Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş Direktorunun müavini Xose Manuel Salazarla görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə S. Müslümov Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf, ölkədə xidmət sektorunun inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əldə olunan nailiyyətlər, qeyri-neft sektorunun inkişafı fonunda yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib: “Qlobal səviyyədə işsizlik problemi kəskin xarakter aldığı halda, Azərbaycanda aparılan məqsədyönlü siyasət məşğulluq mühitinin canlanması və beləliklə, işsizliyin 5 faizədək, yoxsulluq səviyyəsinin isə 5,3 faizədək azalmasına səbəb olub”.
X.M.Salazar əhalinin məşğulluğunun təminatı, işsizliyin kəskin şəkildə azaldılması sahəsində Azərbaycanda görülən işləri və onların müsbət nəticələrini yüksək dəyərləndirib. İşçi qüvvəsinin keyfiyyətinin əmək bazarının tələblərinə uyğun yüksəldilməsi və peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlara BƏT-in lazımı dəstək verməyə hazır olduğunu vurğulayan X.M.Salazar naziri BƏT-lə Beynəlxalq Sahibkarlar (İşəgötürənlər) Təşkilatının birgə həyata keçirdiyi “Qlobal Təcrübə Şəbəkəsi” (Global Apprenticeship Network) layihəsi barədə məlumatlandırıb. X.M.Salazar layihə çərçivəsində əldə olunan təcrübənin BƏT-ə üzv ölkələr üçün faydalı ola biləcəyini qeyd edib. Görüşdə BƏT-lə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi də olub.