Macarıstandan ömürlük həbs cəzasına məhkum edilən, sonradan Azərbaycana ekstradisiya olunaraq azadlığa buraxılan mayor Ramil Səfərov üçüncü kitabının tərcüməsini başa vurub. Lent.az-ın məlumatına görə, Ramil Səfərov kitabın tərcüməsinə həbsdə olarkən başlayıb. Yazıçı özü zabitimizə müraciət edərək kitabının tərcümə olunmasını xahiş edib. Əsər əslində Çauşesku diktaturası dönəmində Rumıniyada yaşayan 13 yaşlı oğlanın diktaturanı təsvir etməsi ilə anlatdığı bir həyat hekayəsidir. Əsər diktatura rejimlərinin və müharibənin qurbanı olan yeniyetmə oğlanın gözü ilə təsvir edilir. Ramil əsərin tərcüməsini başa vursa da, sonradan müəllif əsərin çap olunmağına etiraz edib.
Qeyd edək ki, bu Ramil Səfərovun tərcümə etdiyi sayca üçüncü kitabıdır. Bundan əvvəl o, macar yazarı Maqda Sabonun "Qapı" və Molnar Ferencin "Pal küçəsinin uşaqları” əsərini Azərbaycan dilinə tərcümə edib. Ramil Səfərov macar dilindən doğma dilə tərcümə edən ilk azərbaycanlıdır
Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi. O, 2012-ci ilin avqustun 31-də Azərbaycana ekstradisiya olundu. Sentyabrın 1-də isə prezidentin sərəncamı ilə əfv olunaraq azadlığa buraxıldı.