YORUM...
Rusiya prezidenti Türkiyədədir. Səfərin formal səbəbi İstanbulda keçirilən Dünya Enerji Konqresində iştirakdır, lakin aydındır ki, tərəflər 2015-ci ilin noyabrındakı təyyarə hadisəsindən sonra qırılan ikitərəfli əlaqələrin sürətlə bərpa olunması istiqamətində növbəti addımları müzakirə edəcəklər.
İlk belə yüksək səviyyəli müzakirə avqustun 9-da Sankt-Peterburqda keçirilmiş, sentyabr ayında isə Çindəki "G20" samiti zamanı məsləhətləşmələr davam etdirilmişdi. Şübhə yoxdur ki, əsas müzakirə mövzusu Suriya məsələsi olacaq.
Hər iki ölkə Qərbin siyasətindən narazıdır və bu baxımdan əməkdaşlıq üçün yaxşı psixoloji zəmin var. Rusiyanın ABŞ-la münasibətləri artıq yeni "soyuq müharibə" mərhələsinə qədəm qoyub və Moskva üçün yeni dostlar tapmaq çox önəmlidir, xüsusən də həmin dost NATO üzvü bir ölkədirsə... Türkiyə isə öz növbəsində Suriyadakı maraqlarını reallaşdırmaqda Rusiya kimi güclü tərəfdaşa ehtiyac duyur.
Doğrudur, bu iki ölkənin Suriyadakı maraqları fərqlidir və hətta bir-birinə ziddir, lakin yeni beynəlxalq şəraitdə ortaq nöqtələr tapmağa hər iki tərəfin ehtiyacı var. ABŞ-dan gözlədiklərini ala bilməyən Ankara Suriyadakı digər önəmli oyunçu olan Rusiya ilə yaxınlaşmaqla ən azı kürd məsələsində Moskvanın dəstəyinə və anlayışına ümid edir. Bu məsələdə ortaq məxrəcə gəlmək olar, çünki həm Rusiya, həm də Türkiyə Suriyanın bütöv qalmasında maraqlıdır. Eyni zamanda Ankara Rusiya ilə yaxın dialoqa girməklə Vaşinqtona nümayiş etdirir ki, əlində başqa alternativlər də var...