Fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə oktyabr-31-i və noyabrın 1-də Qətər Dövlətində səfərdə olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində 30 ölkədən 146 nümayəndə heyətinin iştirakı ilə keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olub.
Səfər zamanı həmçinin, nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşmüşdür. Görüş zamanı Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən cari ilin mart ayında Qətər Əmirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafina xüsusi təkan verdiyini vurğulayıb. O, həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinin təşkili ilə bağlı məlumat vermiş, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında mövcud əməkdaşlıq münasibətlərindən geniş bəhs edib.
Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin birgə təşəbbüsü əsasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilib. Bununla əlaqədar hazırki mərhələdə qarşılıqlı maraq doğuran istiqamətlər müəyyən edilərək, yaxın zamanlarda Birgə Komissiyanın ilk iclasının təşkili məqsədəuyğun hesab edilib.