Qəbul və buraxılış imtahanlarında YENİLİK
01 iyun 2015 12:28 (UTC +04:00)

Qəbul və buraxılış imtahanlarında YENİLİK

 

"Bu ildən başlayaraq imtahanlarda istifadə ediləcək bütün sual kitabçaları unikal olacaq. Hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq. Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub".

 

Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.  Onun sözlərinə görə, bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir: "Gələcəkdə hər bir auditoriyada 24 şagird imtahan verəcəksə, 24 variantlı kitabça çap edə biləcəyik. Çünki hər bir kitabça hər uşağa aid variantda ola bilər. Yeni kitabçada hər şagirdin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu, ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək".  TQDK sədri bildirib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tərbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub".  M. Abbaszadə sözlərinə görə, ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçilsin: "Bu ilki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçanın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarını xeyli azaldıb. Misal olaraq, bu il üçün əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Fərizə Əhmədova

Oxşar yazılar