Hər bir insan öz sosial imkanları ilə dünyaya gələndə valideynlər onun ağıllı olmağını arzu edirlər. Təcrübə və müşahidələr göstərir ki, insan nə qədər ağıllı olsa da, əsas məsələ həmin ağıldan nə dərəcədə faydalana bilməsidir. Özünə, yaxınlarına, dövlətə, xalqa verdiyi faydaya görə insan cəmiyyətdə dəyərləndirilir. Ağıllı insan haqqında bəşər tarixində həmişə araşdırmalar aparılmış, müvafiq dəyərli fikirlər söylənilmişdir. Xoşbəxt o insandır ki, müdrikliyin zirvəsinə yüksələ bilir. Buna yalnız ağılın kamilliyi ilə nail olmaq mümkündür. Mövzunu bu istiqamətdə çox genişləndirmək olar. Əsas məqsədimiz xalqımızın dəyərli övladlarını, elm adamlarını müdriklik zirvəsində olmasını diqqətə çatdırmaqdan ibarətdir.
Şirəli Ağali oğlu Əhədov 18 iyul 1955–ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində anadan olmuşdur. Doğma kəndində natamam orta təhsilini başa vurduqdan sonra təhsilini yaxınlıqdakı Musaküçə kənd orta məktəbində davam etdirir. Dəqiq fənlərə xüsusi marağı olan bu məktəblinin fizika fənnindən üç il ardıcıl respublika olimpiadasının iştirakçısı və qalibi kimi uğurlar qazanması onun müəllimlərinin və valideynlərinin hədsiz sevincinə səbəb olmuşdur. Şirəli Əhədovun zəhmətə bağlılığı və çalışqanlığı onu 1972–ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək indiki Pedaqoji Universitetin Fizika fakültəsinə yüksək göstəricilərlə qəbul edilməsinə səbəb oldu. Həmin illər fizika fənni üzrə ümumtəhsil məktəblərində müəllimlərə çox böyük ehtiyac var idi . Ali məktəbdə tələbə həyatını böyük coşqu ilə qarşılayan bu gəncin ən böyük amalı institutda yüksək səviyyədə elmi–pedaqoji biliklər qazanmaq, gələcəkdə elmi–tədqiqat işləri aparmaq idi. Fakültəyə rəhbərlik edən alimlər (Əlisa Əhmədov, Ələkbər Kərimov) və eləcə də gənc Şirəliyə dərs deyən professor və müəllim heyəti onun fəal tələbə olması ilə yanaşı, gözəl təşkilatçılıq qabiliyyətinə malik olduğunu müşahidə edirlər. Nümayiş etdirdiyi davranışı və mənəvi keyfiyyətinə görə onu hər il fakültə üzrə tələbə inşaat dəstələrinə rəhbər təyin edirlər.
Respublika rəhbərliyinin rəsmi təqdimatı əsasında 1976–cı ildə (institutu bitirən ili) o, “əməkdə və təhsildə əldə etdiyi xüsusi nailiyyətlərinə görə ” SSRİ Ali Sovetinin Fərmanı ilə “Şərəf nişanı” Ordeni ilə təltif olunur. Belə bir şərəfli təltifə layiq görülməklə o, ittifaq miqyasında tanınır və müdrikliyə gedən yolun böyük və ləyaqətli ilk vəsiqəsini qazanır. Bu hadisə institutda onun tələbə dostları ilə yanaşı, müəllimi, görkəmli alim, akademik Sədi İmanovu, diplom rəhbəri, hazırda professor kimi fəaliyyət göstərən, gənc yaşlarında Fransada SSRİ–ni təmsil edən tədqiqatçı alim Vaqif Nəsirovu çox sevindirir.
Azərbaycan LKGİ MK–da tələbə inşaat dəstələri şöbəsində zona komissarı vəzifəsində çalışmağa başlayan Şirəli Əhədov ailə vəziyyəti ilə əlaqədar iş yerini bir vaxtlar təhsil aldığı Musaküçə tam orta məktəbinə ixtisası üzrə fizika müəllimi kimi dəyişdirir. Həmin vaxtda təhsil aldığı institutun Elmi Şuranın qərarı ilə onun institutda saxlanılmasına özünün razılığının olmaması da ailə vəziyyəti ilə bağlı olmuşdur.
İllər keçdikcə Şirəli müəllim pedaqoji fəaliyyətini daim təşkilatçılığı ilə vəhdətdə qurmağa çalışır. Məhz bu səbəbdən rayon rəhbərliyi onu çalışdığı məktəbdə təşkilat işləri üzrə direktor müavini təyin edir. 1985–ci ildə şəxsi keyfiyyətlərinə, bilik və bacarığına görə Şirəli müəllim RTŞ –nin metodisti, 1986–cı ildə inspektor, 1990–cı ildə rayonun bir nömrəli məktəbində direktor vəzifəsində fəaliyyət göstərir. 1991–ci ildə Şirəli müəllim Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhərinin ərazi nümayəndəsi və 1992–ci ildə Rayon Təhsil Şöbəsinin müdiri təyin olunur.
Artıq müdrikliyə yüksələn yolu uğurla addımlayan Şirəli müəllim Masallı şəhərində təhsilinin inkişafında qazanmış olduğu zəngin təcrübəni daha geniş miqyasda tətbiq etməyə başlayır. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, onun kənd mühitində fəaliyyəti elmə olan marağını azalda bilmir. 1989-cu ildə molekulyar fizikanın orta məktəbdə dərindən öyrədilməsinin didaktik məsələlərinin müəyyənləşdirilməsi ilə bağlı apardığı tədqiqat işini müvəffəqiyyətlə müdafiə edir.
30 iyul 2000–ci ildə Şirəli Əhədov Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı təyin olunur. Bu təyinat Şirəli Əhədovun müdrikliyin zirvəsində olduğunun təsdiqi idi. Açıq etiraf olunmalıdır ki, doğma rayonunda icra başçısı olmaq, 180 min əhalinin bütün sosial-iqtisadi problemlərinin həllinə cavabdehlik etmək səlahiyyətlərinə malik olmaq səadəti hər kəsə qismət olmur. Vəzifə, səlahiyyət əbədi deyil, etimad, onu doğrultmaq isə böyük iradə, sədaqət, saflıq, düzlük, doğruçuluq tələb edir.
2003–cü ilin dekabrında Şirəli müəllim Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi İdarəetmə Orqanları ilə iş Şöbəsinə məsul işçi kimi irəli çəkilir. Aparılan xronoloji təhlildən bir daha aydın olur ki, özünün əmək fəaliyyətində mərhələ-mərhələ yüksəlişə nail olan Şirəli Əhədovun xidmətləri unikaldır. Onun qismətində müdriklik zirvəsini fəth etmək varmış. O, buna nail ola bildi.
Bütün uğurlara görə müəllimlik peşəsinə minnətdar olduğunu bildirən Şirəli müəllim 2006–cı ildən Bakı şəhəri 233 nömrəli tam orta məktəbin direktorudur. 1500 şagirdin təlim–tərbiyəsinə rəhbərlik edən, 120 müəllimin məqsədyönlü fəaliyyətinin günün tələbləri səviyyəsində qurmağa yorulmadan əməyini sərf edən Şirəli müəllim ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin layiqincə həllinə əzmlə çalışır. Rəhbərlik etdiyi beynəlmiləl məktəbin pedaqoji kollektivinin son illər qazanmış olduqları yeni təlim-tərbiyə nailiyyətləri fikrimi bir daha təsdiqləyir.
Ulu Tanrı Şirəli müəllimin ən istəkli arzusu olan ailə, övlad, və nəvə xoşbəxtliyini qismət etmişdir.
Nə qədər desək ki, 80 il, 100 il ömür sürək, bunlar əslində bir əsim küləkdir. İnsan ömrü onun qazanmış olduğu əməli ilə şərtlənir.
Bu gün Şirəli müəllim 60 illik ömrünü qarşılamaqla əslində müdriklik həyatını yaşayır. Müdrik insan ağıl vermir, doğru–düzgün yol göstərir. Respublika elmi ictimaiyyəti, təhsil işçiləri tərəfindən tanınan, gözəl ziyalı, istedadlı alim, təcrübəli pedaqoq Şirəli müəllimi ömrünün 60 illiyi münasibəti ilə onu tanıyan və sevən bütün insanlar adından təbrik edirik! Ona bu sətirlərin müəllifləri kimi səmimi məhəbbətimizi və ehtiramımızı bildiririk.
Mircəfər Həsənov,
professor, əməkdar müəllim
Şahrza Ağayev,
dosent, qabaqcıl təhsil işçisi