Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Qadın Simpoziumunda iştirak edib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili dünyada oxumaq və yazmaq bilməyən 800 milyon insanın 3/4 hissəsini qadınların təşkil etdiyini deyib və əlavə edib ki, bu, müasir dünyanın ən böyük utanclarından biridir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir. Savadlı cəmiyyət savadlı anadan başlayır”.
Q. Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın geniş yayıldığı cəmiyyətdə insan haqlarının qorunmasından danışmaq mümkünsüzdür. “Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların, zorakılıq qurbanlarının sayı artır. Məsələn, insan alveri qurbanlarının sayının getdikcə daha da çoxalması bizi ciddi narahat etməlidir. Çünki onların əksəriyyətini qadınlar təşkil edir və bu qadınlar zorakılığın qurbanıdırlar. Bundan başqa bu gün qadınlara qarşı zorakılığın daha geniş yayılmış forması olan qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır” - deyə, millət vəkili əlavə edib.