini həll etmək üçün yeganə mümkün yol tarazlı xarici siyasət yoludur. Balanslanşdırılmış xarici siyasət konsepsiyası milli maraqların təmininə, eyni zamanda beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcək bir yoldur.Bu gün Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyada başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində enerji layihələrinin reallaşdırılması mümkün deyil. Elə bu səbədəndir ki, böyük bir coğrafi məkanda enerji layihələrinin reallaşdırılmasında Azərbaycan əsas açar rolunu oynayan dövlət kimi qəbul olunmaqdadır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-qars dəmir yolu regionun və bütövlükdə dünyanın tərəqqisinə, sülh, əmin-amanlıq, sabitlik kimi təməl prinsiplərə xidmət edir. Azərbaycanın malik olduğu zəngin karbohidrogen ehtiyatları hələ uzun müddət ölkəmizin bu sahədə tərəfdaş dövlətləri, o cümlədən Avropanı enerji ehtiyatları ilə etibarlı şəkildə təmin etməyə imkan verir. Belə ki, ən minimal hesablamalara görə Azərbaycanda qaz ehtiyatları 2-5 trilyon kubmetr səviyyəsindədir. Neft ehtiyatlarının isə ən azı 100 il bəs edəcəyi proqnozlaşdırılır. Bu isə deməyə əsas verir ki, Azərbaycan uzun illər bundan sonra da enerji sahəsində çox önəmli və strateji tərəfdaş kimi öz rolunu oynayacaq və bu rol getdikcə artacaq. Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Respublikası müasir dünya sistemində beynəlxalq siyasi proseslərin nüfuzlu aktoru kimi çıxış edir və dünya ictimaiyyəti beynəlxalq siyasi proseslərdə Azərbaycanın daha fəal iştirak etmək potensialının getdikcə yüksəlməsi faktını qəbul edir.

 

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar