Ədəbiyyat televiziya daxil olan kimi çevrilib olur Rövşanə, Xoşqədəm, Mikayıl, Zaur ya da Elgiz. Mədəniyyətimizin, əxlaqımızın televiziya sifətidi bunlar.
Bunu Mirşahin də bilir, Vaqif Mustafayev də.
Bilir, amma bu işlərin əlində onlar da aciz. Çünki cənab reytinq əyləşib onların belində, deyir sür dərəyə. Az qala belə bir veriliş açsınlar: “Kim it kimi yaxşı hürə bilir”. İnan ki, o qədər it kimi yaxşı hürənlər tapılacaq. Tamaşaçı əlindən tərpənmək olmayacaq, lap tut ucundan qülləyə çıx.
Yuxarıda adlarını çəkdiyim aparıcıların verilişində bir - iki dəfə ekspert kimi olmuşam. Studiyaya tamaşaçı qismində çağırılan adamlara yazığım gəlib. Onların qabaq sırada oturmaq cəhdlərinin gülünclüyü və həmin cəhdlərin qarşısının gülünclüklə alınmağı ürəyimi ağrıdıb. Heç onlar fərqində deyillər ki, hansı verilişə gəliblər. Xəbərləri də yoxdur, qonaq kimdi, burda söhbət nədən gedir, bilmirlər. Ancaq onlara işarə ilə əl çalmağı öyrədiblər. Bu səhnəni lentə alsalar, əla bir veriliş alınar. Sadəcə, ağıllarına gəlmir.
Günlərin bir günü dəvət aldım Rövşanənin verilişinə, yəni ANS-in “Bazar səhəri”nə. Özüm də dəqiq bilirəm ki, “Bazar səhəri” verilişinə adamları xoş niyyətlə çağırmırlar. Xalq arasında deyildiyi kimi biabır eləməyə çağırırlar, gedim bir az biabır olum. Həm də görüm adamı necə biabır eləyirlər. Onu da dəqiq bilirəm ki, Rövşanənin sualları bir istiqamətli olmur, böyürdən, başdan, aşağıdan, yuxarıdan suallar qırmanc yağılar kimi yağır. Zalım qızı heç əvvəlki sualın cavabını gözləməmiş o birisini başına endirir. Rövşanənin anlamında bu, ona görədir ki, qoy görsünlər, savadlıdır, hər yerdən, hər işdən xəbərdardır. Göz açmağa aman vermir. Sanki rejissor onun qulağına ucadan və fasiləsiz qışqırır. “Vur, komandir, vur, qoyma qonaq özünə gəlsin”. Rovşanənin suallarının məqsədi odur ki, qonaq çağırdığı adamları biabır eləsin və onu ayağa qalxıb cavab verməyə imkanı olmasın. Onun Elçin Şıxlıya atası İsmayıl Şıxlı haqqında verdiyi sual heç yadımdan çıxmaz. O sual, nə Elçin Şıxlıya, nə də İsmayıl Şıxlıya yaraşırdı. Rövşanəyə isə nə yaraşmaq, o, bu sualların fərqində heç vaxt olmur. Çünki çağırdığı qonaqları araşdırmır, oxumur, öyrənmir. Onun bir amalı var, qonaqlarını aşağılamaq, nüfuzdan , hörmətdən salmaq və ən yaxşı halda yerlə-yeksan eləmək. İlahi, bir adamın adına qonaq deyəsən, yalvarıb zorla efirə çağırasan, sonra da ona saysız suallar verib cavabını da gözləməyəsən, biabır eləyəsən, bu, hansı əxlaqa, hansı mədəniyyətə sığır?
Nə isə, gəlib çıxdım verilişə. Zalda 5-6 tamaşaçı gördüm, elə bil qocalar evindəndilər, elə yorğun, dərdli, əzablı çöhrələri var. Bu əzabın içində isə onlara işarə ilə gülmək və əl çalmaq öyrədirlər. Onlar elə öyrəniblər ki, əvvəldən axıra əl çalır və gülürlər. Rövşanənin sualları başladı, nə başladı. Nəfəs dərmədən iki-üç sualı elə verdi ki, içindəki əsəbi aydın hiss olunurdu, sonra heç məndən cavab gözləmədən gülə-gülə keçdi xanım müğənniyə: “Eşitmişəm, ailə qurmaq istəyirsən, həyatında necə bir kişinin olmağını arzulardın? Müğənni əvvəlcə bir az utandı, sonra başladı yellənə-yellənə xırdalamağa. Artıq bu yeni taktika idi, yəni məni oyundan kənar vəziyyətdə saxlamaq, mənə diqqət, maraq göstərməmək. Ölmüşdü Xankişi, canlı efir ola, mən də belə lal olam? Rövşanəni cavab atəşinə necə tutdumsa, dinmədi, sonra özüm bir-iki sual da əlavə elədim, arxasını da çevirdim şeirə, şeirimi də dedim. Kənardan rejissordu, kimdi, bilmədim, qulağıma deyir ki, siz qonaqsınız, sakit olun. Sən öl, bunu da qışqıra-qışqıra dedim, ayə qoyursunuz ki, qonaq kimi oturaq? Adama qonaq kimi hörmət eləyirsiniz?
Çıxdım çölə, gözəl hava idi. ANS-in həyətində Rövşanə gəlib keçdi yanımdan. Təzədən mənə salam verdi, hal-əhvalımı soruşdu, oğlum Kəramət Böyükçölü xəbər aldı, kitablarımı şeirlərimi oxuduğunu dedi. Dedim, bəs bunları orda niyə demirdiniz? Dedi, ora efir idi. Sonra mehribanlıqla sağollaşıb maşınına minib getdi.
Xeyli düşündüm. Sən öl, özümə də yazığım gəldi, Rövşanəyə də.