Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib.
Şuradan Lent.az-a verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməsəydi yenicə bərpa olunan müstəqilliyimizin itirilmə təhlükəsi real idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin, terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub: “İndi də prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən referendumda xalqımız bir daha cənab prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli birliyini nümayiş etdirdi”.
Daha sonra Şuranın hazırladığı “Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda” filminə baxış keçirilib.
Millət vəkili, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri prof. Elman Nəsirov “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri” mövzusunda məruzə edərək müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu qeyd edib Onun sözlərinə görə, Heydər Əliyevin 1993-2003-cü illərdə dünyanın 60-dan artıq dövlətinin rəhbəri ilə keçirdiyi 485 görüşün hər biri Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə “Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün
Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.
“Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Heydər Əliyevi Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb.
Rauf Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul olunmasının o dövrdə bütün MDB məkanındakı ölkələrin tarixində ilk addım olduğunu və müstəsna əhəmiyyət kəsb etdiyini də qeyd edib və prezident İlham Əliyevin sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donorların yaradılmasının ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.