Qışın gəlişi ilə soyuqdəymə, qrip, zökəm kimi infeksion xəstəliklərə yoluxma halları bir qayda olaraq artır. İlk baxışdan yüngül görünən bu xəstəliklər bəzən ağır fəsadlar yaradır. Həkim terapevt Eldar Hətəmzadə APA TV-yə müsahibəsində son günlərdə kəskin respiratur virus infeksiyaları ilə həkimə müraciət edənlərin sayının artdığını deyib: "Əsas xəstəliklər bunlardır. Bronxid, pnevmaniya onlar bu saat hal-hazırda birinci yerdə durur. Havaların birdən dəyişməsiylə ürək xəstələrinin də narahatlığı artıb".
Onun sözlərinə görə, qış aylarında bu cür xəstəliklərin artmasının əsas səbəbi orqanizmin mikroblara, viruslara qarşı müqavimətinin azalmasıdır. Buna görə də vitaminli qidalar qəbul edilməlidir: "Qidalanmanı düz etmirik. Vitaminin çatışmazlığı immunitetimizi aşağı salır".
Bu həkim məsləhəti idi amma bununla bağlı kulinar məsləhəti də maraqlı olar. Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov isə deyir ki, vitamin çatışmazlığı özünü əsasən, fevralın axırında bildirəcək. Bu müddətdə bədəndə olan vitaminlər, mineral maddələr tükənir.
Tahir Əmiraslanov deyir ki, sərt qışda bədəni qüvvətləndirəcək qidalar daha çox qəbul olunmalıdır, xüsusilə də, sulu xörəklərə önəm verilməlidir: "Ət xörəkləri, yağlı xörəklər və xəmir xörəkləri qəbul etmək lazımdır. Bunlar bədənə enerji verən, orqanizmi güclü saxlayan, soyuğa müqaviməti artıran yeməklərdir".
Tahir Əmiraslanov müxtəlif bitki çaylarının faydasından da danışıb. Bildirib ki, bu çaylar immuniteti artırır: "Yayda da, qışda da çay içəndə şəkərdən istifadəyə diqqət olunmalıdır. Bal, bəkməz, meyvə qurularını süfrədə həmişə saxlamaq lazımdır. Meyvə şirələrindən istifadənin, narın, qırmızı "qızıl Əhmədi" almasının, heyvanın vaxtıdır. Qışda "C" vitaminin çoxalması üçün kələm çox önəmli məhsuldur. Yeməklərdə kələmdən istifadə etmək lazımdır".
Tahir Əmiraslanov bildirib ki, vaxtı ilə Azərbaycanda qoyun ətinə üstünlük verilib. Sağlam adamlar üçün qoyun əti daha xeyirlidir. Ancaq buna paralel olaraq, digər quş və heyvan ətlərindən istifadə etmək vacibdir: "İndi qışda çəpişin yeməli vaxtıdır. Qışda ov quşlarının əti, qazın, ördəyin, hinduşkanın yeyilmək vaxtıdır".
Milli kulinar deyir ki, əvvələr insanlar nə qədər yesələr də kökəlmirdilər. Ancaq indi insanlar arasında artıq çəki problemi daha geniş yayılıb. Yağ və ətin isə buna heç bir aidiyyatı yoxdur: "İnsanları kökəldən yağ, piy, ət deyil. İnsanları kökəldən mağazalardan alıb yediyiniz kolbasalar, çipsilər, tezbişən hazır yeməklər, ayaqüstü yeməklər və enerji tutumlu içkilərdir. Ağ şəkərə, ağ una meyillilik var. Bunlar insanı kökəldir".
Tahir Əmiraslanov əlavə edib ki, bu məhsulları qida rasionundan çıxardıqları halda artıq çəki problemi ilə qarşılaşmayacaqlar. Qarşıda bizi sərt qış gözləyir. Vitaminlərin az olduğu bu dönəmdə yaxşı qidalanaq ki, sağlam olaq.