Tovuz rayonundakı “N” saylı hərbi hissədə Ramazan bayramı münasibəti ilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Bolu Bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti və TUSİAB - rəsmiləri hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüblər. Əsgər və hərbiçiləri təbrik edən millət vəkili Qənirə Paşayeva bayramı ön cəbhədə qeyd etdiklərinə görə, Türkiyədən gəlmiş qonaqlara da öz təşəkkürünü bildirib. Sonra Azərbaycan və Türkiyənin ümummilli lider Heydər Əliyevin dediyi kimi “bir millət iki dövlət” olduğunu vurğulayaraq Türkiyədəki və bütün dünyadakı bacı-qardaşlarımızın da bayramını təbrik edib:
“Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz suveren hüququndan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, Türkiyədən gəlmiş qardaş-bacılarımızla gələn Ramazan bayramını Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək. Bilirəm ki, bu bütün əsgər və hərbiçilərimizin, bütün xalqımızın arzusudur. Mən sizə və hamımıza bu arzuya çatmağı və bu istiqamətdə hər kəsə öz yerində daha çox çalışmağı diləyirəm”.
Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaz hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu qeyd edərək bütün əsgər və hərbiçiləri Ramazan bayramı münasibəti ilə təbrik edib.
Qeyd edək ki, tədbirin sonunda hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib. Daha sonra əməkdar Artisti Elza Seyidcahan konsert proqramı ilə çıxış edib.