GÜNÜN ŞƏRHİ
Mosul əməliyyatı sanki şəhərin terrorçulardan azad edilməsi deyil, Türkiyəni İraqa yaxın buraxmamaq əməliyyatıdır. İraq hökumətinin bəyanatlarından belə anlaşılır ki, sanki Mosulu işğal edən İŞİD yox, Türkiyədir. Bağdad və havadarları Ankaraya elə meydan oxuyur ki, bu hay-küyün onda birini İŞİD-ə qarşı olunsaydı, terrorçular çoxdan Mosulu qoyub qaçmışdı. İraqla Suriyanın bu baxımdan oxşarlığı çoxdur. Türkiyə “Fərat qalxanı” əməliyyatına başlayanda da Əsəd hökuməti də belə hay-küy qoparmışdı. Nəticəsi bəllidir, bundan İraqın da nəticə çıxarması vacibdir. Çünki hər kəs bir gerçəyi bilir: Yaxın Şərqin xəritəsinin dəyişməməsi tək dövlətdən - Türkiyədən asılıdır. Türkiyə bölgədə gedən proseslərdə aktiv rol almasa, həm Suriya, həm İraq parçalanacaq. Bunu Dəməşqdə də, Bağdadda da yaxşı bilirlər. Bildikləri başqa məsələ də var. Türkiyə aktiv rol aldığı proseslərin nəticələrindən mütləq pay alacaq. İraqı da, Suriyanı da qorxudan bu paydır. Elə bölgədə maraqları olan digər dövlətləri də. Çünki Türkiyənin Misaki-Milli sərhədlərində öz təsirini bərpa etməsi hər kəsin planını pozmuş olacaq.
Vüqar MƏSİMOĞLU