Kredit faciəsi
02 dekabr 2014 10:59 (UTC +04:00)

Kredit faciəsi

Kimi gördüm, ancaq kreditdə gördüm…  Son vaxtlar  beyt misrasına bənzəyən bu deyim imkan vermir ki, iş otağımın açarını cibimdə tapa bilim… Maşın kredit, torpaq kredit, ev kredit, telefon kredit, kontur kredit, baxırsan hər yan kredit.

...Bu yaxınlarda avtobusla evə gəlirdim, bir  bahalı JEP sürətlə  yolumuzu kəsdi, sürücü düşüb bizim sürücüyə bir kəllə atdı. Ki, niyə məni “avqom” eləmisən.  Avtobusun sürücüsünü JEP-in sürücünün əlindən güclə aldıq. Bu da o zaman oldu ki, qoca bir sərnişin JEP-in sürücüsünə dedi ki,  ay bala, allah kredit çıxardanın evini yıxsın. Sən demə JEP kreditdə  imiş. Sürücü başını aşağı salıb utana-utana elə çıxıb getdi ki, bir az da yazığım gəldi ona.

 

Kredit ölkəni götürüb başına.  Faiz də kəllə-çarxda. Krediti olmayan adam tapılmaz. Tapılsa da, onda imkan tapılmaz.

İnsanlar  ehtiyac ucundan faizə fikir vermədən yüksək məbləğlərin altına həvəslə girirlər. Təkcə o anda xoşbəxt olsunlar deyə. Təki qızlarına cehiz ala bilsinlər, təki  övladlarının təhsil haqqını ödəyə bilsinlər. Ani xoşbəxtik nə qədər insanı uçuruma  aparmaqdadır və nəticədə nə qədər insanın əmlakı bank tərəfindən əlindən alınır.

Mənim də kreditim  var, bax burdan, başımdan aşır... Hətta  kredit götürən neçə dostuma zamin durmuşam. Əsas məsələlərdən biri də zamin məsələsidir.  O da qəhətə çıxıb. Kimi aparırsan adını kompüterdə bu başdan vururlar, o başdan çıxır. Yenə ümidsizlik, yenə uzun növbədən sonra məyusluq, yalvarış dolu baxışlar, bir-birinə bənzəyən bank işçilərinin sərt və qəti cavabı. Bu “get-gəllər” dünyasında maaşı az olanlara kredit vermirlər.

 

Yaşlı adamlara da kredit verilmir. Bu, ən böyük hörmətsizlik... Məni ən çox kövrəldən budur. Demək, bu insanlar  kredit yaşını çoxdan keçiblər və kredit xoşbəxtliyindən əbədi azad olunublar. Bax, burda evə kədərli dönüş başlayır... Əgər ömür də kredit verilsəydı , onlar da bir neçə illiyə banklardan  kredit götürə bilərdilər kredit ömrün hesabına.

 

Kreditlə alınan nişan üzüyünün nə xoşbəxtliyi olacaq, əzizim? Bir dostum var, kreditlə aldığı üzüyün haqqını ödəməmiş ayrıldılar. Hələ də kredit ödəyir, amma yanında  qadını yox. Yəqin ki, bir ata da qızının cehiz kreditini  hələ ödəyib qurtarmayıb. O gün bir tanışım doğum evindən təzə doğulmuş körpəsini bankdan götürdüyü kreditlə çıxardıb, kreditlə aldığı maşına  qoyub, kreditə götürdüyü evinə gətirdi. Kreditlə “alınan” körpənin  canında bir kredit hüceyrəsi formalaşır elə bil. Sonra nişan üzüyü, cehiz, maşın, ev və sairələr gələcək.

 

Kredit irsiyyətə keçəcək. Və mən bank qapılarından evlərə çox kədərli dönüənləri görəndə bərk sarsılıram.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar