Prezident Administrasiyası “Wikipedia” ilə bağlı AMEA-ya məktub göndərib
15 yanvar 2014 16:58 (UTC +04:00)

Prezident Administrasiyası “Wikipedia” ilə bağlı AMEA-ya məktub göndərib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında “Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin qorunması və inkişafında alimlərin vəzifələri məsələsi müzakirə edilib. Lent.az-ın xəbərinə görə, iclasda AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, ölkəyə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlərin görülməsi, tarixi həqiqətlər nailiyyətlər və görkəmli şəxsiyyətlər ilə bağlı dolğun məlumatların yerləşdirilməsinin həlli vacib olan məsələlərdəndir. Onun sözlərinə görə, xalqın milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatlar bu virtual ensiklopediyada yetərincə yerləşdirilməyib. Belə bir vəziyyət alimlərin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ və dolğun informasiyanın daxil edilməsinə ehtiyac yaradıb: “Prezident Administrasiyasından Rəyasət Heyətinə ünvanlanmış 17 dekabr 2013-cü il tarixli məktubda “Wikipedia” virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanır, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilir. Bununla belə məktubda qeyd olunur ki, Azərbaycan “Wikipedia”da lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil. Məktubda AMEA-nın müvafiq institutlarında “Wikipedia” üzrə xüsusi qrupların yaradılmasının zəruriliyi ifadə olunur, bu qrupların fəaliyyət istiqamətləri müəyyən edilir. Göstərilən istiqamətdə işlərin nəticələri ilə bağlı iki ay müddətində Prezident Administrasiyasına məlumat vermək xahiş olunur”.

İclasda qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirak etsinlər. Qərara əsasən, elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qruplar təşkil olunacaq.  Həmçinin elmi müəssisə və təşkilat əməkdaşlarının “Wikipedia” layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri olan biliklərə dair təlim kursları təşkil olunacaq. Qərarda vikimetrik araşdırmalara, mövcud problemlərin həllinə diqqəti artırmaq, elmi konfrans və seminarlar təşkil etmək, viki-mühitdə Azərbaycanla bağlı kontentin vəziyyətinə dair fasiləsiz və operativ monitorinqlər keçirmək də tapşırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar