Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən oktyabrın 21-də Bakıdakı 1 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Qəbula gələn vətəndaşlar məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, dərslik, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.