Məleykə Abbaszadə orta məktəblərdə qiymət şişirdilməsindən danışdı - YENİLƏNİB
28 yanvar 2014 16:41 (UTC +04:00)

Məleykə Abbaszadə orta məktəblərdə qiymət şişirdilməsindən danışdı - YENİLƏNİB

Orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 42.26 faizi attestat qiymətlərini doğrulda bilib

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlərin fənlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi aparılıb. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib kİ, müqayisə zamanı ümumi təhsil müəssisələrində nisbətən obyektiv qiymətləndirmənin ana dili, biologiya və riyaziyyat fənləri üzrə aparıldığı məlum olub. Fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da analoji nəticə göstəriblər. Belə ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə 88-99 faizi 0-40 intervalında nisbi bal toplayıb. Deməli, ümumtəhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur: “Ancaq, təəssüflər olsun ki, “əla” ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, xarici dil (I, II,III qruplar), Azərbaycan tarixi (II qrup) fənləri üzrə qiymətləndirmədə özünü daha qabarıq göstərir. Xarici dil (I qrup) fənnindən əlaçı abituriyentlərin 30.96 %-nin, Azərbaycan tarixi (II qrup) fənnindən 28.91 %-nin və xarici dil (II, III qruplar üzrə) fənnindən isə 26.66 %-nin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Coğrafiya və Azərbaycan tarixi (II qrup) fənləri üzrə müvafiq olaraq yalnız 7.5% və 9.73% əlaçı abituriyentlər 80-100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Zəif nəticə göstərən əlaçıların sayının çox olması kənd rayonlarında bu fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, burada təhlil olunan göstəricilər qiymətləndirmənin ümumilikdə respublika üzrə vəziyyətini ifadə edir. Lakin hər bir bölgənin fərqli göstəriciləri də ola bilər. Biz, sadəcə, bu sahədə problemlərin olduğunu və onun təhlil edilərək aydınlaşdırıla bilinməsi imkanlarını göstərdik. Bu baxımdan hər bir bölgə müvafiq qaydada nəticələrini təhlil edib mövcud problemlərini üzə çıxara və onların həll olunması üçün tədbirlər görə bilər. Bölgələrdə bu işin hətta müəllimlər səviyyəsində də təhlil edilməsi mümkündür”.

 

TQDK sədri onu da vurğulayıb ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.47 %-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 42.26 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir: “Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alına bilər. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər faktorlarla yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar