Kamera qapısı, məhbus sırıqlısı, Rəsulzadənin baldızının əl işləri - BAKIDA REPRESSİYA SƏRGİSİ
07 dekabr 2017 14:01 (UTC +04:00)

Kamera qapısı, məhbus sırıqlısı, Rəsulzadənin baldızının əl işləri - BAKIDA REPRESSİYA SƏRGİSİ

Azərbaycan - dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman, hey?
Nərdə böyük Vətən - nərdə Turan, hey!
 
 
Bu sətirlər 1930-cu illər repressiyalarının Azərbaycandan didərgin saldığı görkəmli Azərbaycan şairi Almas İldırımın "Qara dastan" adlı şeirindəndir. Tariximizə qara hərflərlə yazılan 1937-38-ci illərin repressiyaları Azərbaycan xalqının taleyindən qırmızı xətlə keçir. Bu xətti qırmızı edən həmin illərdə günahsız insanların tökülən qanları, "troyka" məhkəmələrinin heç bir sənəd və sübut olmadan düşünən beyinləri gedər-gəlməzə - ölüm cəzasına və sürgün düşərgələrinə göndərməsidir bəlkə də.
 
 
Düz 80 il öncə mütərəqqi düşüncəyə malik bir çox ziyalılarımız, dövlət xadimlərimiz ani verilən qərarla siyasi repressiyaların qurbanına çevrildilər. Bu qərar kimləri əlimizdən almadı ki? Salman Mümtaz, Əhməd Cavad, Seyid Hüseyn, Mikayıl Müşfiq, Hüseyn Cavid və daha kimlər...
 
 
Elə İstiqlal Muzeyində Stalin repressiyalarının 80 illiyi ilə əlaqədar təşkil olunan “Qara dastan - 37” adlı sərgi də həbsxana divarları arasında min bir işgəncə ilə, amansızcasına qətlə yetirilən həmyerlilərimizin xatirəsinə həsr olunub.
 
 
Təşkil olunan sərgidə sənəd və fotoşəkillərlə yanaşı, dustaqların saxlanma kameralarının qapıları da nümayiş olunur. Bu gördüyünüz qapı Stalin repressiyaları zamanı repressiya qurbanlarının müvəqqəti saxlanma kamerasının orijinal qapısıdır.
 
 
SSRİ adlı xalqlar həbsxanası qurmuş bolşevik quldur dəstəsi 1937-1938-ci illərdə Sumbatov, Borşov, Gerasimov, Qriqoryan, Markaryan, Qalstyan, Avanesyan və başqa daşnakların əli ilə xalqımıza divan tutdu. Təxminən 70-80 min Azərbaycan ziyalısı - düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri dövlət adından verilən amansız qərarlarla bir ucdan məhv edildi. Elə sərginin məqsədi də bu repressiyaların mahiyyətini Azərbaycan ictimaiyyətinə, xüsusən gənc nəslə çatdırmaqdır.
 
 
"Ey fələk keçdi zaman dalğa gibi, Elə bir dalğa ki, qorxunc, əsəbi". Sərgidə bu il 135 illiyi qeyd edilən, repressiya qurbanı olan görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən guşə də yaradılıb.
 
 
Muzeyin əməkdaşı Sədi Mirseyiblinin sözlərinə görə, sərgi boyunca DTX-nin arxivində saxlanılan istintaq materiallarından ibarət sənəd nümunələri, eyni zamanda repressiya olunmuş şəxslərin şəxsi əşyaları, ümumilikdə 100-dən artıq sənəd nümayiş olunur.
 
 
Bu gördüyünüz eksponat repressiya qurbanlarının soyuqdan qorunmaq üçün geyindikləri "teleqreyka"dır. Sərgidə həmçinin dustaqların dindirilməsi keçirilən müstəntiqin otağı da nümayiş olunur.
 
 
Sərgidə repressiya olunan ilk Azərbaycan qadını, "xalq düşməni" Seyid Hüseynin həyat yoldaşı və Məhəmməd Əmin Rəsulzadənin baldızı Umgülsüm Sadıqzadənin şəxsi əşyaları da nümayiş olunur. Nəvəsi Gülər Hüseynzadə sərgidə nənəsinin əl işlərinin nümayiş olunduğunu deyib: "Babamdan heç nə qalmayıb, çünki o, elə həbsxanada güllələnib. Amma nənəm 8 il sürgündə olub, çox pis şəraitdə yaşayıb. Bununla belə, o, evdəkilərə əl işlərini göndərməyə vaxt tapırdı. 4 araqçın, oğlanları üçün qalstuk, bu isə qızı üçün köynəkdir, bir də paltar onun əl işləridir. Onlar üçün göndərirdi".
 
 
Stalin repressiyaları Tufan Axundovun da nəslindən yan keçməyib: "Bu proses tək mənim ailəmin deyil, bütün Azərbaycanın məsələsidir. Evdə nə var idi, çalışdım gətirim muzeyə verim. Burda mənim ata babamın, ana babamın sənədləri var. Burda vitrində ana babamın - onu Solovkiyə göndərmişdilər - papağı var. Rəhmətə gedəndə özünün düzəltdiyi taxta mücrü vardı, onunla həbsxanada olan kimsə üstünə "Heybət Kələntərli" yazıb".
 
 
Qeyd edək ki, noyabrın 23-də açılan “Qara dastan - 37” sərgisi gələn ilin yanvar ayına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

APA TV

Oxşar yazılar