İslam oyunları ilə bağlı “Azərişiq”da mərkəzi qərargah yaradılıb
04 aprel 2017 10:00 (UTC +04:00)

İslam oyunları ilə bağlı “Azərişiq”da mərkəzi qərargah yaradılıb

 

12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir.

 

Qurumdan Lent.az-a verilən məlumata görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev tərəfindən imzalanan müvafiq əmr və sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

 

Bundan başqa, İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC-nin sədrinin əmrinə əsasən yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin aprel ayında təkrar treninqlərə cəlb olunması təmin edilib.

 

Əmrə əsasən idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar