«Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib.
Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində «Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilmiş toplantıda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, media ilə silahlı qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir: “ Bu, həm də onunla əsaslandırılır ki, hazırda müharibənin informasiya cəbhəsi daha çox aktual əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının geniş vüsət aldığı dövrdə qarşı duran tərəflər fəaliyyətlərini əsasən medianın gücündən yararlanaraq qururlar. Mövcud amilin doğurduğu şərtlər məsələyə həssas yanaşılmasını qaçılmaz reallığa çevirir. Buna görə də nazirlik Mətbuat Şurası ilə birgə belə bir tədbirin təşkilini vacib sayıb”.
K. Vəliyev onu da bildirib ki, istər Milli Ordu ilə əlaqədar cəmiyyətin informasiya təminatı məsələlərini gücləndirmək, istərsə də medianın cəhbə xətti ilə bağlı xəbər yayımındakı sistemliliyi və məqsədyönlülüyü artırmaq məqsədi ilə KİV rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrə, təkliflərin qruplaşdırılmasına ehtiyac duyulmaqdadır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə ordu-media əməkdaşlığının davamlılığına ehtiyacın duyulduğunu əsaslandırarkən bir neçə məqam barədə söz açıb.
2014-cü ilin avqustunda cəbhə xəttində gərginlik yaranan zaman media məsələyə lazımi peşəkarlıqla yanaşmadığını deyən Ə.Amaşov qeyd edib ki, bu da öz növbəsində problemlərə yol açıb: “ Ancaq 2016-cı ilin «aprel müharibəsi» dönəmində medianın fəaliyyət tərzi baxımından kifayət qədər peşəkar mənzərə var idi. Belə bir müsbət durumun yaranması isə qarşılıqlı əməkdaşlığın, aparılan məqsədyönlü işlərin nəticəsi idi”.
Ə.Amaşov çıxışında medianın cəbhə xəbərlərini işıqlandırması məsələlərinin daim diqqətdə saxlanılmasına ehtiyacın duyulduğunu qeyd edərək «dəyirmi masa»nın bu baxımdan da müstəsna əhəmiyyət daşıyacağına əminliyini bildirib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. Peşəkarlıq isə vətənpərvərliyə əsaslanmalıdır. O, müxtəlif internet informasiya ehtiyatlarının reytinq qazanmaq üçün cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin yolverilməzliyindən bəhs edib. Belə hallara münasibətdə cəmiyyətin, o cümlədən mütərəqqi media ictimaiyyətinin səfərbərliyini zəruri edən cəhətləri sadalayıb.
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev də çıxışında diqqəti əsasən Milli Ordu sistemində baş verən olayların cəmiyyətə çatdırılmasındakı bəzi neqativ meyllərə çəkib. Mövcud xüsusda ayrı-ayrı KİV-lərin yanlış təəssürat formalaşdırmaqla cəmiyyətdə xoşagəlməz ovqat yaratdıqlarını deyib.
Toplantıda çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Müdafiə Nazirliyinin media ilə təmaslarındakı səmərəlilik dövlət üçün olduqca həssas mövzuya yanaşmanı formalaşdırmaq, ictimai rəyi düzgün şəkildə yönləndirmək baxımından son dərəcə əhəmiyyətlidir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı cari ilin 10 ayı ərzində mediada Milli Ordu, eləcə də cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan informasiyaların xarakterik xüsusiyyətlərinə dair təhlillə çıxış edib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Hidayət Əliyev düşmən tərəfin mənəvi-psixoloji hazırlığa təsir göstərmək üçün həyata keçirdiyi kiber təxribatlar, eləcə də onlara qarşı Müdafiə Nazirliyi tərəfindən reallaşdırılmaqda olan əks tədbirlərdən söz açıb. Polkovnik Əliyev habelə düşmənin müxtəlif ideoloji diversiya qruplarının fəaliyyətinə dair vacib məqamlara da toxunub.
Görüşdə çıxış edənlərdən MŞ sədrinin müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Aqil Abbas, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı, habelə «Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, «Azərfaks» İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar, «Azeridefens» jurnalının baş redaktoru Rəşad Süleymanov, «Strateq.az» saytının rəhbəri Elxan Şükürlü, «Strategiya.az» saytının rəhbəri İsmayıl Qasımov və başqaları media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini aktual edən məqamlardan söz açaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər. Təkliflər Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qeydə alınıb və onların reallaşdırılması yolları ətrafında müzakirələr aparılıb.