Psixoloqsuz ölkədə atalar necə ölür?
07 sentyabr 2016 10:07 (UTC +04:00)

Psixoloqsuz ölkədə atalar necə ölür?

 

Bu günlərdə Yardımlıda oğul atasını dini baxışlarına görə qətlə yetirdi. Hadisəyə müxtəlif istiqamətlərdən; dini, hüquqi, siyasi, ictimai, psixoloji və s. prizmalardan   reaksiyalar oldu, hərə öz ölçü meyarında baş verən hadisəni təhlil elədi.

 

Bütün hallarda  baş verən hadisəyə ən başlıca səbəb psixoloji çatışmazlıq, daha doğrusu, cəmiyyətimizdə psixoloq fəaliyyətinin  yetərincə olmamağıdır. Baş verən intiharlar, boşanmalar, qətllər -  hamısı psoxoloji təhsilin və  xidmətin yetərincə olmamağı üzündən baş verir.

 

Biz ən çox maddi detallara üstünlük veririk. Əgər bir xəstəyə iynə vurulubsa, onun sağalmaq şansı daha çoxdur. Çünki o, iynəyə  pul verib. Hətta burda həkimə zəhmət haqqı kimi verilən pulun və ya iynənin bahalığının  da rolu ola bilər. Xəstə bununla təskinlik  tapır.

 

Amma  xəstə  deyilən sözə, psixoloji xidmətə inanmır, qəbul etmir. Burda iki səbəb ola bilər. Birincisi, indiyə kimi  olan psixiloji xidmət  xəstələri inandıra bilməyib, peşəkar olmayıb. İkincisi, xəstələr  sözlə sağalmaq ümidlərini  reallaşdıra bilmirlər. Bu, indinin işi deyil, təlim-təhsilin aşağı səviyyədə  olmağı  psixoloji problemləri daha da  dərinləşdirib.

 

Dini radikalizm  gənclər arasında daha geniş yayılıb. Dəfələrlə mən gənclər arasında  bu cür mübahisələrə düşmüşəm. Təcrübəm, psixoloji biliyim  köməyimə çatıb. Belə mübahisələrdə  kimisə həmin anda başa salmaq istəyi yersizdir. Bunun üçün vaxt lazımdır. Bax, bizim o vaxta  hövsələmiz çatmayanda və ya o vaxta dəyər  verməyəndə qətl hadisəsi baş verir.

 

Dini radikallıq  da psixoloji problemdir. Müəyyən adamlar  nisbətən əsəbləri  zəif olanları öz tərəflərinə çəkə bilirlər, onlardan məharətlə  öz məqsədləri üçün istifadə  edirlər.

 

Oğul dini bir  təşkilata qoşulubsa, onu bu yoldan çəkindirməyə gecikən ata çətin vəziyyətə düşür. Bəs ata neyləsin? Hanı psixoloji xidmət, onun köməyinə niyə  çatmır?  Hanı orta məktəbin, hərbi hissənin, işlədiyi təşkilatın psixoloqu, niyə vaxtında o oğlanın hisslərini formalaşdırmayıb? İndi gedib  araşdırsalar, həmin oğlanın  şəxsi işinə psixoloqlar müşahidə etdikəri   heç bir radikal hərəkəti qeyd etməyib. O dəftər  indi ağappaqdır. Həmin o ağlıqda atanın ölümü gizlənib.

 

Ata da səhv edir.  Ata  elə bilir ki, oğlunu dünənki  kimi danlaya bilər, hətta əmr edə bilər ki, get, bu saat saqqalını  kəs. Ata unudur ki, oğlu həm də sosial varlıqdır, onun şəxsiyyətinə bu qədər toxunmaq olmaz.

 

Atanın  tələskənliyi, səbrsizliyi, psixoloji xidmətin yoxluğu  onun  həyatına bir an içində nöqtə qoyur.

 

Ata ilk əvvəldən oğlunu izləməli, müşahidə etməli və onu tanımalıydı. Təəssüf ki, bəzi valideyinlər uşaqlarını bioloji cəhətdən tanıyır, amma onu sosial varlıq kimi tanımağa, öyrənməyə səy göstərmirlər və nəticədə geniş psixoloji qarşıdurma yaranır.

Əgər dini baxışlarına görə oğul atanı  öldürürsə, demək din azad deyil, onun içində qandalları var. Dinin  təlim-tərbiyəsi, tədrisi, tədqiqi, öyrənilməsi ölkəmizdə yetərincə deyil. Dindəki humanizm, bərabərlik, hörmət və ehtiram  insanlar arasında geniş təbliğ edilməyib.

 

Eyni zamanda cəmiyyətimizdə psixoloji xidmətin olmamağı  həyatımıza böyük zərbələr vurur. Dini radikalizmi bütün idarə və müəsissələrin, qeyri hökümət taşkilatların, aidiyyatı qurumların, orta və ali məktəblərin, mətbuatın  səyi nəticəsində psixoloqlar aradan qaldıra  bilər. Hanı, belə bir psixoloji hərakat başlayıbmı? Axı atalar ölür...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar