Uşaqları qanunsuz işlədənlərin <span style="color:red;">NƏZƏRİNƏ : <span style="color:red;">cəzası ağırdı  - <span style="color:red;">MÜSAHİBƏ
14 iyul 2019 17:24 (UTC +04:00)

Uşaqları qanunsuz işlədənlərin NƏZƏRİNƏ: cəzası ağırdı - MÜSAHİBƏ

Gün ərzində, xüsusən də yay aylarında müxtəlif işlərdə çalışan uşaqlarla tez-tez qarşılaşırıq. Onlarla istənilən yerlərdə (parklarda, yol kənarlarında və b.) qarğıdalı, şabalıd, tum, dondurma, kvas içkisi və s. satışı ilə məşğul olarkən rastlaşırıq. Həmçinin uşaqlar arasında avtobuslarda sürücü köməkçisi kimi, bazarlarda alınanları daşımaq üçün işləyənlər də var. 

 

Bu cür işlərdə daha çox oğlanlarlın çalışdığı ilə qarşılaşsaq da, qızların da əməklərindən müxtəlif formalarda istifadə edilə bilir. Məsələn, paytaxtda, eləcə də digər şəhər və rayonlarda geyim satışı və kirayəsi ilə məşğul olanlar, evlərə təmizlik üçün gedənlər, habelə heyvanlara qulluq üçün valideynləri tərəfindən işlə göndərilən qızlar mövcuddur. Bir sözlə uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir.

 

Lent.az mövzunun aktuallığını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat katibi Aynur Osmanqızı ilə söhbət edib. Həmin müsahibəni təqdim edirik:

 

- Aynur xanım, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə zamanı hansı şərtlərə əməl edilməlidir?

 

- Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir fiziki şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. 

On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. 

 

Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.

 

Həmçinin yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.

 

- Bəs həmin işçilər üçün hansı təminatlar nəzərdə tutulmalıdır?

 

- Əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur və işəgötürənin qeyd olunan təminatlara əməl etməsi məcburidir.

 

Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır. 

 

Əlavə edim ki, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Qısaldılmış iş vaxtının müddəti isə həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.

 

- Maraqlıdır, ölkədə uşaqların hansı işlərdə işləməsi qanunla qadağandır?

 

- Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Həmçinin icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

 

Qeyd edim ki, yaşı 18-dən az olan kişi işçilərin başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması, qadın işçilərin isə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması, bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması, 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması qadağandır.

Eyni zamanda yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.

 

- Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində hansısa güzəştlər varmı?

 

- 18 yaşına çatmamış işçilərin Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.

Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, bu Məcəllənin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir.

 

- Bəs, uşaqların qanunsuz olaraq işlədilməsi faktı aşkarlananda hansı tədbirlər görülür?

 

- İnzibati Xətalar Məcəlləsinin 192.8 maddəsinə əsasən,  işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə,  vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 192.9-cu maddəsində isə qeyd edilib ki, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

 

QEYD: Lent.az-da qanunsuz uşaq əməyi mövzusu davam ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar